24 yanvar 2025-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, GKİM-in Lənkəran-Astara regional nümayəndəliyinin və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə "Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında. Kimlər gəldi, kimlər getdi..." layihəsi çərçivəsində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Dram Teatrının tanınmış aktyoru, Əməkdar artist Təvəkkül Əliyevin xatirə gecəsi keçirilib.
Kulis.az xəbər verir ki, qonaqlar əvvəlcə Mərkəzin foyesində Təvəkkül Əliyevin həyat və yaradıcılığını əks etdirən sərgiyə baxış keçiriblər.
Tədbirin aparıcısı Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Prezident mükafatçısı Aynur Əhmədova çıxış üçün sözü Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovaya verib. Reyhanə xanım mərhum sənətkarın zəngin yaradıcılığı haqqında fikirlərini bölüşəndən sonra Mərkəzin rəsm studiyasında kətan üzərində yağlı boyalarla çəkilmiş portreti sənətkarın həyat yoldaşı, Xalq artisti və Azərbaycan Respublikası Prezidentinin fərdi mükafatçısı Böyükxanım Əliyevaya təqdim edib.
Daha sonra Dağıstan Respublikasının Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzər Hüseynova, GKİM-in Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qabil Quliyev, aktyor Allahverən Babayev, aktyor Əbülfəz Axundov, aktrisa Qızılgül Quliyeva, Qafqaz Müsəlmanları idarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ziyafət Əkbərov və musiqişünas-pedaqoq Fikrət Kərimli çıxış edərək Təvəkkül Əliyevin sənət yolu, səhnədəki unudulmaz obrazları, peşəkarlığı və teatr aləmindəki əvəzsiz xidmətləri haqqında söz açıb, sənətkarın həyatı ilə bağlı ürək sözlərini söyləyiblər.