Kulis.az Rəbiqə Nazimqızının yeni şeirlərini təqdim edir.
Yeddibaşlı əjdaha
Yeddibaşlı əjdahadı bu qorxu,
Qəzəb saçır alov dolu gözləri.
Qorxuram ki, yer ayrılar yerindən,
Qorxuram ki, tutmaz məni dizlərim.
Qorxuram ki, bulud düşər başıma,
Birdən dəli ildırıma yem ollam.
Birdən qəfil gecə udar Günəşi,
Qorxuram ki, bir gün gözüm tutular.
Qorxuram ki, səhər-səhər oyanıb,
Görərəm ki, nə görmüşəm, yuxuymuş.
Qorxuram ki, yuxum belə yozula:
Bu dünyada nə varmışsa, yoxuymuş.
Hərbə-zorba
Ağlamaqdan quruyan bir cüt göz göstər mənə,
Həyatdı, tale səni döyər də, əzizlər də.
Evlər də yana bilir, maşınlar da əzilir,
Dağlar da uçur, canım, çəkilir dənizlər də.
Ümid tənzifə qalsa, harda olsa, tapılar,
Ağrı elə şeydi ki, qaçırsan hər dərmana.
Bir az sakitləşdimi yaraların sancısı,
Barı dəydimi mənlə keçirdiyin zamana?
Hərə bir dərd gətirir başqasının evindən,
Yer üzünü hərlənir bir ürəyin ağrısı.
Çox saxlayan deyiləm, mən də sənin qəmini
Bir könülə tapşırram, öz bəxtini qarğısın.
Su pərisi
Sol çiynimdə sancı var,
Çıxır, qanadım çıxır.
Məni də qaldıracaq,
Göylərə əvvəl-axır.
Böyüyür lələk-lələk,
Dünya keçir altından.
Bulud qalır altında,
Quşlar uçur altından.
Göyüzündə ağ tavan
Yer üzü pambıq-pambıq,
Sağ çiynim, tərslik etmə,
Sağ qanadım, sən də çıx...
Gecikirsən, daşıya
Bilmirəm tək qanadı.
Necə endirək yerə,
Necə kəsək qanadı?
Bu nədi sağ qoluma
Süpürgə bağlayan kim?
Keçdi, uçmaqdan keçdi,
Denən, qayçı gətirsin
Hikkəsinin, kininin
Damarını kəsməyə.
Göylər də onun olsun,
Olsun məndən hədiyyə.
Uçsun e, uçsun, uçsun
Gecədən səhərəcən,
Səhərdən də gecəyə.
Mən başqa yol tapmışam,
Ürəklərdə gəzməyə
Daha mələk deyiləm,
İndi su pərisiyəm
Dua
İlahi, bu günlərdən
Hər günümə yaz, qalsın,
Qışımdan kəs, yaz qalsın,
Qalsın, elə az qalsın.
Nə qədər sevinc varsa,
Süz gəlsin ürəyimə,
Sərxoş olum, min yerdən
Söz gəlsin ürəyimə.
İlahi, bu səadət
Necə ağır yük imiş,
Bir az da artır görüm -
Dözümüm böyük imiş.
Sənin üçün
Buludlara adını pıçıldadım, küsdülər,
Dalğalara səsini xatırlatdım, susdular.
Qışın tən ortasında boğdu məni istilər,
Köynəyinin rəngində naringilərdən yedim,
Dilimləndi ürəyi qısqanc portağalların...
"Bizdən hündür deyil ki" dedi şam ağacları,
Sığal çəkdim yamyaşıl geyinmiş budaqlara.
Göyləri nişan verdim, gülümsəyib durdular...
Hara getdim, şəklini gözlərimdə apardım,
Eşqindən pərdə çəkdim qaldığım otaqlara...
Bəzəndi şəhərlərin ağappaq işıqları,
Dağ basdım sinəsinə nə qədər küçələrin,
Güzgülərdən göründün, pəncərədən boylandın.
Neçə könül sındırdım, neçə yüz min ah aldım.
Səni sevməkdən ötrü nə gecələrdən keçdim,
Səni sevməkdən ötrü mən milyon sabah aldım...
Bəhanə
Çox uzatdın, ağ elədi bu hicran,
Görmürsənmi, təpəmizdə oturdu.
Nə dedin ki, ayrılığa sevindi,
Nə yazdın ki, qüssə belə qudurdu?
Adım keçdi mənsizliyin içindən,
Öpüb qoydun gözlərinin üstünə.
Keçəcəkdik o dənizin içindən,
O həsrətin niyə baxdın üzünə?
Ciblərində gizləmisən əlini,
Qar izində, buz izində gəzirsən.
Səndən çoxdan çəkmiş idim əlimi,
Sənsən dəli qız izində gəzirsən...
Yaxşı, deyən, yenə küsüb gedirsən,
Həvəs olsa danışmağa, qayıt gəl.
Unutmuşdum, evdə yaxşı şərab var,
Bəhanədi barışmağa, qayıt gəl.
Deyirlər ki, yağacaq...
İldırımlar döyürdü başımızın üstünü,
Şimşəklərdən üzümüz necə alovlanırdı.
İlahi, üstümüzə nə yağışlar yağırdı
Arada gözlərini ayırırdın küçədən,
Arada danışırdın, arada utanırdın...
Deyirdin, çox sərxoşdum... Gülürdüm ki, iç yenə,
Deyirdin, nə havadı gülürdüm ki, gözəldi...
Deyirdim, nə günlərdən keçib gəlmişəm sənə,
Susurdun ki, eşqdi bu, hər ağrıdan əzəldi.
Külək qısqanclığından çırpırdı şüşələri,
Havalanırdı pərdə dözməyib belə dərdə.
Gözlərinin şəklini saxlayıb üzərimdə,
Soyuq olmasın deyə örtürdün pəncərəni.
(Gülürdüm, bu cür odun, bu alovun içində
Mən soyuqdan bir damcı qorxacaqdımmı yəni?)
Əllərinin işığı söndürürdü çırağı,
Gecəyə nur səpmişdin, səhər kimi ağappaq.
Yaman tündmüş, sevdiyim, o günlərin arağı,
Hələ ayılmamışam, deyirlər ki, yağacaq.
Qəzəbli şeir
İndi bütün hirsini
Yığıb torpaq altından
Çıxmağa yer axtaran
Vəhşi bir zəlzələyəm.
İndi sirri qurumuş
Dərin, qara quyuyam.
Daha dərd dinləməyə,
Yerim yoxdu, doluyam.
İndi mən limanlardan
Üz döndərən gəmiyəm.
Qasırğa, fırtınaya,
Tufana üzməliyəm.
İndi ayaq izini
Gözləyən bir mərmiyəm.
Bir günahsız əsgərə
Çırpılıb ölməliyəm...
Səhərə hələ vardı...
Əqrəblər uzanmışdı gecənin yatağına,
Çıraqlar alovlanıb, sönmüşdü eyni anda
Üşüyürdüm, bilmişdin,
Evimizə gəlmişdin,
Od, alov gətirmişdin,
Otaq-otaq yanmışdı binamız başdan-başa.
Divardakı rəsmlər şığımışdı üstümə,
Qızdırmalıydım deyən,
Yamanca tələsmişdim...
Əllərim-ayaqlarım dəymişdi bir-birinə,
Sənə gəlmək yerinə elə yolu kəsmişdim.
Yeriməyi yenicə öyrənmişdim elə bil,
Necə bərk-bərk sıxmışdım qorxudan əllərini.
Kəsmişdim qollarında sözlərin nəfəsini
Gətirmişdi söhbətin ardını öpüşlərin.
Mənim idi nəyin var, nəyim var sənin idi,
Arzuların içində yaşamaq dəmi idi...
Səhər açılmamışdı... səhərə hələ vardı,
Əlimdə imkan olsa..
Səni gecələr sevib səhərlər unudardım...
Xoşbəxtliyin şeiri
Səni ömrümə alandan
günlərin rəngi dəyişib.
Göyün sərhədi dəyişib
yerin ahəngi dəyişib.
Sevincimə, kədərimə
adını qoyub yatıram.
Nə sənə qəm göstərirəm,
nə işvə, nə naz satıram.
Mən ki “həsrət, hicran” deyib
yaxa cıran deyiləm,
Öz vaxtımı gözləyərəm,
“gəl” deyərsən, gələrəm.
Istəyərsən, oynayaram
faciə də, dram da.
Təlxəklik də bacarıram -
könlünü alaram da.
Səni küçə-küçə gəzib
izləməyin nə adı?
Nə fərqi var gecələrin,
gündüzlərin hardadı…
Şəhərin uzaq küncündən
gəlib çatır nəfəsin.
Çiynimdən qoxun gəlirsə,
hələ də mənimləsən.