Kulis.az şair Rəşad Nağı Mustafanın atasının ölümünə yazdığı yazını təqdim edir.
Bəlkə də 3 gün ərzində anamdan yüz dəfə soruşdum, atam öləndə nə dedi, necə baxdı, hara baxdı, necə öldü? Anam da yüz dəfə eyni cavabı verdi... Amma cavab qane etmirdi. Çünki atam heç nə deyə bilməmişdi.Hər soruşanda anama bir şans da verirdim ki, yalan danışın, yalandan desin ki, filan şey dedi, misalçün, "Rəşad yaxşı övlad olub". Ancaq atam ölsə də mənə şans verdi. Şans verdi ki, yaxşı övlad olum. Mən bilirəm ki, innən belə yaxşı övlad olsam, atam Allahın xoşuna gələcək. Mən bilirəm ki, şans verənlərin ən yaxşısı Allahdı. Allah rəhmlidi, mərhəmətlidi, bağışlayandı. Bu cümlə ümid deyil, yəqindir.
Mən bilirəm ki, innən belə həyatımda "innən belələr" çox olacaq, çoxalacaq.
Anamın təzyiqi qalxmışdı. Çox qorxdum, təcili yardım çağırdım, təcili gəldilər, gecikmədilər. Gecikmədilər ki, hirsimi, hikkəmi, kədərimi yıxım onların üstünə. Anamın təzyiqi əvvələr də tez-tez qalxırdı, onda da qorxurdum, amma belə yox. Bu dəfə başqa cür qorxdum. Yetim kimi...
Mən bilirəm ki, innən belə anamdan bərk yapışmalıyam, onu qorumalıyam çünki atamı axırıncı dəfə anam görüb. Anamın gözlərində göz izi var, atamın gözləri...
Məni bu günlərdə toxdadan bu cümlə oldu: "Yetim olmağın bir şeyi yaxşıdı ki, atan heç vaxt ölmür"
Atam bir dəfə infarkt olmuşdu, qorxurdum bir də olar, oldu. Sonra bir də oldu, öldü.
Amma atam bir də ölməyəcək, qorxmayacam.
Bir də ən böyük təsəllim Pünahnın dedikləri oldu:
"Hələ yetim deyilsən, amma ilk övladın olanda, onu qucağına alanda yetim olacaqsan.
Övladlarımı qucaqlayanda atama ağlayıram. Hərdən sınıyıram özümü, görüm hansını çox istiyirəm, görürəm fərqləndirə bilmirəm. Kədərini saxla övladın olandan sonraya. İndi ağlama, onda çox ağlayacaqsan".
Onun da atası yoxdu. Bu ərəfələr atası olmayanlarla daha çox danışıram, dərdləşirəm. Onlar mənə söz veriblər ki, yaxşı olacaq, yavaş-yavaş yüngüləşəcək, amma keçməyəcək. Heç keçməsin, atamın dərdini çəkirəm də.
Aylar öncə atasının ölumünə görə bir dosta baş sağlığı vermişdim. Bu gün ödəşdik.
3 il bundan qabaq dostum Samirin atası öləndə bir şeir yazmışdım. Orda belə bir misra var idi:
"Doğmasını itirməyən biri kimi, nə atası ölən anamı, nə qardaşı ölən atamı, nə də dünən atasının üstünə torpaq atan dostumu başa düşə bilirəm".
Artıq doğmasını itirən biriyəm, artıq atamın ölümü həyatımı dəyişdirməyə şeirlərimdən başlayıb. Dəyişdirsin, dəyişərəm, lap saqqalımı da kəsərəm.
Bir dəfə saqqalımı qırxdım, gəldim evə. Atam qapını açdı, məni görən kimi necə sevindi, elə bil Laçının azadlıq xəbərini gətirmişəm. Qucaqladı məni bərk- bərk. İndi yadıma düşdü axırıncı dəfə nə vaxt qucaqlaşmışıq.
Vaxtı vaxtında qucaqlamaq lazımdı ataları. Biz elə bilirik, atamız ölməyəcək, nə vaxt istəsək, qucaqlaya bilərik. Amma elə deyil, ölür atalar, vallah ölür, atamın goru haqqı ölür.
Bu yazını oxuyandan sonra gedin, atanızı qucaqlayın, qucaqlayin ki, sonra peşman olmayın belə kiçik şeylərə görə. Bu ayrı peşmanlıqdı, zəng edib üzr istəmək də olmur, zəng edən də götürmür, anana da yığıb deyə bilmirsən ki, kişi niyə götürmür telefonu, evdədisə, telefonu ver ona.
Elə şeylərin peşmanlığın çəkir ki adam, elə bil Allah bir-bir yadına salır bütün xatirələri. Birinci atana qarşı elədiyin səhvləri, sonra yaxşı şeyləri. Elə deyirsən, kaş belə edərdim, elə etməzdim. Kaş belə deyərdim, elə deməzdim. Mən bildim ki, dilimizin ən pis sözüdü bu "kaş". Kaş siz bilməyəsiz.
Dostlar, qohumlar gəl-get edir. Ev dolur-boşalır. Hamıya danışırsan, nətər oldu, necə oldu. Sonra mövzu dəyişir. Amma qəfil yadına düşür ki, atan bir də olmayacaq, bu camaat da onun gedişinə gəlib.
Həyatın ən pis təcrübəsini qazandım. İndi bilirəm ki, kimsə öləndə birinci nəynəmək lazımdı. İndi bilirəm ki, mollanı 100ə yox 80-nə da danışmaq olardı.