“Şou-biznes proqramlarını efirdən yığışdırardım”

“Şou-biznes proqramlarını efirdən yığışdırardım”
28 avqust 2012
# 13:05
Kulis.az-ın televiziya aparıcıları ilə müsahibələr silsiləsindən növbəti qonağı “Xəzər” televiziyasının “Xəbərlər” proqramının aparıcısı Cəlalə Nəzəroğludur.

- Jurnalistikaya gəlişiniz barədə danışardınız...


- Atamın kitab rəfində yerdəyişmələr edərkən əlimə “Jurnalistika məsələləri” adlı kitab keçdi və həmin kitabı vərəqləməyə başladım. Bu hadisə 8-ci sinifdə oxuyarkən baş vermişdi. O andan fikirləşdim ki, mən jurnalist olacağam. Bir müddət sonra bu fikir məni tərk etdi. Məktəbi bitirib, sənədlərimi üçüncü ixtisas qrupuna verdim. İlk yazdığım yer Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi oldu və həmin fakültəyə qəbul oldum. Birinci kursda olarkən “Azərbaycan” radiosunda təcrübə keçirdik. Radioda “Şəbəkə” proqramı vardı, onlarla əməkdaşlıq etməyə başladım. Universiteti bitirdikdən sonra AzTV-də “Səhər” proqramında çalışdım. Qulu Məhərrəmli universitetdə müəllimim olduğu üçün ürəklə onun yanında işlədim. “Xəzər” televiziyasında “Avtomobil” proqramının həm redaktoru, həm də verilişi səsləndirən oldum. “Avtomobil” verilişində səsimi bəyənmişdilər və bir həftəlik məşqdən sonra Xəbərlər proqramının aparıcısı kimi efirə çıxdım.

- Aparıcısı olduğunuz xəbərlər proqramına insanların münasibəti birmənalı deyil. Sizi digərlərindən fərqləndirən özəllik nədir?

- Xəbərlər proqramının aparıcısı bütün fəaliyyətini nitq üzərində qurur. Nitq deyərkən səsimizin tonu, bədən dilimiz və başqa amillər mühüm rol oynayır. Hər şey vəhdət təşkil edəndə iş mükəmməl alınır. Cəmiyyət hər zaman yeniliyi sevir. Hətta tənqid etsələr belə bizə baxırlar. Bu, bizim üslubumuzdur. Həm qəza, həm də sevindirici xəbəri eyni səs tonunda, eyni sifət cizgilərində təqdim edirsənsə, mən tamaşaçı olaraq o proqrama baxmaram. Xəbərdəki kədəri də, sevinci də yaşamalısan. Ola bilər ki, bu içdən gəlməsin, amma ən azından, tamaşaçıya hiss etdirməyi bacarmalısan.

- “Xəzərxəbər”i zirvədə saxlayan hansı amillərdir?

- Hər hansı işə başlamazdan əvvəl o sahənin bazarı yaxşı təhlil olunmalıdır. Reytinq məsələsi önəmlidir. Reytinq yüksək olan zaman reklam çox olur, reklam da çox olanda maddi gəlirlər yüksək olur. Kortəbii şəkildə başladığın işdə uğur qazanmaqdan söhbət gedə bilməz. Azərbaycan auditoriyasının bazarı yaxşı araşdırıldığında aydın oldu ki, bizim insanlar standart və quru xəbərləri seyr etməkdən yorulublar. “Xəzər” televiziyasının xəbərlərini yaşlılar da, gənclər də maraqla izləyirlər. Bizim xəbər mətbəximizdə hər şey var. Bu mənada tamaşaçını eyni süfrə arxasına toplaya bilirik. 40 dəqiqəlik proqramda xəbərlər standart ardıcıllıqla deyil, fərqli sıralama ilə verilir.

- Televiziyada yalnız aparıcı kimi çalışırsınız?

- Bizdə xəbər proqramının aparıcıları müxbir kimi çalışmır və çəkilişlərə getmir. Şirkətin daxilində, xəbər mərkəzində mən bir müddət bölgə xəbərlərinin mətnlərini yoxlayıb, düzəlişlər edirdim, görüntüləri incələyirdim. Hal –hazırda bir operatorun abunəçilərinə servis xəbər xidməti göstəririk. Efirdən sonra qalan vaxtımı bu işə həsr edirəm.

- Hansı mütəxəssislərdən öyrənməyə üstünlük verirsiniz?

- Təbii ki, zaman-zaman bizim də suallarımız olur, ona görə də istər burada, istərsə də buradan kənarda çalışan ekspertlərə suallarımızı verib bilmədiklərimizi öyrənirik. Daha çox Qulu müəllimdən öyrənmişəm və indi də nəyisə bilməyəndə ondan soruşuram.

- Bizim teleməkanda hansı aparıcıları bəyənirsiniz?

- Xəbər aparıcısı kimi “Lider” televiziyasında xəbərləri aparan Günay Yelmarqızını çox bəyənirəm. O xanımda səs, jestlər, mimika vəhdət təşkil edir. Günayı izləyəndə yorulmuram. Bəyənmədiyim aparıcılar haqqında isə danışmaq istəmirəm.

- Soyadınız niyə Nəzəroğludur?

- Ürəyimdən xəbər verdiniz. Efiri izləyən insanlar elə düşünürlər ki, soyadım texniki səhv nəticəsində belə yazılır. Evli olmayanda soyadım Natiqqızı idi. Nəzəroğlu həyat yoldaşımın soyadıdır. İstəyirəm ki, hamı bunu bilsin.

- İmkan olsa, hansı verilişləri efirdən yığışdırardınız?

- Bizdə indi şou-biznesə aid proqramlar baş alıb gedir. Tamaşaçılar mütəmadi deyirlər ki, televiziya zövqümüzü korlayır. Televiziyada işləyən biri kimi deyə bilərəm ki, televiziya insanların zövqünü korlamır və nə də insanlarda zövq formalaşdıra bilməz. Hamının öz zövqü var, heç bir qüvvə o zövqü dəyişdirməyə, formalaşdırmağa qadir deyil. Tutaq ki, sizin detektiv filmlərdən xoşunuz gəlmir. Kanallar gün ərzində nə qədər həmin filmi durmadan yayımlasa belə siz ona baxmayacaqsınız. Çünki bu tip filmlər xoşunuza gəlmir. Mən şou-biznes proqramlarını efirdən yığışdırardım. Belə verilişlərin insanlara təsir etməsi məni əsəbiləşdirir. Evlilik proqramlarının da yayımlanmasına münasibətim yaxşı deyil. Getdiyim hər yerdə, gözəllik salonlarında, marketlərdə və başqa yerlərdə evlilik proqramlarının efir saatında satıcılar müştəriyə cavab belə vermək istəmirlər. Hamı maraqla həmin verilişlərə baxır və dərhal da qeybət başlayır. Türkiyədə evlilik proqramını çox sevdiyim Əsra Ərol aparır. O, efiri ələ almağı bacarır. Əsra xanımım verilişinə baxmışam və oradakı iştirakçıların bir-birinə münasibətini görəndə düşünürsən ki, onlar elə bil illərdir bunu məşq ediblər. Hamısı yüksək səviyyədə danışan, doğru-dürüst işi olan, həqiqətən evlənmək niyyəti olan insanlardır. Bizdə isə vəziyyət tam fərqlidir. Bizim proqrama gələn insanların əksəriyyətinin işi-gücü olmayan, yaşı ötmüş, özünə inanmayan, dar düşüncəli şəxslərdir. Evlənmək, ailə qurmaq onlar üçün sadəcə, heyvani hissə çevrilib. Evlilik proqramlarının aparıcıları o verilişləri aparan zaman əziyyət çəkirlər. Türkiyəli iştirakçılarla işləmək daha rahatdır, nəinki azərbaycanlı iştirakçılarla.

- Bir müddət Kulis.az-da yazılarınız gedirdi. Yazmaq fikri necə yarandı?

- Mən heç vaxt müxbir ola bilməmişəm. Məndə müxbirliyin alınmayacağını düşünmüşəm. Valideynlərimin hər ikisi ədəbiyyatşünas olub. Atam yazı-pozu adamı olub, yazmaq ondan keçib. Tələbə olarkən Aydın Dadaşov mənə dedi ki, səndə jurnalistikaya həvəs yoxdur. Yazı yazmışdım, onun xoşuna gəlmişdi. Çoxlu əlyazmalarım vardı, ancaq çap olunmamışdım. Niyə çap olunmadığımı deyə bilmərəm, çünki konkret səbəb yox idi. Yazılarımdan birini bir dəfə kulis.az saytına göndərdim.

- Niyə məhz kulis.az-a?

- Kulis.az mənim ən çox bəyəndiyim internet dərgidir. Kulis.az mənim marağımda olan dərgidir. Söhbət sanballı mədəniyyətdən gedir, indiyə kimi sizin saytda mənasız yazılara rast gəlməmişəm. Məndə ikrah hissi oyadan o xəbərləri kulis.az-da görməmişəm. Həm də kulis.az-ın çox maraqlı başlıqları olur. Bir gün sonra yazımın oxunma sayını görəndə həddindən artıq təəccübləndim. Yazımın altında təxminən 50 şərhi görərkən daha da təəccübləndim (gülür).

- Bəs indi niyə yazmırsınız?

- Səhhətimdə problemlər olduğu üçün məcbur olub yazmağa ara verdim.

- Nə üçün daha çox duyğusal yazılar yazırsınız?

- Yazılarım çıxdıqdan sonra dedilər ki, mən insanın damarına basmağı bacarıram. İlk yazımda ölmüş kişinin həyat yoldaşının etiraflarını yazmışdım. Fərqli yanaşma qoyuram ortaya. Nədənsə insanların pessimist ruhda yazılan yazılar daha çox xoşuna gəlir. Abort haqda yazımdan sonra ətrafımdakı 10 qadından 8-i abort etdirdiyini etiraf etdi.

- Yazmağa davam edəcəksiniz?

- Yenicə roman yazmağa başlamışam. Birinci fəsli yazıb bitirmişəm. İkinci fəsildə nə olacaq, bilmirəm. Konkret süjet xətti yoxdur. Bir qızın həyatını izləyib yazıram. İndiyə qədər yazdıqlarım dərə-təpə deyil, durmadan yazsam, üç-dörd aya hazır olar.

- Canlı yayımda hansısa xoşagəlməz hadisəylə üzləşmisinizmi?

- Canlı yayımda oturduğum stolun altındakı şuruplarla o qədər oynadım ki, stol açılıb dizimin üstünə düşdü. Elə ağrıtdı ki, ancaq hiss etdirmədim. Canlı yayımda adətən ayaqqabılarımı çıxarıram, sonra isə tapa bilmirəm (gülür).

- Əcnəbi aparıcılardan daha çox kimdən öyrənirsiniz?

- Türkiyəli aparıcıları çox bəyənirəm. ATV telekanalının bəy aparıcısını bəyənirəm. Sakit səs tonu var və üz quruluşunu vaxtında dəyişdirə bilir. Əksəriyyətin bəyəndiyi Mehmet Ali Birandı isə bəyənmirəm. Nədənsə ona qarşı aqressivəm. Məncə, həddindən artıq eqoist insana bənzəyir. Nifrət etdiyi hadisəni çox qabarıq şəkildə təqdim edir.

Fərid MİRZƏYEV
# 3431 dəfə oxunub

Oxşar xəbərlər

“Sandıq”  Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

17:37 26 noyabr 2024
“YARAT” “Özüm ilə təklikdə”  plastik tamaşasını təqdim edir

“YARAT” “Özüm ilə təklikdə” plastik tamaşasını təqdim edir

16:48 26 noyabr 2024
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

15:16 26 noyabr 2024
74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

15:04 26 noyabr 2024
Filippinli qonaq Ədəbiyyat Muzeyində

Filippinli qonaq Ədəbiyyat Muzeyində

13:47 26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

12:54 26 noyabr 2024
#
#
# # #