Füzulinin qəzəlləri “qız tutmağ”a da yaramır

Füzulinin qəzəlləri “qız tutmağ”a da yaramır
31 iyul 2014
# 16:14

Sizi deyib gəlmişəm, ey uca xalqımın Qələm əhli! Deyir, söz yarası qılınc yarasından itidir. Bilirəm, orda-burda danışacaqlar ki, dünən yumurtadan çıxıb qabığına lağ eləyir, gündəmə gəlmək üçün ona-buna qarmaq atır bu körpə. Nə istəyirsiniz, deyin. Vallah, bu belədir. Elə başlayaq, ta qədimdən. Söz səsdən öncə yaranıb deyə yazıram, yoxsa vallah musiqi ilə çatdırardım fikirlərimi.

Deməli belə, çox uzunçuluq eləmədən, qayıdıram əsas mətləbə. Sözü ən böyük qüdrət, nemət adlandıran Füzulidən tutmuş, ta Molla Pənah Vaqifə qədər, lap bir az da, bu tərəfə gələk – Səməd Vurğun olsun, Əlağa Vahid olsun, lap elə mənim özümü götürək...

Gəlin, bir-bir şairlərimizi, yazarlarımızı araşdıraq. Barmağınızı qatlayıb göstərin ki, Vahidin, Füzulinin filan qəzəlində cəmiyyətin inkişafı naminə, kütlənin əziyyət çəkən hər hansısa problemdən çıxışı naminə bir ideya, bir fikir var... Ancaq məişətə, yataq otağına işıq saçıblar. Muğam oxumaqdan başqa nəyə yarayır axı, bu qəzəllər? Yenə əvvəllər qız-zad “tutmaq “ olurdu bu beytlərlə, indi heç işə yaramır. Bizə dahi kimi sırınmış bu adamlar ancaq gözəlləri vəsf etməklə, içkilərin dadını xarakterizə etməklə məşğul olublar. Hələ bayatıları, gəraylıları, qoşmaları demirəm. Beş yüz qoşma əzbərdən bilməklə nə qazana bilərəm? Bu isti yay günlərində inanmıram, kimsə durub keçmişə qayıda. Ona görə də, bu günümüzə nəzər salaq ki, uzağı görə bilməmək kimi problemimizlə üzbəüz qalmayaq.

Ədəbiyyat bu gün şou xarakteri daşıyır. Bu, bir yana, “Dünyada ən çox şairi, yazarı olan ölkə" adlı müsabiqə elan olunsa, bir xalq kimi birinci yeri mütləq biz qazanarıq. Qardaş, hər kəs yazır, hər kəs əlinə qələm alıb qafiyə tutur. Bu siyahıda mən də varam. Tam səmimi deyim ki, mən sadəcə qız tutmaq üçün yazmışam şeirləri, başqa iddiam yoxdur. Məni yandıran ədəbiyyatçılıq iddiasında olanlardı. Məsələyə cızma-qaraçı kimi yox, oxucu kimi yanaşıram. Baxırsan ki, qoca babadı, əziyyət çəkir, oturub zorlayır özünü, iki cümlə söz yığını düzəldib birtəhər düşür qapı-qapı.

Yaxın keçmişdə bir neçə gənc qələm əhlinin romanı, hekayələri, şeirlər divanı işıq üzü gördü. Lap yaxşı. Hamısını oxumasam da, vərəqləmişəm də. Oxuduqlarım da, sadəcə zaman itkisi olub. İndi texnologiya əsridi. Qələm əhli əvvəllər özünü qəzetlərdə sırıyırdısa, indi bu prosesi sosial şəbəkələrdə və saytlarda davam etdirir.

Dağılsın zəmanəmiz, ay qardaş, “LİKE” xəstəsi olmuşuq. Otuzdan yuxarı “like” gəlməsə, şeirciyimi silirəm həmən. Ədəbiyyat bir “like” düyməsi qədər kiçilib daha.

Nəsə, mövzudan uzaqlaşmayım. Məşhur Çingiz Abdullayevdən tutmuş, Qaraqana qədər hamı facebookda “like” kütləsi toplayıb, məşhurlaşmaqdadır. Özümüz bir yana, kütləni də aldadırıq. Camaatın başını qatmaqdan başqa bir şey deyil, bu vallah. Bu yaxın günlərdə dostum, böyük qardaşım Cəlilin Cavanşirin “Qadın corabları” romanı işıq üzü gördü. Oxudum, əsas da adına görə oxudum. Gözəl dili var, maraqlıdı, detektivə ironiyadı özü demiş... Ancaq bu romanın kütlənin inkişafında, yaxud maariflənməsində nə kimi rolu ola bilər ki? Bu roman gəncliyə nə verəcək? Hələ xalq artisti Faiq Ağayevin təqdimata gəlməyini də xəbər eləyənlər var. ”Qadın corabları“ kitabı lazım deyil Faiqə, reklamını etdi, getdi. İndi deyəcəklər ki, Cəlil yaxınıdır deyə, ərk eləyir.

Lap elə gənc şair Şəhriyar del Gerani olsun... ”İntihar hörüyü” kitabını oxumuşam. Belə pis çıxmasın, vəhşi istedadı var bu qardaşın, özü demiş – "ki, o istedadla səhrada dəniz yaratmaq olar". Mən savadsız, cahil kütlə nümayəndəsi Şəhriyardan nə öyrənim? Şeir yazmağmı? Misal üçün, Baba Vəziroğlu müəllim nə verib sizə? Ramiz Rövşən, Murad Köhnəqala, Salam Sarvan – şeirləri çox gözəl... Əsəd Qaraqaplanı da qatıram bu siyahıya ki, romanları güclü olmasa da, şeirləri "əjdaha”dı... Amma, söz oyunudu bunlar hamısı. Rüstəm Behrudinin dar ağacı da yandırmağa yaramır, közü olmur, eləcə kül olub gedir. Aydın məsələdir, ədəbiyyat söz oyunudur. Onu da deyim ki, yeni söz yoxdu, sadəcə fərqli ifadə tərzi var bu gün ədəbiyyatda. Türk və dünya ədəbiyyatındakı fikirləri bəzəyib qafiyələndirməklə ədəbiyyat olmaz.

Şairlər qafiyəylə, yazarlar bədii təsvirlə, obrazlarla aldadır camaatı. Ümumiyyətlə, şair olsun, yazıçı olsun, öz bağ-bostanından, həyat tərzindən yazmalı deyil, bu insanlar yazıları ilə elə bir güzgü düzəltməlidir ki, biz baxıb özümüzü görək, "saralıb-qurumuş bağ-bostanımızı” görək.

Haşiyə: Onu da bilirəm ki, bu gün əlinə qələm alanlarımızın əksəriyyəti kirayə evlərdə qalır. Yaşamır, sadəcə qalır. Kredit ödəyir. Bu qilü-qalın içində özünə çıxış yolu tapa bilməyən bu insanlardan nəsə gözləmək də, insaf deyil.

Allah var başımın üstdə – bəlli problemləri işıqlandıran yazılar da var, ancaq, çıxış yolunu göstərən yoxdur. Bu gün bizə, təzə-təzə çiçəklənməyə başlayan ölkəmizə mütərəqqi ideyalar lazımdır. Qələm əhli ayrıldığı qızdan, intihara cəhdindən, məişət problemlərindən yazmamalı, “qələmini uzadıb” batmaqda olan insanı, insanlığı xilas etmək uğrunda çalışmalıdır. Kimə lazımdır Aqşin Yeniseyin fəlsəfi söz oyunu?

Şeir bilirsiniz nədir? Təsəvvür edin ki, hamımız eyni hissləri yaşamışıq. Sadəcə sən, mən köçürə bilmirik bu hissləri, şairlər köçürə bilir. Biz də, oxuyanda içimizdə olan hisslərlə üst-üstə düşür, bir müddət mənəvi zövq alırıq, ruhən orqazma çatırıq, lap bir “like” də vururuq, müəllif özü də həmin an sevinir, həyəcanlanır, hələ bir az da tərifləyəsən...

Di gəl, bir müddət sonra özümüzə qayıdırıq – müəllif səhər ödəyəcəyi kredit borcunu düşünür, biz də uşaqlarımıza sentyabrda alacağımız məktəbli formasını...

Gəlin, özümüzü aldatmayaq, əməlli-başlı bir işlə məşğul olaq vallah. Vətənə, millətə xeyirli bir işlə...

Elə yazın ki, mən böyüyəndə şair olmayım!

Ömər Xəyyam

# 3900 dəfə oxunub

Müəllifin son yazıları

# # #