Efirə zəng: uşağım düşüb

Efirə zəng: uşağım düşüb
13 noyabr 2012
# 13:49

Space telekanalında 15:00-da “Həyatın qaynar xətti” adlı veriliş başlayır. Bir neçə dəfə kanallar arasında gəzişəndə bu verilişə rast gəlmişəm, bir az baxıb, təəccüblə kanalı dəyişmişəm. Verilişdə tamaşaçılar zəng edib vəkildən, həkimdən, psixoloqdan, ginekoloqdan məsləhət alırlar. Verilişin formatını bir kənara qoyuram. Bu tip verilişlər digər ölkələrdə də olur. Amma bir az fərqli formatda.

Deməli, gündəlik hər hansı bir mövzu seçilir və həmin mövzu barədə insanlara məlumat verilirdi. Amma məsələ indi veriliş deyil. Məni verilişdən çox, zəng edənlərin şikayətləri təəccübləndirir.

Xatırladığım şikayətlərdən bir neçəsini yazım:

“Artıq ikinci hamiləliyimdir ki, hamiləliyimin ikinci həftəsində uşağımı itirirəm. Bu nə ilə əlaqəli ola bilər?”

“Gözlərim əsəb gərginliyindən zəifləyib, nə etməliyəm?”

“Qaynım uşağımı mənə göstərmir. Nə etməliyəm?”

“Qızım hamilədir, uşağın böyrəklərində genişlənmə var. Bunu ana bətnində müalicə etmək mümkündürmü?”

“UZİ-yə getdim, folikul partlayıb. Hamilə ola bilərəm?”

Bu və bu kimi şikayətlər var. Verilişə baxırsan, adamın inanmağı gəlmir. Doğrudan da bu zənglər gerçəkdirmi? Düşünürsən ki, bu qədər də olmaz, bu insanlar yaşamaq üçün kanallarda belə verilişlərin açılmasınımı gözləyirlər? Yəni, ana bətnindəki uşağın böyrək genişlənməsi və nəticəsi barədə məlumat almaq üçün oturub bu verilişin açılmasını gözləyib? Ya gözləri zəifləmiş adam həkimə getmək yerinə oturub bu verilişin nə vaxt açılacağını gözləyib?

Verilişə baxanda elə hiss edirsən ki, sanki bu kanal başqa planetin kanalıdır. Elə bir planetdə ki, orda həyat hələ yeni başlayıb. İnsanlar necə yaşamalıdırlar onu hələ bilmirlər. Bu veriliş də elektronik əşyaların içindən çıxan istifadə kitabçaları kimi, həmin planetdəki həyatın istifadə kitabçasıdır. Bu veriliş sayəsində insanlar necə yaşamaq lazımdır onu öyrənir.

Həmin planetin sakinləri üçün bir neçə bəsit suallara cavablar tapmışam. İstifadə kitabçalarına dəstək kimi. Mən bilirəm, o planetdə də zamanla həyat formalaşacaq və həyat şərtləri bəlli olacaq. Həkimlər, vəkillər, psixoloqlar olacaq.

Məsələn, uşağınızı hamiləliyinizin ikinci həftəsində itirirsinizsə, bunun üçün xəstəxanaya getməlisiniz. Həyatınızın dəyərini artıq televiziya kanallarında məsləhət verilişlərinin açılmasına qədər təxirə salmağınıza gərək qalmayacaq. Ümid edirəm həyatları tez bir zamanda formalaşar. Bu məsləhətlərə əməl etməklə, günə, hələ yeni-yeni formalaşmağa başlayan həyata başlaya bilərlər. Bizim planetdə də belə olub. Buyurun:

-Çayımın şəkəri az olub, nə edə bilərəm?

Cavab: Çayınız çox acı olubsa, şirin olana kimi şəkər əlavə edin.

-Səhər oyanıb hiss edirəm ki, acam. Nə edə bilərəm?

Cavab: Səhər oyanıb ac olduğunuzu hiss edəndə, səhər yeməyi hazırlayın. Bu səhər yeməyi hər kəsin iştahasına və zövqünə görə dəyişir. Siz də o an iştahanız nə çəksə, onu yeyin. Bizim planetdə səhər yeməyi günə enerjili davam etmək üçün əhəmiyyətli sayılır.

- Güllərim solur, bunun üçün nə etməliyəm?

Cavab: Bizim planetdə adətən su verirlər. Amma hər gülün su ehtiyacı eyni miqdarda olmur.

- Dırnağım uzanıb məni incidir, nə etməliyəm?

- Dırnağınızı kəsməlisiniz.

Çox sadə məsələlərdir bunlar, dost. Ümid edirəm işinizə yarayar. Sağlamlıq hər hansı bir TV kanalında hansısa verilişin açılmasını gözləməyə bilər.

Hörmətlə

Qonşu planetdən bir dost.

# 3498 dəfə oxunub

Müəllifin son yazıları

# # #