Ahmet Kayaya qulaq asıb heç kim olmaq

Ahmet Kayaya qulaq asıb heç kim olmaq
16 may 2024
# 12:00

Kulis.az Rəvan Cavidin "Yenə yenidən" yazısını təqdim edir.

Bir nəfər şəhərə gəlir, ya da bir nəfər şəhərdən gedir. Beləcə, bütün hekayələr kiminsə ayrılığı, kiminsə də vüsalı ilə başlayır. Zamanın ələdiyi adamlar kimi şəhərlər də, ümid edib təkrar görmək istədiyin adamlar kimi təkrar keçmək istədiyin küçələr də olur. İndi aid olduğum şəhəri xatırlamağa çalışırdım.

Həmin o kafenin ünvanını yaddaşımın səliqəsiz qırışlarının içində itirmişdim, tapa bilmədim... Tapsaydım, ilk oradan başlayacaqdım bu məşum, məsum və məşhur şəhərin xatirələrindən danışmağa.

İyirmi bir ay uzun zamandır dünyalı üçün. Amma... mən də, elə sən də dünyaya üz çevirib gedəli uzun zamandır. Amma... mən də, sən də öz içimizdə çox şeyi itirdik, axtardıq, tapa bilmədik və taleyin gülərüz ağrılarına baş əydik geridə qalan altı yüz qırx gündə.

Amma... mən də, sən də üzümüzü duzlu su ilə yuduq ki, göz yaşlarımızın tamını hiss edəndə, özümüzü aldatmağa bəhanəmiz olsun.

Vaxt elə keçdi, elə bil, asfalt üstündən bir yarış maşını təkərlərinin səsini arxasınca sürüyə-sürüyə saniyələr içində göründü, yox oldu. Necə ki biz... (!) bu gün varıq, sabah yox, sabah varıq, bəlkə də bu gün yox, dünən yox...(?)

Gəncliyimin hələ uşaqlıqdan ayılmayan vaxtları sənin darısqal küçələrin mənim yarı şıltaq, yarı müdrik, yarı sərxoş, yarı ayıq, yarı bəxtəvər, yarı bədbəxt hallarıma çox şahid olub. İndi o küçələrdə ümmət ortaqlarımız, qərbli dostlarımız və şərqli qohumlarımız ədəb-ərkanla yolları da, hasarları da mənasız sükut ilə yorur. Biz (mən və tale yoldaşlarım) isə ədəbsizcə ayaqlarımız bir-birinə dolaşa-dolaşa taa... o başdan taa... bu başa piyada gəzib ədəbiyyatdan danışdıq, danışıb öyrəndik, öyrənib böyüdük, böyüyüb peşman olduq.

Dostlarımla ağır günlərin pəncəsindən qurtulub ağrılı günlərin tələsinə düşürdük. Bir təhər oradan da canımızı qurtarıb bu başgicəlləndirici sənətin (yazmağı nəzərdə tutmaq istəyirəm) quyusuna yıxılırdıq.

Bizi hər dəfə iplə dartıb çıxarmaq istəyirdilər, gücləri çatmırdı, sonra yolun ortasında ipi kəsirdilər. İndi bu ilk cümləsindən son cümləsinədək sentimentallıq qoxuyan mesajı o quyudan yazıram, əzizim.

"Akademiya parkı"ndan Nizami küçəsinədək qulaqlarımda 2000-lərin məşhur türk rok qruplarının üsyan edən mahnıları, əlimdə o vaxtlar qiyməti elə də baha olmayan (indi çox baha olan, amma tapılmayan) "Camel" siqareti, ayaqlarımda gəncliyin taqəti, alnımda hər güzgüyə baxanda diqqət edib oxuya bilmədiyim yazı, gözlərimdə də küləyin saçlarıma üfürdüyü (evə çatıb yata bilsəm, səhər oyanıb saçlarımı darayanda o ümidlərin hamısı köynəyimə tökülürdü, mən də elə bilirdim, kəpəkdi) ümidlər ilə piyada gedirdim.

Gedib "1984" pabda Ahmet Kayanın (mahnı deməyə dilim gəlməz) əsərlərini ucadan oxuya-oxuya pivə içib gah solçu olurdum, gah bitərəf, gah da heç kim olub masadan qalxırdım. Qalxıb qayıdırdım özümə. Özümə qayıdıb hamıdan gedirdim və sair.

Necə yalnızsan, necə yalqızam. Necə balacasan, necə heç kiməm. Nə qədər sənin gözdən iraq küçələrinə qaçsam da, yenə tanış kimisə tapıram. Yenə kimsə məni keçmişin labirintinə atır. Axı mən uşaqlıqdan oyun oynamağı sevməmişəm. Gələn-gedənin hissləri ilə oynamaq indi necə belə asan olmuşdu mənim üçün. Mən başqa bir xırda, liman şəhərinin qonağı olanda da dostlarımı, ədəbiyyat söhbətlərini, sevgililərimi və əlbəttə, səni - küçələrini, kafelərini (ən çox da o unutduğum kafeni), pablarını, underground gecələrini, səbirsiz küləklərini, dəniz boyda gölünü, göl boyda gölməçələrini, o vaxt tək-tük, ordan-burdan baş qaldıran (indi köhnə sakinlər olan sovet tikililərini ayaqları altına alan) şüşəli hündür binalarını, makiyajı bol parklarını, insan artıqlığından əziyyət çəkən AVM-lərini, söhbətə doymayan taksi şoferlərini, tələsib həmişə gecikən, nömrələrini doğum tariximiz kimi əzbər bildiyimiz avtobusları, marketləri, supermarketləri, xırda köşkləri, heç vaxt satılmayan, satılsa da oxunulmayıb başqa məqsədlər üçün istifadə edilən qəzetlərin günün ikinci yarısına qədər qalıb saraldığı köşkləri, adamları, adamları və yenə adamları tez-tez yadıma salırdım (metrolar yadımdan çıxdı... hər dəfə belə olur).

Axır ki, gəlib çıxdım. Çox dəyişmisən, bilirəm, mən də. Əvvəllər sənin ümidin xoşbəxtliyindən çox idi, indi heç ümidin də qalmayıb, deyəsən.

Nə günlər gördük. Karantin, müharibə, yenə karantin, cəbhədən şəhid xəbərləri, iqtisadi, sosial böhranlar, bayramlar, toylar, yaslar... Bunları səndən daha ağır keçirdim. İndi təzə, amma danışmağa yoldaş tapmadığım hekayələrlə gəlmişəm. Hələ təzəyəm sənin bu təzə küçələrində, onlara da öyrəşəcəm.

Yenə addım-addım ölçəcəyəm İçərişəhərin darısqal, doğmadan da doğma, pişikləri adamlarından çox olan küçələrini. Yenə məscid minarələrindən eşitdiyim azan səsini (çox gec-gec eşitsəm də) bir masada bohem həyatın alatoran nişanəsi olan bakalların səsinə qarışdırıb özümü atacam tanımadığım adamların səmimi görünən söhbətlərinə. Sonra xırda zalı olan, kitablarla bəzənmiş isti kafelərindən birində (nə idi o kafenin adı?) küçədən keçən adamların əl hərəkətlərinə baxıb, üzlərindəki əhvalın hansı janrda olduğunu ayırd etməyə çalışacam.

Hər şey ciddidir, hər şey monoton, hər şey gileylənmək üçün səbəb dolu. Amma ümidliyəm mən, çünki əlimdən başqa heç nə gəlmir.

"Bircə Bakı özünü dənizə atmaz" deyirdim, elə olar, yanıldarsan məni də, səndən xoşbəxtlik umub gecələr qayğı içində gözlərini yuman adamları da (İslam Səfərli, 59A. Yadıma düşdü)...

# 1775 dəfə oxunub

Oxşar xəbərlər

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:05 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
#
#
# # #