Aldadılan uşaqlar

Aldadılan uşaqlar
24 oktyabr 2012
# 07:15

Avtobusla keçirdim. Polis idarələrindən birinin qarşısında avtomat tutmuş şəxs dayanmışdı. Həmin binaya bitişik olan bina, ibtidai sinif şagirdlərinin oxuduğu məktəb idi. Elə həmin bina, elə həmin küçə, elə həmin dünya.

Silahla aralarında 7-8 addımlıq məsafə vardı. Amma fərqində deyildi uşaqlar. Onlar üçün həyat başqa idi, silahlı üçünsə başqa.

Özlərindən 7-8 addım uzaqda olan silahdan xəbərsiz oynayırdılar-kimi dostunu qucaqlamışdı, kimi yerdə oturmuş, dostu ilə nəsə danışırdı, kimisi futbol oynayırdı. Elə həmin məktəbin həyətinə bitişik bir park vardı. Bu parkla məktəbin həyətini daş hasar ayırırdı. Həmin parkda yaşıl corablı qadın oturmuşdu, başqa bir nənə də nəvəsinin əlindən tutub, gəzdirirdi. Bir az qabaqda binalar vardı, qarşısından gənclər keçirdi.

Baş rolda Cim Kerrinin oynadığı “Trumen şou” filmi yadıma düşdü o uşaqları görəndə.

Uşaqlar aldadılır. Böyüklər uşaqları aldadır. Böyüklər uşaqlara dörd divar arasında hüzurlu həyat, silahları göstərməyən divarlar, dünya verirlər. Amma bir gün o uşaqlar böyüyəcək və boyları, böyüklərin onlara verdiyi o bəzəkli dünyanın divarını keçəcək, silahlı, insanların bir-birindən ehtiyat etdiyi, sərhədləri olan dünyanı görəcəklər. Biləcəklər ki, indi onlar üçün heç nə ifadə etməyən, məktəbləri ilə parkı ayıran o divar, əslində onların gördükləri ilk sərhəd olub.

Uşaqları çox gözəl dünyaya öyrəşdirməyin, boyları, onlara verdiyiniz yalançı dünyanın divarını keçəndə və gerçəyi görəndə, sarsılacaqlar. Böyüklər uşaqlara böyüyənə kimi travma hazırlayır.

***

Körpünün yolun azca dağılmış hissəsinə düşən tərəfində, qabağında papağı olan bir dilənçi oturmuşdu. Körpünün digər başı isə təmirli, modern binaların olduğu küçəyə çıxırdı. O dilənçini körpünün kasıb yanına kim qoymuşdu?

**
Dərsliklərin birində divan şairlərinin həyat və yaradıcılığı barədə qısa bilgilər vardı. 14-cü əsrdə yaşamış bir qadın şair barədə yazılmışdı:

“Gözəl, iffətli, namuslu olmasına rəğmən özü istəmədiyi üçün evlənməmişdir”.

***

Bütün bu qəribəliklərin sonra biri çıxıb deyə ki, o əli silahlılar, dilənçilər, təhqir olunan qadınlar, ölən insanlar hamısı şou idi, gerçək deyildi. Və əlavə edə: “İndi insan ölümlərinə, dilənçilərə, əli silahlılar, təhqirlərə tamaşaçı marağı yoxdur, alın, bu da sizin həyatınız, dünyanız. Gedin, istədiyiniz kimi yaşayın!”

Biz də inanaq, ayaq barmaqlarımızın üstündə duraq və yeni, uşaqlara anladılan o gözəl dünyaya boylanaq, sonra da orada yaşayaq.

Nə uşaqlarımız böyüdükcə əli silahlıları görər, nə də biz uşaqlara gözəl dünyadan söhbət açmaqla onlara yalan danışmağı öyrədərik.

# 1862 dəfə oxunub

Müəllifin son yazıları

# # #