Küçə uşaqlarından qəhrəman düzəldən adam

Küçə uşaqlarından qəhrəman düzəldən adam
22 avqust 2014
# 10:54

Bir zamanın küçə uşaqları sonralar Böyük Vətən Müharibəsi qəhrəmanları oldular.

Söhbət Anton Semyonoviç Makarenko və onun rəhbərlik etdiyi cinayət yoluna düşmüz azyaşlı (17 yaşına kimi) qanunpozan uşaqların Uşaq Əmək Koloniyasından gedir.

"Uşaq özünü oyunda necə göstərirsə, necə oynayırsa, böyüyəndə işlədiyi zaman da bir çox hallarda elə olacaq".

A.S.Makarenko.

Pedaqogikanın tarixindən danışarkən Makarenkonun fəaliyyətindən yan keçmək olmaz. O, sovet pedaqoqu idi və onun pedaqoji irsi SSRİ hüdudlarını aşmış, İngiltərədə, Hollandiyada, İtaliyada, Danimarkada Finlandiyada, Yaponiyada və digər ölkələrdə öyrənilərək tətbiq edilmişdir. Üstündən bir əsr keçməsinə baxmayaraq Makarenkonun təməli qoyduğu pedaqoji irs müasir məktəblərdə tətbiq olunur, uşaq oyunlarının təlim prosesində istifadəsi onun adı ilə bağlıdır. Uşaqlar tənəffüs zamanı oynamalıdır deyən pedaqoqlara cavab olaraq mühazirələrində belə deyirdi: ".....oyun uşağın bütün həyatına nüfuz etməlidir, oyun oynamaq təkcə meydançada top vurmaqdan ibarət deyil. Uşaq oynamaqla məşğul olduqca xəyal və fantaziyasının müəyyən pilləsinə yaxınlaşır. Uşaq həyatının özü oyun olmalıdır və siz onunla oynamalısınız. Bu pedaqoji oyundur—ciddi, həqiqi, işgüzar oyundur. Bu oyun onun həyatını gözəlləşdirir".

Makarenkonun rəhbərlik etdiyi uşaq koloniyasında böyüyən 3000-nə yaxın bir zamanların azyaşlı cinayətkarları gələcəkdə mühəndis, müəllim, hərbi həkim, aktyor, rəssam, hüquqşünas və jurnalist olmağı bacarmışdılar. Onun uğuru nədə idi? Makarenko V. Q. Belinskinin hələ 1845-ci ildə qeyd etdiyi bir fikirdən ruhlanmışdı; Belinski yazırdı:” Ümumiyyətlə insanlar öz təbiət etibarı ilə pis olmaqdan daha artıq yaxşıdırlar: onları xarab edən təbiətləri deyil, tərbiyə, ehtiyac, saxta ictimai həyatdır. Onların, demək olar ki, hər birinin, hətta ən pozğununun belə özünün gözəl insani cəhətləri vardır. Yalnız onları seçib görmək və axtarıb tapmaq çətindir”.

Bunları oxuyan Makarenko həmişə uşağın şəxsiyyətinə bədbincəsinə baxan, onda mənfi sifətlər axtaran, onun islaholunmaz olduğunu iddia edən qaraqabaq müəllimlərə qarşı çıxırdı.

A.S. Makarenko haqqında:

O, Ukraynanın Belopolye şəhərində 1888-ci ildə doğulub. Atası dəmir yolu təmir zavodunda usta idi. Orta məktəbi bitirdikdən sonra bir illik pedaqoji kursu başa vurmuş və 1905-ci ildə Kruyokov şəhərində ibtidai dəmir yol məktəbində müəllimliyə başlamışdır. 1914-1917-ci illər arasında Poltava Müəllimlər İnstitutunda təhsil almış və təhsilini başa vuran kimi işlədiyi məktəbə geri dönmüş, həmin məktəbin müdiri kimi çalışmışdır.

1920-ci ildə Makarnkoya çətin bir vəzifə tapşırılır. O, 17 yaşına kimi qanunpozan, azyaşlı cinayətkar uşaqlar üçün Poltava şəhəri yaxınlığındakı Uşaq Əmək Koloniyasına rəhbərlik etməli idi. Bu uşaqlar baş vermiş müharibələr nəticəsində valideynlərini itirmiş və tamamilə nəzarətsiz qalmışdılar. Onlar heç vaxt təhsil almamışdılar, oxumaq bilməyən, bir peşəyə sahib olmayan bu uşaqlar həyatda qalmaq üçün cinayət yoluna düşmüş, oğurluq, cibgirlik edərək yaşayırdılar. Onları islah etmək heç cür mümkün deyildi, müəllimləri təhqir edir, özləri ilə bıçaq gəzdirir, dava-dalaş salırdılar. Müəllimlər və gecə nəzarətçiləri də onlardan qorxurdular. Belə bir mühitə düşmüş Makarenko əvvəlcə çalışır ki, indiyədək oxuduğu elmi – metodiki ədəbiyyatlardan istifadə etsin, lakin bunların heç biri onun köməyinə yaramır. Sonralar o, bu haqda belə yazacaqdı: “ Koloniyadakı birinci aylar mənim və yoldaşlarım üçün nəinki ümidsizlik və bihudə gərginlik ayları idi, bu aylar eyni zamanda həqiqəti axtarış ayları idi. Mən 1920-ci ilin qışında oxuduğum qədər bütün ömrümdə pedaqoji ədəbiyyat oxumamışdım. Bu mütaliənin başlıca nəticəsi olaraq, mən elə möhkəm və nədənsə birdən, elə əsaslı bir qənaətə gəldim ki, öz-özümə dedim: mənim əlimdə heç bir nəzəriyyə yoxdur, mən nəzəriyyəni gözümün qabağında baş verən real hadisələrin məcmusundan özüm çıxarmalıyam.... mənə tez təhlil etmək və tez hərəkət etmək lazımdır.”

O, uşaqların diqqətini işin maddi tərəfi ilə cəlb etməyə çalışdı, uşaqları inandırırdı ki, əgər Koloniyanın təsərrüfatını dirçəldə bilsələr yoxsulluqdan yaxa qurtara bilərlər. Beləliklə, Makarenko uşaq kollektivi yaradaraq onların qarşısına əmək tapşırıqları qoyurdu, uşaqlar tarla və bostan işinə cəlb olunur, qızlara tikiş işləri, oğlanları çəkməçilik və dülgərliklə məşğul etməyə başladı.

1922-ci ildən Koloniyanın təsərrüfatı canlandı, uşaqlar görürdülər ki, Koloniyanın həyatı dirçəldikcə onların da həyatları qaydasına düşür və yaxşılaşır. Getdikcə Koloniyanın maddi həyatı yaxşılaşır, kolonistlər arasında yenə də oğurluq, dava-dalaş halları yaşansa da bununla bərabər dirçəliş də vardı, uşaqlar yeni həyata az da olsa öyrəşirdilər. Onların düzəlməkdə olan həyatlarını tez-tez yeni tutub islah olunmağa göndərilən azyaşlı qanunpozanlar dağıdırdılar, yenilər köhnələri “ pozmağa” çalışırdı, bu da Makarenko qarşısında bir başqa problem idi. Makarenko bu ağır günləri xatırlayaraq deyirdi ki, əgər məni qarşıda necə çətin öhdəlik gözlədiyini bilsəydim, yəqin ki qorxub, imtina edərdim.

Anton Semeyonoviç kolonist uşaqları tərbiyə etmək üçün onların içindən birinin həyatını və daha sonrakı uğurlarını nümunə göstərməyi bir təlim vasitəsi kimi görürdü. O, bu məqsədlə Maksim Qorkini nümunə seçmişdi. Makarenko axşamlar uşaqları bir yerə toplayıb onlara Qorkinin uşaqlıq və gənclik illərinə aid əsərlərini oxuyur və kolonistləri mütaliəyə də həvəsləndirirdi. Uşaqlar özləri ilə Qorkinin uşaqlıq həyatı arasında oxşarlıq görürdülər, Qorkini özlərindən biri hesab edirdilər. Bu onları müsbət yola çəkmək üçün böyük səy idi. Sonralar onlar Qorki ilə məktublaşmağa ( Qorki o zamanlar İtaliyada idi) başladılar, yazıçı SSRİ-yə geri döndükdə bu koloniyaya, onunla yazışan uşaqların görüşünə gəldi və həmin koloniyaya Maksim Qorkinin adı verildi. Bütün bunlar uşaqlarda müsbət əhval-ruhiyyə yaratmaq üçün idi. Anton Semyonoviçin rəhbərliyi altında Əmək Koloniyasının artıq 5-ci ili arxada qalmışdı və ciddi nəticələr əldə olunmuşdu. Belə ki, Koloniya artıq möhkəm maddi bazaya malik idi, onun becərilən tarlaları, inəkləri, donuzçuluq ferması, meyvə bağı, yataqxanası, klubu və məktəbi var idi. Məktəbdə oxumaq hər bir uşaq üçün məcburi idi.

Həmin illərdə Makarenkoya yeni və çətin iş tapşırılır. Xarkov yaxınlığındakı Kuryaj monastırında yerləşdirilən uşaq koloniyası tamamilə nəzarətdən çıxmış halda idi və Makarenko kolonist uşaqlarla birlikdə oraya köçməli və onları da islah etməli idilər. Uşaqlar yaratdıqları təsərrüfatdan əl çəkib getmək istəməsələr də sonda Makarenko ilə bərabər oraya köçməli olurlar. 1926-cı ilin ortalarında Qorki koloniyası Kuryaj koloniyası ilə birləşir. Dahi pedaqoqu yenidən çətin vəzifə gözləyirdi. Lakin bu dəfə tamamilə tək deyildi, özü ilə bərabər kolonistləri və müsbət nəticə vermiş təcrübəsi vardı. Tez bir zamanda Kuryajda da uğurlu işlər görməyi bacarır və azyaşlı qanunpozan uşaqları ram edə bilir. Emalatxanalar yaradıldı, əkin yeri salındı, klub fəaliyyətə başladı, dərnəklər quruldu, kino filmlər və teatr tamaşaları göstərildi. Burada da həyat keçmiş Qorki adına Koloniyadakı həyatı xatırlatmağa başladı.

Ancaq bundan sonra çox qəribə və ədalətsiz bir hadisə baş verir. Makarenkonun bu səmərəli pedaqoji fəaliyyəti Ukrayna Xalq Maarif Komissarlığında çalışan bəzi pedaqoqların etirazına səbəb olur. Müxtəlif yoxlamalar və müdaxilələrlə Makarenkonun tərbiyə sistemini dəyişməyə çalışırdılar. Onu uşaq kollektivlərinə böyük hüquqlar verməklə və ciddi nizam-intizam yaratmaqda günahlandırırdılar. Komissarlıq Makarenkonun tərbiyə sistemini qeyri-sovet sistemi adlandıraraq onu Kuryajdakı Koloniyanın rəhbərliyindən uzaqlaşdırır.

Bu arada Ukrayna xalq Daxili İşlər Komissarlığı yurdsuz uşaqlar üçün yeni əmək koloniyası açaraq Makarenkonu bu kommunaya müdir təyin edir. O, bundan sonra F.E. Dzerjinski adına kommunaya rəhbərlik etməli olur. Buradakı uşaqlarla işləmək daha asan idi, əgər Qorki adına koloniyada uşaqlar daha çox kənd təsərrüfatına cəlb olunmuşdularsa, buradakı uşaqlar isə sənayeyə cəlb olundular. Kommunanın ilk illərində onlar yaxşı təchiz olunmamış emalatxanalarda çalışırdılar, çox çəkmədən dövlət tərəfindən daha yaxşı cihazlarla təmin olunmağa və sifarişlər almağa başladılar. Artıq kommunanın ikinci ilində bu sifarişlərdən qazandığı gəlirlə nəinki öz xərcini çıxardır, həm də gəlir toplamağa başlayır. Sonradan kommuna öz topladığı vəsait və dövlətdən aldığı borcla iki zavod tikir: bunlar elektrik qurğusu və fotoaparat hazırlayan “ FED” zavodları idi. İstehsalatın genişlənməsi yeni işçi qüvvəsinə ehtiyac doğurur və kommuna kütləvi surətdə uşaq qəbul edərək onların sayını 600 nəfərə çatdırır. Mühəndis-texnik və ustalardan başqa bütün işçi qüvvəsini şagirdlər təşkil edirdi. Kommunarlar hər gün 4-5 saat orta məktəbdə oxuyur və 4 saat da zavodda çalışırdılar. 1934-cü il yanvarın 1-də kommunanın gəliri 3 milyon 600 min manata çatır. Uşaqlara əmək haqqı verilirdi. Hər kəs öz əmək haqqının 20 faizini komandirlər şurasının ixtiyarında olan fonda verirdi. Bu fondda toplanan pullar hesabına teatrlar təşkil olunur, yay yürüşlərinə gedir, yeni evlənənlərə maddi kömək olunur, ali məktəbdə oxuyan keçmiş kommunarlara təqaüd verilirdi. Makarenko Dzerjinski adına kommunada özünün bütün novator fikirlərini sınaqdan keçirirdi və bu ideyalar özünü doğrulurdu. Kommunanın iş keyfiyyəti o qədər yüksək idi ki, SSRİ-yə gələn xarici ölkələrin nümayəndələri də buraya baş çəkib, uğurlu işin nəticəsini öz gözlərilə görməyə çalışırdılar.

Makarenko həm də yazıçılıq edirdi, işlədiyi koloniyalardakı və Dzerjinski adına kommunadakı iş üslubu haqda əsərlərində yazırdı.

Onu 1939-cu ildə Sovet ədəbiyyatının inkişafında böyük müvəffəqiyyətinə görə Qırmızı Əmək bayrağı ordeni ilə təltif edirlər. Elə həmin il Aprelin 1-də Moskvaya gələn qatarda 51-yaşında ürək tutmasından vəfat edir.

Anton Semyonoviç böyük humanist idi, o, insandakı ən gözəl keyfiyyətləri aça və onun köməyi ilə insanı ələ ala bilirdi. O, deyirdi: ”Nə etmək lazım olduğu haqda nə qədər düzgün təsəvvür yaratsanız belə, əgər uzunsürən çətinliklərin öhdəsindən gəlmək üçün vərdişlər tərbiyə etməsəz, yalnız onu deyə bilərəm ki, siz heç nə tərbiyə edə bilməmisiniz.”

“Müəllim özünü elə aparmalıdır ki, onun hər hərəkəti tərbiyə etməyə xidmət etsin, və hər zaman mövcud anda nə istədiyini və ya nə istəmədiyini bilməlidir. Bunu bilməyən müəllim necə tərbiyə işi ilə məşğul ola bilər?”

“Tərbiyə hər zaman baş verməlidir, hətta siz evdə olmasaz belə”

“Pis uşaq yoxdur, pis tərbiyəçi var”

İnsana mümkün qədər çox hörmət etməli və bununla bərabər ona çoxlu tələblər verilməlidir prinsipini yerinə yetirən Makarenko koloniyadakı oğurluq üstə cəza çəkən kolonistə pul verib, onu yaxınlıqdakı idarəyə çatdırması tapşırığını verirdi . Oğruluq etdiyi üçün cəza çəkən uşaq görürdü ki, onun itirilmiş reputasiyası bərpa oluna bilər, ona inanmaq və pul etibar etmək olar, uşaqda özünütərbiyə hissi oyanırdı və ona tapşırılmış öhdəliyi yerinə yetirməyə çalışırdı. Makarenko onları mən sizə inanıram deyərək tərbiyə edirdi. Bu uşaqların böyüyüb ölkənin vicdanlı, əxlaqlı vətəndaşı olmaları təsadüfi deyildi. Makarenko cəmiyyətin kəsib atdığı bu uşaqları sağlam şəkildə cəmiyyətə qaytara bilmişdi.

Aygül Qurbanlı

Kultura.az

# 2965 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #