Sataşdığı qadınla evlənən məşhur qəzəlxan – MARAQLI ADAM

Sataşdığı qadınla evlənən məşhur qəzəlxan – <span style="color:red;">MARAQLI ADAM
31 yanvar 2018
# 09:00

Kulis.az “Maraqlı adamlar” layihəsindən görkəmli Azərbaycan şairi Əliağa Vahidin əhvalatlarını təqdim edir.

“Azərbaycan” nəşriyyatında şeirlər toplanırmış. Əliağa Vahid də gəlib şeirlərini deyir, makinaçı qadın yığırmış. Bir gün şair gəlmir. Qadın xeyli narahat olur. İş vaxtının bitməsinə bir az qalmış qapı açılır, Əliağa Vahid başını içəri uzadıb xırıltılı səslə deyir:

- Gəldim deyəm ki, bu gün olmayacam.

***

Makinaçı qızla başqa bir əhvalatı da var. Səməd Vurğun, Süleyman Rüstəm şeilərini gətirib almanax üçün verirlər. Vahid də gəlir. Makinaçı qadın onun köhnə-kürüş üst-başına baxıb gülür:

- Sən də şairsən?

Bu həmin məqam imiş ki, Vahid “El düşdü bütün heyrətə divanəliyimdən / Sirrim demədim kimsəyə mərdanəliyimdən” qəzəlini gətiribmiş.

Makinaçı qadının rişxəndinə pis olur, elə oradaca qəzələ bir beyt əlavə edir:

- Xakəstıri-eşqəm mənə təhqir ilə baxma

Min gənc çıxar zahirə vuranəliyimdən

***

Vahid bir səhər söz verir ki, bu gün araq içməyəcək. Hər gün “paxmel” açdığı kafenin qarşısından şəstlə keçib yüz addım atandan sonra dayanır və deyir:

- Vahid, səndə ki, bu hünər var, bunu yüz qramla qeyd eləməmək insafsızlıq olardı!

***

Həkim:

- Vahid, az iç, canını korlama.

Vahid:

- Allahın verdiyi canı sağ-salamat nəyə qaytarıram? Qoy bir az işlədim...

***

Vahidin ağciyərlərində xəstəlik olub. Özü də zəif adammış. Buna baxmayaraq onu yerli komissarlıq müharibəyə göndərmək istəyir. Tibb məntəqəsində “şaqat” edəndə ayağını qaldıra bilmir. Hərbçi onun üstünə qışqıranda o zaman orada həkim işləyən qəzəlxan Həkim Qəni iş otağından çölə boylanır və Vahidi tanıyır. Gəlib onu hərbçilərin əlindən alır, xəstəlik kağızını təsdiqlədir. Beləliklə, Vahid müharibədən qalır.

***

Deyirlər, Mir Cəfər Bağırov onu yanına çağırıb deyir:

- Mənə sən öl de ki, araq içməyəcəksən.

Vahid:

- Ağa, sən öl, içəcəyəm.

Onun mərdliyi Bağırovun xoşuna gəlir və şairi rahat buraxır.

***

Belə bir əhvalat da danışırlar: Vahidin adı repressiya olunacaq yazıçıların siyahısında Bağırovun stoluna gəlir. Bağırov onun üstündən qələm çəkib deyir:

- İçən adamdan vətən xaini olmaz!

***

Vahidə evi də Mir Cəfər Bağırov verib. Vahid ev üçün ona aşağıdakı mənzum məktubu yazıbmış:

Evimi görsə naxırçı, deyər, samanlıqdır,

Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,

Hücuma bax gecələr, gör nə hökmranlıqdır.

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,

İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

Çox ərizə yollamışam Baksovetə, Raysovetə,

Gözləməkdir işim, məsələ dumanlıqdır.

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,

Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

***

Vahiddən soruşurlar:

- Şair, deyirsən, Füzulinin yadigarı mən özüməm, bəyəm səndən əvvəlkilər pis yazırdılar?

Vahid:

- Seyid Əzimin Füzuliyə layiq, mənim də Seyidə Əzimə layiq beş-altı qəzəlim var.

***

Yazıçı-jurnalist Aqşin Babayev bir məktəbdə Əliağa Vahidlə görüş təşkil edir. Görüşdən əvvəl Vahidə proqramı açıqlayır. Deyir, görüş belə olacaq, elə olacaq, axırda da bədii hissə təşkil eləmişik –yeyib-içəcəyik!

Vahid:

- Bəlkə görüşü bədii hissədən başlayaq?

***

Səməd Vurğun Vahidi hər görəndə cibinə pul qoyurmuş və hər dəfə deyirmiş: “Ona borclu idim.”

***

Əliağa Vahid ət növbəsində dayanıbmış. Birdən radio elan verir: “Hörmətli dinləyicilər, indi müğənni Mustafa Payan Ağayi-Vahidin qəzəllərini oxuyacaq.”

Vahid köks ötürür:

- Kül o ağanın başına ki, iki kilo ətdən ötrü növbədə dayanacaq!

***

Özü deyirmiş: “Əmim Məşədi Ağabəy olmasaydı, dələduz uşaqlara qoşulub qazamatlarda çürüyəcəkdim.”

Əmisi Əliağanı mollaxanaya qoysa da, sonra nəzərini onun üstündən çəkir. Mollaxananın haqqını hər ay verə bilməyənlərdən biri də Əliağa Vahid olur. Mollanın tənəsi, danlağı uşağı boğaza yığır və o mollaxanadan qaçır. Amma ömür boyu orda öyrəndiyi hərflər ona kömək edir. Şeir yazmaqda da, redaktor işləməkdə də.

***

Vahid Hüseyn Cavidgilə tez-tez gedib-gələrmiş. Cavidin yoldaşı da məclis açarmış. İçki-filan da qoyarmış. Bir gün yenə gedir, Hüseyn Cavid deyir, mən içmirəm, tövbəliyəm, sən işində ol.

Vahid bədahətən deyir:

Cavid eylədi şəraba tövbə,

Ya rəbb, bizə çatmasın bu növbə.

***

Şair ahıl çağında, xəstə vaxtı xəstəxanada ona qulluq edən şəfqət bacısına sataşmaq üçün zarafatca deyir:

- Adamın belə arvadı ola!

Şairdən düz 25 yaş cavan olan şəfqət bacısı zarafata zarafatla cavab verir:

- Alsan, niyə olmur!

Zarafat-zarafat, axırı evlənirlər. Vahidin əvvəllər başqa həyat yoldaşı olsa da uşaqlarını bu qadın dünyaya gətirir.

# 5867 dəfə oxunub

Müəllifin son yazıları

# # #