Azərbaycan Dövlət Kukla Teatrının repertuarında özünəməxsus yeri olan “Gözəl və Bədheybət” tamaşası yenilənmiş kuklalar və yeni səhnə geyimləri ilə tamaşaçıla təqdim olunub.
Kulis.az xəbər verir ki, fransız yazıçısı Madam Leprens de Bomonun dünyaca məşhur əsəri əsasında hazırlanan tamaşa sevgi, mərhəmət, xeyirxahlıq və daxili gözəllik kimi dəyərləri ön plana çəkir.
Nağılın əsas ideyası zahiri görünüşün insanın həqiqi mahiyyətini müəyyən etmədiyini, əsl gözəlliyin insanın qəlbində, davranışında və başqalarına münasibətində olduğunu vurğulayır. Bir çox bədii və animasiya filmlərinə mövzu olan bu əsər müxtəlif nəsillərin maraqla izlədiyi klassik hekayələrdəndir.
Kukla Teatrının səhnə yozumunda isə tanış nağılın təqdimatına özünəməxsus yanaşma sərgilənir. Animasiya filmlərindən tanıdığımız sehrli dünyanın səhnə imkanları ilə yenidən qurulduğu tamaşada klassik kukla üslubu, müxtəlif texnikalarda hazırlanmış kuklalar və canlı plan oyunu vəhdət təşkil edir. Burada əsas diqqət yalnız kuklaların hərəkətinə deyil, aktyorun canlı ifasına, jest və mimikalarına, fərdi ifadə maneralarına da yönəlir. Kukla və aktyor ifasının qarşılıqlı əlaqəsi səhnə hadisələrini daha canlı, emosional və təsirli edir, tamaşaçıya nağılın duyğusal qatlarını fərqli şəkildə yaşamaq imkanı yaradır.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Cahangir Zülfüqarovdur.
Səhnə əsərində obrazları teatrın aparıcı aktyorları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Aygül Ağayeva, Cavid Telman, Rəhim Rəhimov, Araz Həsənli və Nərmin Əhmədova canlandırırlar.
“Gözəl və Bədheybət” tamaşası uşaqları nağılın sehrli dünyasına dəvət etməklə yanaşı, onlara insanı zahiri görünüşünə görə deyil, qəlbinə və əməllərinə görə qiymətləndirməyin vacibliyini aşılayır. Payız günlərində səhnəyə bahar ovqatı gətirən tamaşa balaca teatrsevərlərə və ailələrə unudulmaz teatr görüşü vəd edir.