Seymur Baycana dindardan sərt cavab gəldi MƏTN 

Seymur Baycana dindardan sərt cavab gəldi MƏTN 
2 iyun 2014
# 14:45

Kulis.az Əbdülhəmid Aranın yazıçı Seymur Baycanının “Allah sözünü böyük hərflərlə yazanlar” məqaləsinə yazdığı cavabı ixtisarla təqdim edir.

Yenə məntiqsiz, mühafizəkar öyüd-nəsihət: Yazma, bu adamdan yazma, ruhi xəstədir!.. Demədim, bəs nədən yazım. Deyərdi daha vacib məsələlər var, məsələn insan alveri. Demədim yazmaya bilmərəm, əgər həyatda xeyirli bir işim olubsa, o da rüşdilərimizə, Ağalar Məmmədovdan başlayıb Aqşin Yeniseydən keçən şeytanlarımıza cavab verməyimdir. Deyərdi Allah özü belələrinin cavabını verib və verəcək. Kimi nə üçün yaratdığını Sən bilirsən, ya Rəbb. Mən özümü qələm savaşında bacarıqlı görürəm, ailə isə çörək qazanmaqda. Birinin işi yerdə qalıbsa və əli mənə çatırsa, düşünür ki, mənim görəcəyim iş elə budur. Nə isə, yazının üstünə çıxan tanışı yola salıb Bismillah dedim. Heyf ki səsdə böyük hərf yoxdur, böyük hərflə deyərdim.

Dəlinin yeri dəlixanadır, Çənlibel deyil. Dəlinin işi öz-özünə danışmaqdır, təsəvvüründəki ilğım ədalətsilik, haqsızlıqdan, gerilikdən yazmaq, kitab çap etdirmək yox. Hara baxırsan, oğlan, səninləyəm. Özünə istinadən nəql edirlər ki, Seymur Baycan Tiflisdə psixi müalicə alıb. Demisən: “İki ildi məndə belə bir təəssürat yaranıb ki, qarnımda qurbağa yaşayır. Bir az əziyyət çəkirəm. Teatra, ictimai yerlərə gedə bilmirəm. Sakit yerdə otura bilmirəm ki, birdən quruldayar, yaxşı çıxmaz, narahatlıq yaranar. Doktor mənə başa saldı ki, bu mümkün deyil. Belə bir şey ola bilməz. Mən də dedim ki, bəlkə suyun içində balaca balasını udmuşam, qarnımda böyüyüb.” Demisən, yoxsa yox? Deməsəydin də yazılarından bəlli idi ki, qarnında nəsə var. Məqsədim acıq çıxmaq, cənabınızı vurmaq deyil. Belə olsaydı Azərbaycan məkanı üçün sanballı sayılacaq adamların sənin haqqında epiqrizlərini yada salıb yazıya nöqtə qoyardım. Məqsədim sənin sayıqlamalarının çaşdıra biləcəyi adamların əlindən tutmaqdır.

“Allah sözünü böyük hərflərlə yazanlar” sayıqlamandakı bəzi nöqtələri götürüb yerinə sual işarəsi qoyuram:

Növündən və təyinatından asılı olmayaraq səmimiyyət hər zaman qiymətləndirilməlidi?


- Yox, Baycancan! Həyatda nə varsa istisnası var. Dünya siyasətsiz dolanmır. Siyasətçi səmimi ola bilməz. O, bəzən gülməli, bəzən susmalı, bəzən alovlu danışmalıdır. Səmimiyyət əxlaqi dəyərdir. Amma sənin getdiyin yolda dəyişməyən dəyər yoxdur. Yəni sən özün də səmimiyyətdən içdə, işdə və sözdə uzaq birisən.

"Bir kitablı adamlardan qorxmaq lazımdır" sözünün doğruluğuna bir daha inandın?

- Bəli, təkcə sənin kitabını sinəsinə sıxandan qorxmaq lazımdır. Çünki zərəri xeyrindən çoxdur. Sən tibbdən, məsələn serrozdan kitab yazsaydın və bütün həkimlər bu kitabla işləsəydi təbii ki qorxmağa dəyərdi. Amma ilahi kitab deyilən, adı böyük hərflə yazılan Quran sənin kitabın deyil. Bu kitab müxtəlif elm sahələrində dərin araşdırmalardan sonra yazılmış kitablardan daha mötəbərdir. Yəqin ki sənin maşının yoxdur. Televizor, soyuducu necə, varındır? Xarab olanda ədəbiyyatdan xəbərsiz ustaların qapısına getmirsən? Axı o ustaların bir kitabı var. İki kitabla işləsələr, sənin tozsoranın təmirdən sonra toz vurar.

Mən (Seymur) öz peyğəmbərlərimdən bir neçəsinin adını sadalaya bilərəm - Russo, Viktor Hüqo, Conatan Svift, Çexov, Taqor, Herman Hesse, Tomas Mann, Tomas Vulf...

- Yalan deyirsən əzizim. Peyğəmbəri qəbul edənlər peyğəmbərin göstərdiyi yolla gedirlər. Russo ilə Taqor, Hüqo ilə Çexov arasında yerlə göy arası fərq var. Peyğəmbərlərsə bir söz deyib, bir yol tutub: La ilahə illəllah! Yəni Allahdan başqa məbud yoxdur. Yəni peyğəmbəri O göndərir. Onun peyğəmbərləri arasında nə Hesse var, nə də Russo.

Mənim (Seymurun) müqəddəs kitabım, Viktor Hüqonun Səfillər əsəri daha çox insana təsir edib?

- Müqəddəslik təsirlə ölçülür? Haradan götürmüsən bu meyarı? Bizim camaata Rəmişin çalğısı azandan çox təsir edə bilər. Amma bu o demək deyil ki, Rəmiş və onun gitarası müqəddəsdir. Ədəbiyyat adi sözü gözəl ifadə etmək, ona təsir verməkdir. Quran sözünü də təsirli edən onun ədəbiyyatıdır. Yoxsa Quran oxumamısan? Cinlər də Quranın sehrinə düşmüşdü. Ədəbiyyat sənətdir, sənət də gözəllik. Amma din həqiqətdir və müqəddəslik gözəllikdə yox, həqiqətdədir. Din ana kimidir. O, səni dünyaya gətirib, eşqi ilə yedirib. Sənət, ədəbiyyat isə sevdiyin qadın kimidir. O gözəldir, səni əsir edib, amma müqəddəs deyil.

İnsanı tanımaq üçün ən qısa və sınanılmış yol insana etibar etməkdi?

- Seymurcan, insanı tanımaq üçün ona etibar etmək yox, iş tapşırmaq lazımdır. Tanımadığın adama ana-bacını necə etibar edərsən?!

Mənim (Seymurun) Allahımın adı vicdandı?

- Allah Allahdır, vicdan da vicdan. Allah yaradandır, vicdan yaranmış. Allahın insanın heykəlini qaş-gözlə, ruhunu iman və vicdanla bəzəyib. Bu iki kateqoriyanı bu həddə qarışdırmağın populizmdən başqa şey deyil. Allahsız insan vicdanlı ola bilər. Amma vicdansız insanın imanı varsa, bu iman naqisdir. O xəyanətkardır. Birinə xəyanət üçün əvvəlcə onu qəbul etmək lazımdır. Allahı qəbul etmədən Ona xəyanət etmək mümkünsüzdür.

Öz sevincini gizlətməyi bacarmayanlar…ın əsas arqumenti budur ki, filankəslər Allaha qarşı çıxmışdılar, ona görə Allah onları cəzalandırdı?


- Aqşin Yenisey! Söhbət Aqşindən gedir, açıq danış. Əgər yanılıramsa, Allah keçsin. Aqşinin eqoistliyi barədə onun keçmiş xanımından eşitmişəm. Aqşin cəmiyyətin inancını, müqəddəsliklərini ayaq altına aldı. Əgər xalqı bədbəxt sayırdısa, ona yol göstərəydi. Birinin damını bəyənməyəndə, əvvəlcə ona sığınacaq verər, sonra damını uçurarlar. Sən, Aqşin və bu tayfanın başqa dəliləri yalnız inkar edirsiniz, xalqı yaşadan inamı onun əlindən alırsınız. Əvəzində verdiyiniz söyüş, erotika, azğınlıqdır. Mən qəfil xəstəliklərə, bəlalara şadlanmağı əxlaqdan uzaq sayıram. Amma səni hər gün söyən adamı iflic vurursa, dili tutulursa...

Beş-altı kitab oxuyan adam sıralarınızı tərk edir. Bu ölkənin reallığını həzm etməyən, az-çox mübarizə aparan gənclərə bir az diqqətlə baxsanız görəcəksiniz ki, onların 98 faizi sizin Allahsız, kafir adlandırdıqlarınızdı.

- Gerçəkdən? Bu gün həbsxanada çürüdülənlərin böyük əksəriyyəti Allah adını böyük hərflə yazanlar deyilmi? Mən sənə oxuduğum beş-altı yox, yeddi kitabın adını çəkirəm: “Hərb və sülh”, “Səfillər”, “Karamazov qardaşları”, “Faust”, “Usta və Marqarita”, “Qırmızı və qara”, “İblis” - Tolstoy, Hüqo, Dostoyevski, Höte, Bulqakov, Stendal, Cavid. Daha nə oxumuşam qoyaq kənara. 12 cildlik Nur təfsirini dilimizə çevirmişəm. Daha hansı kitabları çevirmişəm, onu da qoyaq kənara. Amma dindarların sırasını tərk etməmişəm. Çünki bu sıralarda piyan, nəşəli, sutenyor, mavi, sələmçi, binamus görmürəm. Olsa da barmaqla sayılası agenturadır. Amma dindarlar da Azərbaycan cəmiyyətinin bir hissəsidir. Sən Seymur sabah namaz qılsan sehirli çubuqla paklanmayacaqsan. Paklanma, təmizlənmə, tərbiyələnmə çox uzun prosesdir. Bu gün Azərbaycanda rüşvətxorluq dindarı da yeyir, dinsizi də. Yoxsulluqdan hamı əzab çəkir. Müştərək nöqsanların olması təəccüb doğurmamalıdır.

Allahın evində namaz qılanlar ayaqqabılarını kulyoka qoyub özləriylə içəri aparırlar. Allahın evində bir-birinə etibar etməyən adamlara biz həyatın başqa sahələrində necə etibar edək?

- Oğru üçün nə Allah evi, nə domsovet! Azərbaycanda ən zəif mühafizə olunan iki məkan varsa biri məscidlərdir. Prezident administrasiyasında ayaqqabı oğurlamaq kimin ağlına gələr! Ona görə yox ki, hamı ayaqqabı ilə gəzir. Çünki mühafizə var. Çünki kamera qurulub. Məscidsə fərqlidir. Kiməsə maaş verib qarderob saxlamaq mümkün deyilsə, kamera qurmaq imkanı yoxsa, ən münasib yol elə torbadır. Adamlar ayaqqabısını torbaya qoyur ki, qapı ağzında səliqəsizlik olmasın, eyni zamanda küçə oğruları məscidə tamah salmasın.

Danışmağı çox gözəl bacarırsınız…

- Bu ki öz sözünə zidd oldu. Kitab oxumayan, savadsız, geri qalmış dindar necə gözəl danışar?! İkisindən birini tut.

Onu da deyim ki, bu cümlələri yazmaq heç də asan deyil. Çünki sözü ilə əməli üst-üstə düşən həqiqi mömin qardaş və bacıları da düşünməkdəyəm.


- Doğrudanmı bu barədə düşünürsən? Məncə bu məşhur priyomlardan biridir. Sözü ilə əməli üst-üstə düşən həqiqi mömin qardaş və bacılar da Allah sözünü böyük hərflə yazır. Sözü ilə əməli üst-üstə düşən həqiqi mömin qardaş və bacıların peyğəmbəri həzrət Məhəmməddir, Russo yox. Sözü ilə əməli üst-üstə düşən həqiqi mömin qardaş və bacılar da bir kitablıdır, Quranı tanıyır. Sözü ilə əməli üst-üstə düşən həqiqi mömin qardaş və bacılar da məscidə daxil olanda ayaqqabısını torbaya qoyur. Yəni sözü fırlatma, Mustafanı de. De ki, içində qurbağa yox, şeytan cövlan edir. De ki, dilin Allah, Peyğəmbər desə də, qəlbin istehzalı gülüşünü gizlədə bilmir. Dini cameəni o qədər də küt sayma. Bu cameə küt olsaydı Güntayın, Ağaların səsi batıdan, qatara çatmayanların səsi qoltuq altından gəlməzdi.

nur-az.com

# 5926 dəfə oxunub

Müəllifin son yazıları

# # #