Orda bir el var, uzaqda...

Orda bir el var, uzaqda...
29 oktyabr 2014
# 17:29


(Bu gün Zəngilanın işğal günüdür)

Orda bir el var, uzaqda
O el bizim elimizdir
Getməsək də, gəlməsək də
O el bizim elimizdir.


... Cığırlarını ot basdı, arxların qurudu. Meyvə bağların bir daha bar verməz. Köpəklərin olsun ki, zəncirdə qudurub. Qapıların kilidli qalıb, səni kim qarğıdı, Vətən!


Oğlun-qızın şəhid oldu, qaçqın oldu. Qoltuqlara sığındı Babəklərin, Koroğluların. Yendilər səni məsum vətən. Nəbilərinin papağını güllə deşik-deşik edib. Balaların yad ellərdə toy elədi, ağsaqqalların yad torpaqlara qovuşdu. Çadırlarda doğuldu gələcəyin. Yaddaşlarda can verirsən, Vətən!


Ağkəndin, Seyidlərin, Bartazın yollarındakı at izlərini illərin yağışı yuyub. Çinar qoruğunun Xan çinarını illərin şaxtası qurudub. Xumarlı kəndindəki “Narlı dərə”də qurd-quş məskən salıb. “Qırxayaq”ın quzuqulağı, “Uzun dərə”nin yovşanı quruyub. Mincivan şəhəri şər oylağına çevrilib. Şəhri Şərifandan xəbər verən də qalmayıb. Həkəri çayı Alıbəylinin, Yenikəndin, Məmmədbəylinin, Sarılının, Babaylının göz yaşlarına çevrilib. Ağbizin, Gilətağın quşqonmazına yağı yiyələnib. Bir elin boğulub Arazda, Vətən!


İllərin qəribidir vətən, illərin gözü yaşlısıdır.

Bizə gəlincə, vətən sevgisini gələcəyə ötürə bilməyən naxələf övladlarıq. Bir-iki tədbir keçirməklə, xatirələr danışmaqla, günahkar axtarmaqla kifayətlənirik. Əfsus ki, belə “yığıncaq ”ların iştirakçıları da o torpaqlarda dövranını sürmüş yaşlı nəsil olur.


İlin iydə mövsümüdür. İydə ağacları yadıma düşüb. Əmimgilin bağlarındakı iydələrin şallanan vaxtıdır. Tikanlarından qorxub üstünə dırmaşa bilmədiyimiz, ətəklərini yoluşdurduğumuz ağac, səndə bilirsən nə qədər hikmət var idi. Əmim nə qədər qovsa da, qoşulub qızlarına sənə nə sitəmlər yaşadırdıq, iydə ağacı?!

qısılıb tənhalığın qucağına
nə düşünürsən, iydə ağacı?!
hər axşam günəşi gözləmisən,
hər səhər ayı
zaman başının üstündən

şütüyüb bilməmisən.
eh, əl elə dalımca, iydə ağacı,
əl elə
bəlkə qayıtmadım.

...Ah çəkmə, iydə ağacı, ahın dağlara. Olsun, bu həsrətdən sənin də bağrın yarılır. O ilin yazında yaman çiçəkləmişdin. Hamıdan çox biz sevinmişdik. Çünki sənə ən məhrəm insanlar da biz idik, köhnə ayaqqabılarla “maşın-maşın” oynayan burnufırtıqlı, aşırma şalvarlı kənd uşaqları... Yay bir göz qırpımında ötdü. Payız əvvəlcə ağaclara, sonra taleyimizə gəldi. Gözünü yoldan, qanqal basmış cığırlardan ayırma. Bir sabah, iydə ağacı, bir sabah, yolacağıq meyvələrini. Daşlayacağıq, selbalıyacağıq!


...Ulama, Bobik, ulama!

Görürsən ki, yaman fikirliyəm. Vətəni sənə buraxmışıq. Barı sən etibarlı ol, bizə baxma. Hərdən evimizin yanındakı yala çıx, hür dalımızca. Qarğa bizi. Evimizdə gözün olsun. Divara asılqan əvəzi vurduğumuz dəmir parçası. Ev sənə əmanətdir, haa! Mən nə görmüşəm ki, sənin yanında?!


...Həkəri-Laçın yolu, obadan muğayat ol. Sən axı bu yurdun şah damarı idin. Bütün toylar-yaslar sənin şahidliyinlə keçirdi. Bir-birinizdən göz-qulaq olun. Biz də əhli-kef bəndələrik. Daha doğrusu, uçuq bəndələr. El arasında belə bir qarğış var, analar övladlarını öldürən yağılara ünvanlayırlar: “Dirigözlü uçasan!”. Biz ki, kimsənin balasını öldürməmişdik.

Bəs kim qarğıdı bizi, Vətən!

Mən inanıram ki, bu qaranlıq ötüb keçəcək. Bir sabah gələcək, bir sabah! Qapılarını açacaq bu vətən üzümüzə. Sallayacaq iydə ağacları budaqlarını. Yenə toylu-bayramlı olacaq Həkəri-Laçın yolu. Həyətimizin girəcəyində salamlayacaq bizi Bobik. Mən inanıram! Siz də inanın və bir də yadınızda yaxşı-yaxşı saxlayın ki, inam hələ hər şey demək deyil.


Bu günü də suya verdik. Kimimiz yardım almağa, kimimiz balasına çörək axtarmağa getdi. Mən də oturub bu yazını yazdım. Bu il də sənə qovuşa bilmədik, Vətən!

Orda bir el var, uzaqda
O el bizim elimizdir.
Getməsək də, gəlməsək də...

# 1962 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #