“Bu, düşmənçilikdir!” – Ziyalılar rusdilli təhsildən danışdılar

 <span style="color:red;">“Bu, düşmənçilikdir!”  – Ziyalılar rusdilli təhsildən danışdılar
22 iyun 2017
# 13:20

Son vaxtlar sosial şəbəkələrdə rus dilində təhsil almaq məsələsi gündəm olub. Bir tərəf düşünür ki, rus dilində təhsil almaq uşaqların gələcəyi üçün əlverişlidir, onların mədəni səviyyəsi yüksələcək, dünyaya çıxışı asanlaşacaq. Bəziləri isə hesab edirlər ki, rus dilində təhsil almaq milli kökdən uzaqlaşmaqdır, öz milli kökünü unutmaqdır.

Kulis.Az bu barədə tanınmış qələm adamlarından açıqlama alıb. Cavabları təqdim edirik.

Aqil Abbas

- Oljas Süleymanov, Çingiz Aytmatov rus dilində təhsil almışdılar. Bəs nə oldu onların milli hisləri yerində qaldı? Necə oldu bu? Maraqlıdır, hə. Bizdə rus dilində təhsilə ona görə maraq var ki, Azərbaycanda təhsil zəifdir. Varlı, cibi pullular ingilis dilində oxumağa qoyurlar uşaqlarını, kasıbın balası da rus dilində oxumağa gedir. Bəs maraqlıdır, rus dilinə gedənlərə qəzəblidirlər, bəs ingilis dilinə niyə yox? Bu düzgün deyil. O vaxt Sovet məktəbi vardı, təhsil də güclü idi. İndi təhsilimizi hərə bir tərəfə çəkir. Hansı dildə təhsil almaq məsələsi hər fərdin öz işidir. Burda rusa meyllik ayrı məsələdir. Adam olar ki, Azərbaycan dilində oxusun, sonra da rusa agentlik etsin. Mən Azərbaycan dilində, doğma dilimizdə oxumuşam. Özü də Ağdamda rus məktəbində. Və yazıçı olmağıma, jurnalist olmağıma o rus məktəbinin təsiri olub. Ümumiyyətlə, bu müzakirə yersizdir. Baxıram, sosial şəbəkələrə. Biri Atatürkçü olub düşüb “Sakarya” deyir, o birisi Lenin, Marks olub kommunizmdən, sosializmdən danışır. Nə olub axı sizə? Kim hansı dildə oxuyur oxusun da. Bunu nə böyüdürlər e? Nə dava-qırğın yaradıblar? Mənim uşaqlarım Azərbaycan bölməsində oxuyub. Sizə deyim ki, Sovet vaxtı yazıçı-şairlərimiz öz övladlarını Azərbaycan dilində oxudurdular. Bu həmin dövrə bir görk idi. Elçin Şıxlı Azərbaycan dilində oxuyub, amma rus dilini rusdan yaxşı bilir. Bu məsələnin müzakirəsi mənasızdır. Davanı ortaya salıb gündəmi dəyişirlər, adamın əsəbləri oynayırlar, insanların beynin zəhərləyirlər. Təbii ki, mən də istəyərəm hər kəs öz ana dilində oxusun, ana dilini bilsin, yüksək səviyyəsi olsun. Amma rusca, ingiliscə təhsil alıb bir neçə dil bilməsi də çox gözəl hadisədir. Sevinərəm ki, mənim xalqımın balaları çoxlu dil bilir. Milləti millətnən qarşı-qarşıya qoymaq olmaz. Bir dəfə Rasim Müsabəyovun üstünə düşmüşdülər ki, bəs Azərbaycan dilində bilmir, öz doğma dilində danışa bilmir. Mən də onda bir yazı yazmışdım, bir cümləm aforizm kimi yayılmışdı: “Bizim kənddə hamı Azərbaycan dilini bilir”. Nə olsun axı? Onlar Rasim Müsabəyovun bildiyinin yarsını bilmirlər. Bütün kənd bir yerdə Rasim Müsabəyov deyil.

Sabir Rüstəmxanlı

- Bu elmi sübut olunub ki, insan öz ana dilində təhsil almayanda onda yarımçıqlıq kompleksi yaranır. Hər bir insan öz daşıdığı dildə oxumalıdır. O adam düşünməməlidir ki, öz dili, ədəbiyyatı başqa dillərdən, ədəbiyyatlardan zəifdir, aşağıdır. Azərbaycan dilli məktəblər pisdir, rus dilli məktəblər daha yaxşıdır. Bu yanlış düşüncədir. Bizdə indi lazımlı ədəbiyyat da var, müəllimlərimizin səviyyəsi də rus dilli müəllimlərin səviyyəsindən aşağı deyil. Rus dilində təhsil almaq məsələsini ortaya atanlar Qori seminariyasında rus dilini oxuyan ziyalılarımızla indiki rus məktəblərində təhsil alanları qarışdırmasınlar. O zaman həmin ziyalılarımız ana dilini mükəmməl bilirdilər. İndi isə rus məktəblərində ana dili sıfır səviyyəsində keçirilir. Ana dili unudulur, yaddan çıxarılır. Bakıda rus dilində oxuyanlar ana dilində oxuyanlara həqarətlə baxır. Biz Bakıda yaşayan ruslara özümüzü sevdirə, öz dilimizi, ədəbiyyatımızı sevdirə bilmirik. Rus məktəblərində ana dilimizi keçmirik. Çox qəribə bir məsələ var ki, rus məktəblərində oxuyanların əksəriyyəti azərbaycanlı uşaqlardı. Dünyanın heç bir yerində özünə hörmət eləyən, ləyaqəti olan, milli kökünə bağlı olan insan bunu eləməz, başqa dildə təhsil almaz. Artıq bu dil SSRİ-nin dili deyil, qonşu dövlətin dilidir. Əgər qonşu dildə təhsil almaq istəyirlərsə, ondansa getsinlər gürcü dilində, ya da ərəbcə, farsca oxusunlar. Axı hardan gəlir bu rus heyranlığı? Nazirlərimizin əksəriyyəti öz ana dilində bilmir. Bir dənə olsun öz dillərində ədəbiyyat oxumayıblar. Başa düşə bilmirəm, ruslara heyranlıq hardan qaynaqlanır? Azərbaycan-Rusiya tarixinin əsl tarixini öyrənmək lazımdır. 28 aprel günü 48 min Azərbaycan ziyalısını qurşuna dizən, tikə-tikə eləyən ruslar idi. Şəhidləri öldürüb tankla üzərindən keçən bir xalqın dilində təhsil almaq ləyaqətini unutmaqdır, milli hissiyyatını unutmaqdır. Bu fikri irəli sürənlər əmin olsunlar ki, Rusiya bir də Azərbaycana qayıtmayacaq, daha ölkəmiz onun oyuncağı olmayacaq. Artıq SSRİ, kommunist ideologiyası yoxdur.

Mən rus dilini öyrənməyin qarşısında deyiləm. Rus dilini öyrənmək lazımdır, onların böyük ədəbiyyatı var. Ancaq indi dünya ədəbiyyatının tərcüməsi türk dilində də var. Dünyaya çıxışı türk dilində də eləmək olar. Yaxud da ingilis dilini, fransız dilini, başqa dilləri öyrənmək olar. Nə qədər dil bilirsənsə baş ucalığıdır. Amma rus dilini öyrənməkdən ötrü rus məktəbində oxumaq lazım deyil. Bu öz dilinə üstdən aşağı baxmaqdır, öz millətini sevməməkdir. Bu düşmənçilikdir. Bunun başqa adı yoxdur.

Elçin Şıxlı

- Bizdə demokratik dövlət quruluşudur, hər kəs seçimində sərbəstdir, istəyən ana dilində, istəyən rus dilində təhsil ala bilər. Amma övladının öz ölkəsində yaşamasını istəyən valideyn uşağına ana dilində təhsil verməlidir. Çünki ilk təhsilini rus dilində alandan sonra nə qədər istəsən də ana dilini tam öyrənə bilmirsən. Amma rus dilində təhsil alanların milli kökdən uzaqlaşması məsələsi ilə razı deyiləm. Mərhum jurnalist Nəcəf Nəcəfov rus dilində təhsil almışdı, amma millətinə dəhşətli dərəcədə bağlı adam idi.

Amma bir şey də deyim ki, Sovet ittifaqında yaşadığımız dönəmlərdə də bizim ruslardan bir üstünlüyümüz var idi, çox sayda insanımız iki dilli idi - rus və Azərbaycan dilləri. Əlavə bir də ingilis, fars və başqa dilləri öyrənənlər də vardı. Amma ruslar bu məsələdə bizdən üstün deyildilər, onlar bir ana dilini bilirdilər, az sayda adam da başqa dillərdə bilirdi.

Heminqueyin əsərlərinin birində bir ingilis altı dil bilən italyan baronunun yanına qonaq gedir. Baron qonağa deyir ki, mümkünsə italyan dilində danışaq, mən başqa dillərdə danışmaqdan yoruluram. Bu həqiqətdir ki, xarici dil insanı yorur, ana dilində isə yorulmursan. Yəni bunları nəzərə almaq lazımdır.

Bir də Rusiya bizim qonşumuzdur, sevsək də sevməsək də böyük bir ölkədir. Həm də siyasi sistem baxımdan qara qüvvədir. Dilini bilmək lazımdır.

# 1498 dəfə oxunub

Müəllifin son yazıları

# # #