İkinci bir parıltı var senin bakışlarında
Keşke yalnız bunun için sevseydim seni.
Camal Sürəya
Həyatımın ən gözəl qadını
Təzə köçdüyümüz evin bütün pəncərə və eyvanlarına barmaqlıqlar vuranda, hamımız narazılıq etmişdik. İndi o boş, önəmli olmayan məsələyə görə narazılığımı xatırlayanda səni anlayıram. Deyəsən, bizi qorumaq istəmişdin.
Düşünürmüşsən ki, barmaqlıqlar bizə gələn pisliyi dəf edər. Ömrünün sonuna az qaldığını bilə-bilə necə yaşayıram, bir bilsən. Elə qorxuram ki, bir gün səhər oyanacam və sən olmayacaqsan.
Bu xəstə halınla, bizə xərclədiyin ömrünün bitəcəyindən qorxuram. Bu halınla hələ də bizi düşünürsən. Hələ də uşaq, nəvə, ailə dərdi çəkirsən. Bir dəfə görmədim ki, nəiysə öz istədiyin kimi edəsən. Həmişə istəklərini bizim istəklərimizə görə formalaşdırdın.
Bişirdiyin yeməyin duzunu, ədvasını, ərzağını belə istəyimizə görə az, ya da çox qatdın. Mən səni ancaq bişirdiyin yeməklərlə xatırlamayacam, inan.
Sənin haqqında düşünürəm. Sən yaxşı adamsan, çox yaxşı adamsan. Yaz kimisən sən də - gəlişinə sevindiyim. Nə yaxşı ki, tanrı məni sənə əmanət edib. Ümid edirəm ayaqqabıların həmişə qapının ağzında olacaq.
Biz də həmişə evə gələndə ayaqqabılarını kandarda görərik. Həmişə, amma həmişə sağlam gəzə biləsən. Mən səni xəstə xatırlamaq istəmirəm, inan.
Müəllimimiz dərsdə belə demişdi: Bir şeyin mənasını anlamısansa, cənnətdəsən, deməli. Mən sənin varlığından, hüzurundan, güvənindən o qədər əminəm ki, özümü cənnətdəki kimi hiss edirəm. Mən səni həmişə cənnətim kimi xatırlayacam, inan.
Ana deyəndə, birinci sən gəlirsən gözümün qarşısına. Yaxşı insan deyəndə də səni xatırlayıram. Alicənab, gözəl, zərif, yaxşı insan və kədərli gözləri olan bir qadın deməkdir ana mənim üçün.
Mən yeni, heç istifadə edilməmiş sözlər öyrənməliyəm sevgimi ifadə edə bilmək üçün. Mən sənə aid olan hissləri başqa cür ifadə edə bilmirəm, bağışla.
Nə yaxşı ki, varsan, səni tanımışam, məhz sənə əmanət edilmişəm. Bizə xərclədiyin ömrün üçün çox sağol. Bütün saysız-hesabsız səhərlərdə ömrünün hər ili sağlam keçsin. Və hər səhər səni görmək ümidi ilə.
Səni və mənə verdiyin hər şeyi sevirəm.