“Ər və arvad” komediyası nümayiş olunacaq

“Ər və arvad” komediyası nümayiş olunacaq
15 aprel 2022
# 11:30

16 aprel, saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin, şərqin ilk operettası – "Ər və arvad” musiqili komediyası oynanılacaq.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və səhnəyə qoyulduğu vaxtdan (1910-cu ildən) indiyə qədər repertuardan düşməyən, teatrsevərlər tərəfindən sevilən səhnə əsərinin budəfəki nümayişi Akademik Musiqili Teatrın tanınmış aktyoru, Əməkdar artist Ələkbər Əliyevin 65 illik yubileyi münasibəti ilə təqdim olunacaq.

Tamaşadan öncə teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edəcək, sevilən aktyorun yaradıcılığından danışacaq.

Ələkbər Əliyev bu tamaşada Mərcan bəy obrazını canlandıracaq. Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev, Nigar Qarayeva və başqaları yubiliyarla eyni səhnəni bölüşəcəklər.

Dəfələrlə Prezident mükafatına layiq görülən aktyor 2013-cü ildən “Əməkdar artist” fəxri adını daşıyır.

Xatırladaq ki, Musiqili Teatrın “Ər və arvad” tamaşası 2017-ci ildə İranda keçirilən Azərbaycan Mədəniyyəti Günlərində ölkəmizin teatr sənətini uğurla təmsil edib. Tamaşa Təbrizdə təşkil olunan 35-ci “Fəcr” Beynəlxalq Teatr Festivalının mükafata layiq görülüb.

# 2557 dəfə oxunub

Müəllifin son yazıları

# # #