Karantində ən çox depressiya yaşayan kimlərdir? - Psixoloqla müsahibə

Karantində ən çox depressiya yaşayan kimlərdir? - Psixoloqla müsahibə
22 iyun 2020
# 15:18

Kulis.az ailə psixoloqu Gülşən Rüstəmova ilə karantin mövzusunda müsahibəni təqdim edir.

Gülşən xanım, son dövrlər məlum məsələ ilə bağlı insanlar arasında depressiya halları artıb. Səbəb ən çox nədir, karantin, planların pozulması, panika, yoxsa qorxu?

- Haqlısız, sıxıntı və ümidsilik hazırda bəşəriyyəti silkələyir. Əsaslı və əssasız yayılan xəbərlər insanları böyük bir məchulun qarşısında qoyur. Özünü müdafiəsiz, sığortasız, basqı və qadağalar altında görmək psixikamızı korlayır. Qorxu əslində insanı həyatda idarə edir, o bizə genlərlə ötürülür.Bəzən qorxuya səbəb olan faktorlar qorxunun özündən təhlükəlidi. Bu pandemiyada qorxuya səbəb olan faktorların davamlı olması, üzücü xəbərlərin ard-arda gəlməsi, qeyri-müəyyənlik, çarəsizlik və bu çarəsizliyi insanın anlaması bizi tərkisilah edir. Odur ki, dediyiniz faktorlar hamısı təsir edir, fəaliyyətin məhdudlaşması, planların pozulması, səyahətlərin təxirə salınması, fiziki fəallığın azalması və s.

- Məsələn, keçən dəfə yalnız həftəsonları karantin oldu. Amma yenə narazılıq səngimədi. Halbuki biz həmişə beş gün işləyib iki günü evdə istirahətə həsr edirdik və bundan məmnun idik. Həmin istirahət günlərinin adının karantin olması nəyi dəyişir? Sizcə, bu, insan ruhunun qadağaya olan etirazıdırmı?

- Bəli. İnsan təbiət etibarilə qadağaya qarşıdı. İstənilən dəyişiklikdə müxalif qüvvələr üsyan edir. Amma karantin məsələsində üsyan yolu da yoxdu. Bir tərəfdən virus qorxusu, bir tərəfdən şəraitin verdiyi diskomfort hissi insanı iki tərəfdən sıxır. Vərdiş etdiyimiz həyat tərzi dəyişib, hər yerdə qadağalar tətbiq olunur, təbii ki insan buna birmənalı reaksiya verə bilməz. Kiçik yaşlı uşağa gözünün qabağındakı bir əşyaya toxunmamaq tapşırığı verəndə uşaq əksini edəcək. “Qaydalar onları pozmaq üçündür” məsəli də insanın bu xislətinə həsr olunub. Amma karantin qaydaları ona görə insanlarımıza dözülməz gəlir ki, burda onları pozmaq da fərd və şəxsiyyətin özü üçün zərərlidir.

- İstəyirəm, mövcud vəziyyətin ayrı-ayrı yaş qruplarına təsiri haqda danışasınız. Məsələn, uşaqlara, yeniyetmələrə, son zəngi qeyd edə bilməyən, qəbul və buraxılış imtahanı verə bilməyən abituriyentlərə necə bir mənəvi ziyan dəydi?

- Məsələ orasındadır ki, biz bəzən vərdişlərlə hərəkət edirik, bəzən həyatımızdakı xüsusi günləri qeyd etməyə, tədbirləri həyata keçirməyə həddindən artıq önəm veririk. Zaman varkən bunu da analiz etməliyik, məncə. Doğru bildiyimiz yanlışlara nə qədər inanacağıq? Məncə, bu paradiqmaları pozmağın vaxtı çatıb. Övladlarımızın ab-havası bizim onlara göstərdiyimiz münasibətlərin inhikasıdır, bunu unutmayaq. Biz bu duruma hansı münasibəti göstərəcəyiksə, övladlarımız da onu sərgiləyəcək. Çünki bu haqda araşdırma aparmaq, qərar vermək bizim işimizdi. Bunun evdə izahatından çox şey asılıdır. Biz övladlarımıza izah etməliyik ki, insan hər zaman müxtəlif çətinliklərlə rastlaşa bilər, buna hazır olmaq mümkün deyil, buna insanın gücü çatmaz, insanın ömrü yetməz. Lakin hər işdən daha az zərərlə çıxmaq üçün neyləmək lazımdır, istənilən yaş qrupunun öz dilində danışmaq, onları başa salmaq lazımdır. O ki qaldı son zənglə bağlı tədbirlərə, mən şəxsən onlarla apardığım söhbətlərdən bilirəm ki, yeniyetmələr buna o qədər də təəssüf etmirlər. Sadəcə valideynlər övladlarında bu təəssüfü formalaşdırırlar.Çünki bu daha çox valideynlərin sevinc payıdır.

- Bəs gənclərin psixikasında hansı dəyişikliklər baş verir, xaricdə təhsil alan tələbələr, iş qurmaq ərəfəsində olan insanlar, toyu təxirə salınmış cütlüklər, görüşə bilməyən sevgililər...

- İnanın ki, gənclər bu prosesi daha rahat atlatacaqlar, çünki onların beyni yaradıcı təfəkkürdədir. Mən onlarla ünsiyyətdən, apardığım söhbətlərdən, seanslardan bilirəm ki, əksər gənclər yaradıcıdı, formal tədbirləri sevmirlər. Bu gün şəxsən və ya sosial şəbəkələrdən tanıdığım nişanlı cütlüklər var ki, yalnız nikahla kifayətləniblər. Onlar üçün toy elə də gərəkli deyil, bu da daha çox valideynin, qohum-əqrəbanın arzusudur.

- Və nəhayət, statistika göstərdi ki, bütün dünyada karantin çoxlu boşanmalara səbəb oldu. Niyə?

- Ona görə ki, birgə yaşayış qaydalarını bilməyən ailələr çoxdur. Biz sadəcə “qonşudan qalma dala” prinsipi ilə evlənirik. Öz uşaqlarımıza birgə yaşamaq qaydalarını öyrətmirik. Etik normaları, bir-birinə müdaxilənin sərhədlərini öyrətməliyik.Əks halda ailələr heç bir sınaqdan çıxa bilməyəcək. Bu ailələr onsuz da dağılacaqdı. Sadəcə ona görə dağılmırdı ki, cütlüklər hərəsi özünü öz dünyasında yaşayırdı - ya işində, ya dostları ilə, ya valideynləri ilə daha çox vaxt keçirirdi. İndi isə uzun müddət bir yerdə qalmaq məcburiyyətindədirlər və necə deyərlər, bir-birini daha yaxından tanıdılar. Lakin bu yeni eraya keçid zamanı insan bir daha özünə kənardan baxacaq, bir daha özünü dərk edəcək. Və ona necə bir insan lazım olduğunu dəqiq seçəcək.

- Karantin depressiyasının adi depresiya ilə, və yaxud sıravi panik atakla fərqi nədir?

- İnsanlar zaman–zaman özünü hüznlü və bədbəxt hiss edirlər. Hər beş nəfərdən biri ömründə bir dəfə də olsa depressiya yaşayır. Hüzn normal həyatın bir parçasıdır. Lakin bu hüznlü vəziyyətin uzanması, səbəbsiz ortaya çıxması depressiya adlanır. Depressiyanı stresslə qarışdırmayaq, stress daha çox ani, bəzən bir neçə gün yaşanır. Depressiya isə bəzən səbəbsiz ola bilər, bəzən genetik meyllilikdən yarana bilər. Panik atak isə müəyyən bir itəliyici təsirdən meydana çıxır, və mütləq onun səbəbi olmalıdır. O ki qaldı pandemiya ilə bağlı depressiv hala, bu üzüntü, ümidsizlik, qorxu və başqa neqtiv hisslərin toplusudur.Ümumiyyətlə, bu tip gözlənilməz stiuasiyalarda müxtəlif insanlar müxtəlif reaksiyalar göstərirlər. Depresiyaya meyilli insanlar psixikasında hansısa zədə olan, hansısa gizli psixi pozğunluqlar yaşayan insanlardı. Bu tip insanlar depressiyaya çox tez düşürlər. Bu adamlar onlardır ki, elementar hadisələrə də panika ilə yanaşırlar.

- Gülşən xanım, həssas, duyğusal insanlar da depressiyaya meyilli adamlar sırasındadır, eləmi?

- Bəli, həssas və yaradıcı insanlar depressiyaya daha çox meyillidirlər, çünki onları beynin sağ yarımkürəsi idarə edir və biz onlara müəyyən xəbərlər verəndə olduqca ehtiyatlı olmalıyıq. Hər hansı üzücü bir xəbər onların daha kəskin reaksiya verməsinə səbəb olur.

- Deyilənə görə, pandemiyadan sonra bəşəriyyət tamamilə fərqli bir eraya daxil olur. İqtisadiyyat, yaşam şərtləri aydındı. Bəs insan psixikasında, dünyaya baxışında nə kimi dəyişiklik gözlənilir? Həyat eşqimiz artacaq ya əksinə?

- Düşünürəm ki, yeni era daha sağlam düşüncəli adamlar üçün münbit şərait yaradacaq. Özünü dərk edən insan zamanın hakiminə çevriləcək, bu bir təbii seçmədir.

- Bir mütəxəssis olaraq insanlarımıza nə məsləhət görərdiz? Bu çətin sınaqdan necə çıxsınlar, hansı məşğuliyyətə aludə olsunlar, pis fikirlərdən necə uzaq dursunlar? Bəlkə, sakitləşdirici dərmanlar, bəlkə fiziki fəallıq, bəlkə mütailə?

- Birinci növbədə sanitar-gigiyenik qaydalara əməl edilməlidir. Özünü dərk prosesi əsas tutulmalıdı. İnsan özünü tanımalıdı, özünə kənardan baxmalıdı, öz duyğularını, qorxularını, müsbət və mənfi cəhətlərini aydın görməlidir. Bu insanın özünə çətindirsə, mütəxəssisə müraciət etməlidir. Çünki insan özünü dərk edən zaman individual, şəxsi qərarlar verə biləcək. Baxın, karantindən bir gün qabaq hamı marketlərə axışır. Niyə? Bəzən insan ətrafa baxıb sadəcə onları yamsılayır, özünün nə istədiyini bilmədən.
Odur ki, karantin dövründə də hər insan özünü, öz yaxınlarını düşünməlidir. Vaxtı səmərəli keçirmək üçün hər kəs özünün sevdiyi işlə məşğul olmalıdır. İmmuniteti qaldırmaq üçün həm maddi, həm mənəvi qidalanmaya fikir vermək lazımdır. Əyləncə mərkəzləri, gözəllik salonları, idman zalları işləmir, evdə idmanla məşğul olmaq, dieta saxlamaq, müxtəlif oyunlar oynamaq, musiqi dinləmək,mütailə etmək olar. Yetər ki, qeyri-müəyyənlik barədə neqativ düşüncələrə dalmasınlar və hər şeyin yaxşılıqla qurtaracağına inansınlar.

# 4413 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #