Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu
18 iyun 2026
# 16:30

Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin "Pis uşaqlar planeti" pyesi əsasında hazırlanmış "Düzəlmə planetinə səyahət" ("Путешествие на планету исправлений") tamaşası Rusiyada keçirilən "Mir Teatra" VI Beynəlxalq Teatr Sənəti Müsabiqəsində "Teatr yaradıcılığı – Tamaşa" nominasiyasında I dərəcəli laureat olub.

Bu barədə kulis.az-a müəllif məlumat verib.

Müsabiqə İ.S. Turgenev adına Xeyriyyə Fondunun təşkilatçılığı, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, Dövlət Dumasının Mədəniyyət Komitəsi və digər rəsmi dövlət təşkilatlarının dəstəyi ilə cari ilin 1–15 iyun tarixlərində Moskvada onlayn formatda həyata keçirilib.

Müsabiqənin münsiflər heyətində Avstriya və Rusiyanın tanınmış teatr xadimləri, rejissorları və incəsənət mütəxəssisləri təmsil olunublar.

Qeyd edək ki, müsabiqədə özünəməxsus rejissor yozumu, aktyor oyunu və dərin dramaturji məzmunu ilə fərqlənən sözügedən tamaşa Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Nefteyuqansk şəhərində fəaliyyət göstərən, nüfuzlu “Zvezda Teatrala” mükafatının laureatı olan “Çayka” Gənclər Teatr-Studiyası tərəfindən səhnələşdirilib. Tamaşada studiyanın müxtəlif yaş qruplarını təmsil edən istedadlı aktyorlar çıxış ediblər.

Səhnə əsərinin quruluşçu rejissoru teatrın rəhbəri Larisa Miroslavina, tərtibatçı rəssamı Marina Vixrova, işıq rejissoru Sergey Katanenko, səs rejissoru isə Konstantin Fridrixdir. Səhnə arxasında aktyorların və texniki heyətin koordinasiyasını rejissor köməkçiləri Mixail Nefedov və Violetta Proxorova həyata keçiriblər.

Müsabiqə çərçivəsində teatrın rəhbəri Larisa Miroslavina və pyesin müəllifi Vüqar Haqverdiyev peşəkar fəaliyyətlərinə və teatr sənətinin inkişafına verdikləri töhfəyə görə xüsusi təşəkkür məktubları ilə təltif olunublar. Tamaşada iştirak edən aktyorlara isə fərdi diplomlar təqdim edilib.


# 124 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər