Kulis.Az gənc yazar Leyla Nənənin “Ən qadın” adlı şeir silsiləsini təqdim edir.
1.
bax, sən o qıvrım saçlarının
özünün dediyinə görə bu qədər, bu qədər olmuş
bədəninin parçaları arasından tökülən
musiqili kədər kimi
olmadı, olmadı
yəni o ağlayaraq
sızlayıb yatdığın divanın naxışı var ha!
olmur
yəni sən çox gözəlsən
qadın
kədərlisən
yarım, dolu, cızıq-cızıq şüşə
bayram zənglərinə belə gec
öz-özünə ağlayıb sızlayaraq yatdığın
o divan
tozsan bəlkə də
üşümə, üşümə, əri.
2.
sentyabrı idi qadının
quru yarpaqları vardı
t ö
k ü
l
ür
d
ü
topuqlarından qopub qopub
yol idi, gedirdi qadın azalaraq alıb alıb
içini, dırnaqlarını, saçlarını
dizlərini, bir də adamın gəldiyi s a a t l a r ı
gecənin üçünü, taksinin sarısını, adamın düşdüyü səkini
tramvayın ən arxa oturacağının qarşısını
bir də azaldığı
yerləri
yerləri
tö
külür
d ü qadın
t
ölürdü
3.
qaranın qarası olan o küt saçları
uzun qara ətəyi
o böyük böyük ağzı
bədənindəki izlər
əlindəki siqaret
öskürəyi -
onu deyirəm, elə həmin qadın
qarnını tutur,
deyir ki, onu - sarışın, tələbə, X - sevəndə
əslində onu - əsmər, məzun, Y - xatırlayıram,
yarımçıq yarımçıq qurur cümlələri
sonra deyir,
sevgimin ünvanı yoxdur
ətəyinə baxıram,
dizi görünür uzun ətəyindən
ağ ayaqları və yalın içi
kimə anlatasan
cümlələrimi yarımçıq edən bu qadını,
tanıdın?
4.
hansı küncə töksəm öpdüyün ən buramı
keçsələr, keçsələr üstündən
evin qabağında tut ağacı var
tutları t
ö k
ü
l ü
r.
ən tökülsə buram, buram
bəs tökülsə buram da, buram da,
sonra buram da
ən öpüb ən getdiyin ən ən yerə
tö
k ü l
sə
m.
5.
belə, adamın tikəsi ağzında şişir,
bir üşümə silkələyir içini
ürəyi sıxılır,
durub durub ancaq səni düşünür
deyir, harda var gələr,
sonra ayaqlarının altı tərləyir
ovucları
kədərdən
iştahı kəsilir,
bazar günü səkkizdə oyanıb
axmaq axmaq ev işləriylə məşğul olur
qab yumaq üçün suyu açıq qoyub,
ütüləmək üçün paltar sərir,
pəncərəni açıb,
paltar ipini açır dirəklərdən
ipə asılan kədərli corabları,
bəlkə ən çox sevdiyi köynəyi,
şalvarı, ətəyi ipə
asılı,
ipin də bir ucu dirəyə
eləcə uçur, uçur, uçur
su axa axa qalır,
paltarlar ütüsüz
bu da necəsən sualının cavabı
hansını istəsən götür.