Moskvada yaşayan azərbaycanlı yazıçı, professor Çingiz Hüseynin “Mediaforum” saytına təqdim etdiyi “BiBiSi-dən köşə yazıları” silsiləsindən bir yazını ixtisarla oxucuların diqqətinə çatdırırıq.
“Əlvida, kirli Rusiya, ağalar, qullar ölkəsi!”
Günlərin bir günündə qonşum, yaxşı tanıdığım rus yazarı Vladimir Buşin (vaxtilə “Məmiş” romanımı alqışlamışdı) Moskvanın Qızıləsgər küçəsində mənə rast gəlib:
“Əclafı (daha ağır söz işlətdi) görürsənmi?!” – dedi.
“Kimdir əclaf?” – təəccüblə soruşdum.
“Lermontov!”
Çaşdım, duruxdum, eşitdiyimə inanmadım, Buşin isə şairin hamıya məlum:
“Əlvida, kirli Rusiya, ağalar, qullar ölkəsi!” misralarını qəzəblə söyləyib kinli baxışını mənə zillədi:
“Bunu deyənə nifrət edirəm!”
Qonşumun sərtliyini görüb dözmədim, əsəbi halda: “Mən isə, – sərt dedim, – məhz bu şeirə görə şairin aşiqiyəm!”
“Eləmi?!”
“Bəli, mənin eşitdiyin ürək sözlərimi yadında saxla: Lermontov vətənini sevən əsl rus ziyalısı idi!...”
Söz toqquşmamız sovet illərində olmuşdu, eşitdiyim, ölkədə yayılmış və hamının qəbul etdiyi ideyalara zidd idi: çar keçmişini tənqid edən Puşkin də (“Mənim qəddar əsrim...”), Qoqol, Gertsen, Saltıkov-Şedrin də məhz bu motivlərə görə alqışlanır, birinci vətənim isə həmişə olduğu kimi Rusiyanı təqlid edərək Mirzə Cəlilləri klassikləşdirmişdi.
Amma sovetlər dövründə paradoksal vəziyyət yaranmışdı: çar keçmişini söy, ifşa et, amma sosialist varlığını təriflə, cəmiyyətdə özünü açıq-aydın göstərən eybəcərlikləri görmə, qələmə alma!...
Tez bir zamanda dövran dəyişdi: qonşum, demə, yaxın gələcəkdən xəbər verirmiş!...
Həm Rusiyada, həm ittifaqın dağılmış hissələrində hamı birdən-birə “patriotlaşdı”: özgələrini könlün istəyincə vur-söy, tənqid atəşinə tut, amma özünə yumruq göstərmə!
Cəmiyyətin – quruluşun - millətin - insanların qüsurlarını göstərmək, qələmə almaq, tənqid eləmək yasaqlandı. İndi klassiklərin yazılarında olan tənqidi istiqamətlər ört-basdır edilir, üzə çıxarılmır və klassiklərə buna bənzər münasibət Azərbaycanda da yavaş-yavaş yayılmaqdadır.
Cəmiyyətin çoxluğunu təşkil edənlər, hətta Mirzə Cəlil demişkən, “obrazovınnılarımız” belə bu kimi tənqidi təhqir-böhtan sayır, rədd etməyə çalışır və mən tez-tez eşitməli oluram:
“Ay canım, axı, “danabaşlar” söhbəti kimə lazımdır?! Mirzə Cəlillərin, Sabirlərin heç yeridirmi?!”
Amma yorulmadan deyir və deməliyəm: ölkənin-millətin və beləliklə, özünün də nöqsanlarını görüb üzə çıxarmamaq, bunu yazmamaq ölkənin də, millətin də ziyanınadır, onun acınacaqlı gələcəyinə səbəb ola bilər... – alqışlar əvəzinə fitlər eşitsəm də, davam edəcəm: üç mindən artıq yaşı olan bədii ədəbiyyat göstərir ki, əsl, həqiqi Qələm əhlinin ümdə vəzifəsi-peşəsi varlığa tənqidi baxış olmalıdır.
Çünki oldun dəyirmançı!...