Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Pamela Treversin “Meri Poppins” nağılı əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb.
Kulis.az xəbət verir ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
Tamaşada Aydan Həsənzadə, Xaliq Bəkirov, Zemfira Əbdülsəmədova, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova, Hüseyn Bayramov iştirak edirlər.
Meri Poppins heyvanların və quşların dilini başa düşür, bir çox heyrətamiz sirləri bilir və hətta uçmağı da bacarır. O, nağıl qəhrəmanlarını özünün sehrli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir. Müəllif Merinin simasında uşaqlarla səmimi olmağı, onların kövrək dünyasına səyahəti təqdim edir.