Yazıçılar İttifaqından qovuldu, peyğəmbərə görə ölüm fətvası verildi, küçədə qətlə yetirildi – Necə öldürüləcəyini öncədən yazan yazıçımız

Rafiq Tağı, yazıçı

Rafiq Tağı, yazıçı

23 noyabr 2021
# 21:00

Bu gün yazıçı Rafiq Tağının anım günüdür. Kulis.az bu münasibətlə “Azərbaycanın Çexovu” adlandırılan tanınmış həkim-yazıçımız Rafiq Tağı haqqında maraqlı faktları təqdim edir.

Rafiq Nəzir oğlu Tağıyev 1950-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub.

***

1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. Təhsilini başa vurandan sonra Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.

***

1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən isə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.

Gallery

Üst-üstə on bir il Moskvada yaşayıb. Moskva mühiti onu azad düşünməyə öyrədib. 90-cı illərin əvvəllərində o, çeçen olmaq istədiyini dilə gətirib. Bakıya gələndən sonra azad fikirlərinə görə burada yaşamaq onun üçün xeyli çətin olub.

***

Moskvaya təzə gedən vaxtlarda özünə qəşəng, tüklü bir papaq alır. Günlərin birində qarlı havada qaça-qaça dostlarının yanına gəlir. Ondan təzə papağını xəbər alanda məlum olur ki, əlində ağır zənbillər olan yaşlı kişiyə kömək etmək üçün zənbilləri kişidən alıb ona yolu keçməkdə köməklik edir. Yolu keçəndə kişi onun başındakı papağı götürüb qaçır. Rafiq əlindəki yükü yerə qoymadan kişinin ardınca qaçsa da, kişi qaçıb aradan çıxır. Rafiq sonradan zənbilləri açıb baxanda, çoxlu qəzet və bir neçə kərpic görür.

***

Rafiq Tağı yazılarına çox həssaslıqla yanaşan adam idi. Hətta deyilənə görə bir dəfə hansısa yazısındakı vergülə görə üç avtobus dəyişib redaksiyaya gedib, səhvi yerindəcə düzəldib evinə qayıdıbmış.

Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının rayon qəzeti "Çağırış"da, 1977-ci ildə "Fərqanə" adlı ilk hekayəsi "Ulduz" jurnalında çap edilib. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları Azərbaycanın və xarici ölkələrin dövri mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.

***

2004-cü ildə Səməd Vurğun haqda yazdığı "Qafqazın qartalı Şaumyan belə..." adlı essesinə görə, 1988-ci ildən üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən xaric edilib.

***

Rafiq Tağı "EQO" Yaradıcılıq Ordeninin, Azad Yazarlar Ocağının üzvü olub.

May be an image of 4 people

Günlərin birində Rafiq Tağı əlində təzə yazı “Ədalət” qəzetinin redaksiyasına gedir. Gənc xanım onun kağızdan diktə etdiklərini kompüterə köçürürmüş.

Qəzetin baş redaktoru Aqil Abbas bunu görüb zarafatla xanıma deyib:

- Diqqətli olun!

Aqil Abbas Rafiq Tağının yazılarındakı “iynə”lərdən ehtiyatlanırmış. Rafiq Tağı məsələni göydə tutub gülümsəyir:

- Aqil müəllim, bu məqalə deyil, hekayədir. Bədii əsərdir.

Aqil Abbas cavab verir:

- Sən adamın anasını hekayədə də ağladarsan!

Baba Vəziroğlu deyir ki, onun ən çox sevdiyi müğənni Elmira Rəhimova idi. Bir dəfə Baba ilə Rafiq Tağı küçədə Elmira xanımla rastlaşırlar. Rafiq Tağı gözlərinə inana bilmir, tez-tez Babadan soruşurmuş ki, həqiqətən bu, Elmira Rəhimovadır.

Baba Vəziroğlu:

- Hə də, Rafiq, odur!

- İnana bilmirəm! Elmira Rəhimova mənim ilk məhəbbətim, uşaqlıq sevgim olub, onun mahnılarını sevərək dinləmişəm, hətta dünyanı belə onun mahnılarını dinləyərək sevmişəm.

***

Bir dəfə Rasim Qaracanın evində qonaq olub. Doktor ilk dəfə Rasimgildə olurmuş. Həmin gün tarixi bir hadisə baş verir. Televiziya 11 sentyabr hadisəsini göstərir.

Sonralar Rasim Qaraca hər dəfə Rafiqi evə dəvət edəndə zarafatla deyirmiş:

"Gələrəm e, ancaq qorxuram, dünya dağılar".

Bir dəfə Əlisəmid Kür Rafiq Tağıyla küçədə rastlaşır, barmağını silkələyə-silkələyə deyir:

- Rafiq, yığışdır o cəncəl yazılarını, yoxsa bir gün səni yortacaqlar.

Rafiq Tağı əlini yelləyir:

- Yamyamlar ölkəsində yaşayırıq bəyəm?

Əlisəmid pərt olur, hörmətini saxladığı yazıçıya heç nə demir. Ancaq zaman Əlisəmidin haqlı olduğunu göstərir. Bir müddət sonra bu dialoq gedən yerdə Rafiq Tağını bıçaqlayırlar.

Aşura günündə ateist kimi tanınan Rafiq Tağı Əjdər Olun iş yerinə gedir və deyir ki, bu gün niyyətlərin qəbul olan günüdür, gəl Təzəpir məscidinə gedib nəzir paylayaq!

Qoşalaşıb məscidə gedirlər. Dilənçilərə bir qədər nəzir paylayandan sonra məscidin həyətinə girirlər. Bir neçə yerdə saqqallı cavanlar haray-həşirlə zəncir vururlar. Əjdər Ol işə tələsdiyindən gedir. Rafiq Tağı isə məsciddə qalır. Əjdər Ol tünlüyü yara-yara məscidin həyətindən çıxır. Darvazaya çatanda geri qanrılıb Rafiq Tağı tərəfə boylanır və gözlərinə inana bilmir: Rafiq bəy bayaq durduğu yerdə “Şah Hüseyn! Vay Hüseyn!” - deyənlərə dəm tutub sinə vururmuş. Birdən Rafiq Tağının gözü Əjdər Ola sataşır, çaş-baş qalır və enib-qalxan əli sinəsində quruyub asta-asta aşağı düşür.

***

Rafiq Tağı “Avropa və biz” adlı essesində Məhəmməd peyğəmbər haqda yazdığı fikirlərə görə həbs olunmuşdu. Dustaq olduğu vaxtlar yanına baş çəkən qələm dostlarından biri təklif irəli sürür ki, yazıçılarla dustaqlar görüşsün. Həmin görüş baş tutur, lakin Rafiq Tağı yazıçılar üçün ayrılmış masaya yaxın durmur. Dustaqların arasında özünə yer eləyib əlini çənəsinə dayaq eləyir və yazıçılara qulaq asır.

Təcili yardımda işlədiyi vaxt yataqxanada ağır güzəran keçirən bir qaçqın ailəyə xəstə üstünə gedir. Çıxanda balaca uşaqların suda çörək isladıb yediklərini görür. Gəlib bir həftəlik bazarlıq edərək geri qayıdır və ərzaqları qaçqın ailəyə verir.

Rafiq Tağı tutulanda o ailədə həmin islanmış çörəkləri yeyən uşaqlar böyüyüb Rusiyada ticarətlə məşğul olurmuşlar. Xəbəri eşidən kimi gəlib yazıçı-həkimin başsız qalan ailəsinə öz yardımlarını təklif edirlər.

***

Moskvada olan zaman yazıçı Saday Budaqlı ilə sıx münasibəti olub. Onlarla yaxın ünsiyyətdə olan adamlardan biri də Xalq yazıçısı Elçin idi. Rafiq Tağının dostlarından biri də Bəxtiyar Vahabzadə olub. Onlar mətbuatda bir-birinə açıq məktublar yazırdılar. Hətta, Rafiq bəy arada Bəxtiyar Vahabzadənin evinə qonaq gedirmiş.

Vladimir Qafarov adlı çox gözəl tərcüməçi, şair dostu olub. Ona Valodya deyirmişlər. Valodya ağır xəstəliyə tutulub yatağa düşəndə, tez-tez ağrıları olur, ona iynə vurmaq lazım gəlir. Bunun üçün də Valodyaya təcili tibbi yardımdan həkim təyin etmişdilər. Rafiq bu işi könüllü öz öhdəsinə götürür. Bu iş ona tapşırılmasa da, dostunu tək qoymur, çox vaxt özü onun yanına gəlir, insan kimi, həkim kimi Valodyanın qayğısına qalır. Valodya rəhmətə gedəndə isə onun haqqında yaxşı bir yazı yazır.

***

Rafiq Tağı çox səxavətli idi. Ondan pul, kömək istəyən adamlara “yox” demirdi. Ölümündən bir neçə ay öncə məzuniyyətə çıxır. Dostları ilə söhbət əsnasında "İnsan bu dünyaya gələ, İstanbulu görmədən gedə, böyük qəbahətdir. Kaş imkanım ola, İstanbula gedəm" - deyir.

Yazıçının 2006-cı ildə “Sənət qəzeti”ndə çıxan "Avropa və biz" məqaləsindən sonra iranlı ayətulla Fazil Lənkərani onun haqqında ölüm fətvası verir. Rafiq Tağının qətlindən sonra da Fazil Lənkəraninin oğlu ayətulla Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq, qatil barəsində "İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat" veriləcəyini yazır.

***

2011-ci ilin 19 noyabrında gecə saatlarında Rafiq Tağını evinin yanında bıçaqlayırlar. Rafiq Tağı xəstəxanaya aparılıb bir az düzələndən sonra televiziyaya verdiyi müsahibədə qatili haqda demişdi:

- Arxamdan gələndə tövşüməyini eşitdim. Hiss etdim ki, ilk cinayətidir və qorxur...

***

Rafiq Tağı bıçaqlananda yerində durmayıb, tez evə tərəf yol alıb. Qapını qızı açıb. Uşaq heç nə hiss etməyib. Atasının paltosunda qan ləkəsi-filan yox imiş. Qızı deyir ki, üzündə də heç nə hiss etmədim, həmişəki kimi səliqəli geyinmişdi: “Yerişində də qeyri-adi heç nə yox idi. Bircə ondan şübhələndim ki, məni qucaqlamadı. Axı o, həmişə işdən gələndə mənimlə qucaqlaşıb görüşürdü... Bu dəfə sadəcə “Qızım necəsən?” söylədi. İçəridə anama deyəndə eşitdim. Dedi, uşaqlara bildirmə, məni bıçaqlayıblar”.

Yaralanan gecə işlədiyi təcili yardım məntəqəsinə zəng edib, sabah işə gələ bilməyəcəyi üçün icazə alıb.

***

Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edir. Qurd qapısında dəfn olunur. Ölümünü yaşlı anasından gizlədirlər. Anası dünyasını dəyişənə qədər elə bilir ki, oğlu Rafiq sağdır və Miskvadadır.

***

Ən qəribəsi, Rafiq Tağı necə öldürüləcəyini “Qatilə didaktika dərsləri” adlı hekayəsində, ironik dillə, lakin faktları göstərərək qələmə alıb.

***

Ona verilən “Ən çox sevdiyiniz söz hansıdır?” sualına cavabı belə olmuşdu: “Öldürmə!”

# 29724 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #