Sosialist inqilabı bizə nə verdi?SORĞU

<b>Sosialist inqilabı bizə nə verdi?</b> – <span style="color:red;">SORĞU
7 noyabr 2017
# 14:21

Bu gün Böyük Oktyabr Sosialist İnqilabının baş verməsinin 100 illiyi tamam olur. Bu münasibətlərə “Böyük Oktyabr Sosialist İnqilabı mədəniyyətimizə nə verdi?” adlı sorğu keçirmişik.

Kulis.az cavabları təqdim edir.

Səfər Alışarlı (yazıçı):

Uzaqlaşdıqca o inqilabın cazibə qüvvəsi sanki artır. Niyə? Nə üçün? Qısa bir improvizasiyada bunu yalnız qısa izah etmək olar. O inqilab mövcud olduğu 70 ildə inqilabçılığı həyat tərzinin, ictimai münasibətlərin və cəmiyyət quruculuğunun apoqey nümunəsi kimi təşviq etdi. İdeologiyanı din səviyyəsinə qaldıraraq camaata çörək verməyin qayğısına qalmadı. Ötən əsrin 70-80-ci illərinin çörəyi 20-30-cu illərin çörəyindən fərqli olmalı idi, korrupsiya və rüşvətxorluğa uğramış sovet rəhbərliyi dünyanın və insan şüurunun dəyişdiyini vaxtında dərk edə bilmədi.

Rəsmi Lenin apofiozu xalq arasında tamamilə ifşa olunmuş və nüfuzdan düşmüş simasız leninizmdən çox fərqli idi. Hərbi sənaye və xüsusi xidmət korrupsionerləri beynəlxalq imperializmlə mübarizə adı altında dövlət büdcənin az qala yarısını yeyirdilər. Əməkçi xalq 12 manat pensiya alırdı, buna 12 kilo qənd almaq olardı. İnsanlara ev tikməyə, şəhərə köçməyə icazə verilmirdi. Mən, Moskvada institut bitirib qayıtmış Azərbaycan gənci, Bakı şəhərində pasport qeydiyyatına düşə bilmirdim. 70-80-ci illərdə mağazalarda geyinməyə layiqli paltar, ayaqqabı, yeməyə ət, yağ və başqa zəruri ərzaqlar tapılmırdı. Milli mədəniyyətlər basqı altında məhv edilirdi. Dünyanın ən zəngin ölkəsi niyə bu kökə düşmüşdü? Çünki dövlət idarəçiliyi düzgün qurulmamışdı. Bu idarəçiliyi qura bilməyən bütün dövlətləri eyni aqibət gözləyir.

Altay Göyüşov (tarixçi):

Sözsüz ki, sovet dövründə ictimai həyatın ən müxtəlif sahələrində irəliləyişlər baş verib. Bunu inkar eləmək mümkün deyil. Amma məsələnin başqa tərəfi var ki, əgər o çevriliş baş verməsəydi, bolşeviklər hakimiyyətə gəlməsəydi o yeniliklər baş verəcəkdi, ya yox. Mənim şəxsi düşüncəmə görə, hətta bolşevik çevrilişi olmadan, fevral inqilabının nəticələri əsasında yəqin ki, o dəyişikliklər də baş verəcəkdi. Tarixə hərtərəfli baxanda görürsən ki, əslində bolşeviklərin elədikləri bir çox işlər var ki, faktiki olaraq iyirmi-otuzuncu illərdə inkişafın qarşısını aldı. Nailiyyətlər daha çox stalinizmdən, yəni müharibədən sonrakı dövrə aiddir. O dövrdə sovetlərdə modernləşmə sürətlə gedir və ölkənin ictimai-mədəni həyatında ciddi dəyişikliklər baş verir. Amma inqilabdan sonrakı iyirmi il ərzində ölkənin mədəni həyatında inkişaf yox, əksinə geriləmələr oldu. Faktiki olaraq yetmiş il ərzində dünyada gedən proseslərdən kənarda qalmışıqdıq. Bu da yəqin ki, inkişafa mənfi təsirini göstərib. Ancaq bəzi müsbət meylləri qiymətləndirmək olar – bizim dilimiz. Bilirsiniz ki, Azərbaycanda XIX əsrin sonları, XX əsrin əvvəllərində tez-tez “Yazılı dili necə olmalıdır?” adlı müzakirələr gedirdi. Mən hesab edirəm ki, ötən əsrin 20-30-cu illəri, xüsusilə Cəfər Cabbarlının xidmətləri nəticəsində standart dilin yaranmasına ciddi təsir göstərdi, özü də müsbət təsir göstərdi. Düşünün ki, standart dilin formalaşması başqa istiqamətə də gedə bilərdi, amma bununla bərabər etiraf etmək lazımdır ki, bu prosesin özünün də ideologiya ilə əlaqəli neqativ tərəfləri olub. Amma bütövlükdə baxanda İkinci Dünya Müharibəsindən sonrakı dövr Azərbaycan mədəniyyətinin inkişafına ciddi təsir göstərib. Bu nöqteyi-nəzərdən onun üzərindən tamamilə xətt çəkmək mümkün deyil, hər halda bu inkişaf olub. Bu isə başqa sualdır ki, əgər bolşevik çevrilişi olmasaydı bu inkişaf o keyfiyyətdə olacaqdı, ya yox. Mənim şəxsi fikrimcə bəli o keyfiyyətdə olacaqdı.

Həmid Herisçi (yazar):

Sosialist inqilabı ilk növbədə ictimai şüurumuzun formalaşmasına təsir etdi. Maarifləndirmə, təhsil sistemi, pulsuz səhiyyə sistemi - bunlar hamısı SSRİ ilə bağlıdır. O dövrdə bizdə televiziya yaranıb. Bilirsiniz ki, bizim televiziya dünyada ən qədim televiziyalardandı, 1956-ci ildə yaranıb. Bundan başqa konservatoriya yaranıb. Bunların hamısını Böyük Oktyabr Sosialist İnqilabı ilə bağlayaq və o keçmişə çox da özümüzü düşmən bilməyək. Yazıçılar İttifaqının yaranmağı da elə Oktyabr İnqilabının ənənələri ilə bağlı olub və hadisələr göstərir ki, o layihə özünü doğruldub. Çünki yazıçılar o vaxta kimi heç kəs idilər, amma inqilabdan sonra onlar bir şəbəkəyə cəlb edildilər. Bəli onlar idarə edildilər, eyni zamanda böyük imkanlar da yarandı. Bu gün həmin ənənələrin müəyyən mənada bərpasına ehtiyac var. Böyük bir nəsrin yaranması, yeni şeirin yaranması da sosializmlə bağlıdır. Azərbaycan Oktyabr İnqilabi ənənələri ilə yaxşı yaşayıb, bu gün isə öz müstəqilliyinə qovuşub. Biz öz tariximizdən utanmırıq, orda heç bir qara ləkə yoxdur. Mən sosializm dövrünü qaralamağın əleyhinəyəm, əksinə o bizim yaxşı dövrümüz olub.

Həyat Şəmi (şair):

Böyük Oktyabr Sosialist inqilabının mədəniyyətimizdən aldıqları verdiklərindən çox oldu, məncə. Bu inqilab birinci növbədə milli məfkurəmizi əlimizdən aldı. Bunun əvəzində vahid sovet mədəniyyəti formalaşdırdı. Sovet mədəniyyəti isə zaman-zaman dünya mədəniyyəti inciləri sırasına daxil ola biləcək nümunələr yarada bildi. Bu nümunələr, xüsusilə kino sənəti sahəsində özünü göstərdi. Ədəbiyyatda sosialist realizmi tendensiyası istiqamət götürdü.

Böyük Oktyabr Sosialist İnqilabı cəmiyyəti və təfəkkürü kökündən dəyişməyə yönəltdi. Bütün mədəni proseslər və mədəni təbəddülatlar yeni yaranmış sosialist dövlətini təbliğ və təqdir etməyə yönəldi. Bunlar milli-mənəvi dəyərlərimizin aşınmasına gətirib çıxardı. Amma milli kimliyimizi və dilimizi bizə və bizim kimi mübariz millətlərə unutdura bilmədi. Deyirlər ki, bir milləti məhv etmək üçün birinci növbədə onun dilini əlindən alın. Yəni bu inqilabın bizə verdikləri də oldu, bizdən aldıqları da.

V.I.Lenin və onun yaratdığı fəhlə-kəndli hökuməti ilk onilliklərdə, həqiqətən də yoxsulun və kasıbın dövləti olub. Məktəb və universitetlərdə pulsuz təhsil, kollektivləşmənin ilk illərində torpağın ümumi mülkiyyətə çevrilməsi və sair. Demək istəyirəm ki, müsbət anlamda verdikləri də olub. Amma, bütün hallarda bir millətin və bir xalqın siyasi və mədəni şüurunun müstəqil və azad olması onu daha öncül millətlər sırasına çıxara bilər.

İlqar Fəhmi (yazıçı):

Sosialist inqilabı və ümumiyyətlə sovet sisteminin bizim mədəniyyətə verdiyi əsas istiqamət sosial realizmin yeganə düzgün yaradıcı istiqamət olması faktı idi. Yəni plüralizm inkar edilir, sosrealizm yeganə düzgün sənət yolu elan edilir, başqa üslublar isə mürtəce hesab olunurdu. Duzdu 60-70-ci illərdən başlayaraq fərqli sənət üslubları da yaranmağa başlamışdı, amma hakim üslub yenə də realizm qalmaqdaydi. Və əfsuslar olsun ki, postsovet ölkələri indiyə qədər bu təfəkkürdən qurtulmayıb, hələ də bizim düşüncəmiz realizm üstünə köklənib. Yəqin ki, bu düşüncələrin neytrallaşması üçün vaxt lazimdı. Axı zaman göstərdi ki, realizmi mütərəqqi, yerdə qalan üslubları mürtəce adlandırmağın özü də birtərəfli naqis düşüncənin məhsuludur.

Alpay Azər (yazıçı):

Böyük Sosialist İnqilabı yaxşı mənada bizə təhsil verdi. Məcburi təhsil ən azından, Azərbaycanda ibtidai savadı formalaşdırdı. Belə demək mümkünsə. Bu mənada yeni universitetlərin yaradılması da müsbət addım idi. Amma pis olan ideologiyanın mədəniyyətin hər sahəsinə girməsi idi, bu, məcburi şəkildə edilirdi. Bir də, Azərbaycan Xalq Cümhuriyyəti yaşasaydı, ölkədəki mədəni inkişaf çox güman, daha çox inkişaf edərdi.

Ramal Kazımov (rəssam):

Sosializm inqilabı adı kimi sosrealizm deyə bir cərəyan gətirdi. İçində bu ideoloji basqıya qarşı mübarizə də çox oldu. Deyneka, Tahir Salahov kimi rəssamların öncüllüyü ilə sərt üslub deyə üslub yarandı. Lakin mənim şəxsi düşüncəm budur ki, sovet incəsənət üçün ən axmaq mühit idi, hətta o dövrdə rəssam olmaq indi düşünəndə dəhşətli səslənir. O, dövrdə böyük rəssamlar oldu, lakin sosializm hamısını saxta bir ideologiyaya təzim etməyə çalışdı və çox rəssam qurban edildi. İliya Repin kimi rəssam Finlandiyaya qaçdı və tragik şəkildə öldü. Bunu sovet elədi. Bizim mədəniyyətə ciddi bir töhfə verib-verməməyinə gəldikdə isə hətta Gürcüstanda, Ermənistanda rəssamlıq akademiyası yarandı, ancaq bizdə qəsdən belə akademiya olmadı.

Xaqani Səfəroğlu (araşdırmaçı-jurnalist):

Bu gün bolşeviklərin “Böyük Oktyabr Sosialist İnqilabı” adlandırdıqları oktyabr çevrilişinin 100 yaşı tamam olur. Bu çevriliş nəticəsində Rusiya tamamilə yeni, heç vaxt tarixdə sınaqdan çıxmamış bir ideoloji platforma üzərində bərqərar oldu. Karl Marksın nəzəriyyəsinin Lenin tərəfindən işlənmiş variasiyasında olan sovet Rusiyası dana sonra imperiyanın digər ərazilərini də “dəmir və qanla” birləşdirərək Sovet Sosialist Respublikaları İttifaqına çevrildi. 70 il mövcud olmuş bu sistem unikal idi və fərqli idarəçiliyə söykənirdi. Bütün hər şey “yeni sovet insanı və kommunist cəmiyyəti” yaratmaq ideyası naminə səfərbər edilmişdi. Mədəniyyət də bu sırada yer alırdı. “Boleşvik inqilabı Azərbaycan mədəniyyətinə nə verdi?” sualına cavab birmənalı deyil. Bunun üçün müqayisə predmetinə üz tutmaq çox mühümdür.

1813-cü ildən sonra Azərbaycanın çar Rusiyasının tabeliyində qalmış ərazisində mövcud mədəniyyət daha çox Şərqdən götürülmüşdü. Yəni, o dövr üçün Avropa mədəniyyətinə və ictimai fikri ilə tanışlıq kütləvi deyildi və çox məhdud sayda insanlar bu anlayışa malik idilər.

Mədəniyyət dedikdə ilk növbədə təhsilə diqqət yetirmək lazımdır. Çar Rusiyasında əhalinin savad almasında ciddi problemlər var idi. 1897-ci ildə aparılmış sorğuya görə Rusiyada əhalinin cəmi 37 faizi savadlı idi. Bu hal 20-ci əsrin əvvəllərində müəyyən qədər dəyişməyə başlayıb. Çar II Nikolayın 1908-ci ildə təhsil sahəsində islahat tədbirləri müəyyən effekt verdi. Çarın ibtidai məktəblərin xərclərinin ödənilməsi üçün əlavə maliyyələşdirmə barədə fərmanı ilə bütün məktəblər 4 illik oldu. Bu layihəyə görə, bütün ölkə boyu “məktəblər şəbəkəsi”nin tikintisinə başlandı. İmperiya ərazisində bütün uşaqların məktəbə gedə bilməsi üçün məktəb binaları tikməyə başladılar. Bu xüsusən 1915-16-cı illərdə təhsilin vahid sisteminin yaradılmasına gətirsə də ümumilikdə Rusiya İmperiyasında ümumi, pulsuz və məcburi təhsil haqqında qanun olmayıb. II Nikolayın bu fərmanı savadsızlığın ləğvi üçün bir addım olsa da ümumi problemi həll etmədi. Məsələn, 1905-ci ildə imperiya əhalisinin 50 faizi savadsız idi. Bütün aparılan işlərdən sonra 1917-ci ilə qədər artıq əhalinin cəmi 60 faizi oxuyub yazmağı bilirdi.

Azərbaycanda da vəziyyət bu baxımdan ağır idi. 1913-cü ildə Bakı şəhərinin kişi əhalisinin 43 faizi, faiz qadınların 32 faizi savadlı idi. Şəhərdə ümumi savadlılıq isə 38,8 faiz idi. Amma kəndlərdə dəhşətli savadsızlıq hökm sürürdü.

Ümumilikdə 1897-ci ildən XX əsrin əvvəllərinə qədər olan dövrdə Qafqazda əhalinin cəmi 12 faizi savadlı idi. Oktyabr inqilabına qədər isə Rusiyada orta və ali təhsil çox aşağı səviyyədə olub.

O baxımdan SSRİ-nin kütləvi savadsızlığı ləğv etmək üçün apardığı siyasət unikal idi. Bu siyasət nəticəsində bütün şəhər və kəndlər üzrə 7 illik təhsil sistemi yaradıldı.

1939-cu ildə aparılmış siyahıyaalınmanın nəticələrinə əsasən SSRİ-də artıq 13 milyondan çox insanın orta təhsili var idi. Xüsusilə ilə milli respublikalarda xalq maarifi çox geniş inkişaf etmişdi. Artıq 1955-56-cı dərs ilində 50 milyon insan təhsil alırdı. İbtidai və orta məktəblərdə isə 30 milyondan çox uşaq oxuyurdu.

İncəsənət də çar Rusiyasından fərqli cəhətlər böyük idi. O zaman ayrı –ayrı milli ərazilərdə tək-tük mədəniyyət xadimləri tanınırdı. Ukraynada Şevçenko, Gürcüstanda Çavçavadze, Azərbaycanda Mirzə Fətəli Axundovun yaradıcılığını göstərmək olar. Amma sovet dövründə bütün respublikalarda talantlı insanların irəli çıxması üçün böyük imkanlar yaradıldı. Burada mühüm detalı da unutmamalıyıq: SSRİ-də istedadlı insan faktoruna yalnız onun ideoloji aspektdən yararlı olub-olmadığı şəklində baxılırdı. Yəni kommunist rəhbərliyi tərəfindən sərt və standart çərçivələr qoyulmuşdu və şairlər, yazıçılar, musiqiçilər, rəssamlar, kino işçiləri bu çərçivələrdə işləməyə məcbur idilər. “Sosializm realizmi” adlandırılan bu sistem “yeni sovet insanının” yaratmalı idi. Bunlar barədə çox danışılıb. Bunun üçün çox vaxt dünya mədəniyyət və incəsənətinin avanqard sayılan cərəyanlarından imtina olunur, “yad və zərərli” sayılırdı. Bu isə istedadlı insanların faciəsi ilə nəticələnirdi. İdeoloji çərçivələrdə təhsil alan sovet vətəndaşları gerçək dünyanın həqiqətlərini çox ağrılı və ehtiyatla qəbul edirdilər. Siyasi senzura sənət adamlarının başının üstündə “Domokol qılıncı” kimi dururdu. Amma hər halda SSRİ-də 60-cı illərdə başlanmış “ilıqlaşma” Azərbaycan mədəni həyatında çox böyük təsir göstərdi və sonrakı illərin ədəbi-mədəni mühitinin formalaşması üçün mühüm müstəvi yaratdı.

SSRİ-də mədəniyyət daha çox qərar vermək səlahiyyətində olan siyasi rəhbərlərin zövqü və prioritetlərinə möhtac olduğu üçün bu sahədə olan mədəni irsimiz də pərakəndədir. Yəni 30-50-ci illərdəki ədəbiyyat və sənət 70-80-ci illər üçün müəyyən qədər yad sayılır. Yalnız ən istedadlı şəxslərin, məsələn Üzeyir Hacıbəyov kimi dahilərin əsərləri ideoloji baryeri qıraraq özünü bəşəri mesajlarını saxlaya bilirdi.

Ancaq bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan Rusiya vasitəsilə Avropa mədəniyyəti ilə tanış ola bildi və bunun bir çox mühüm elementlərini milli mədəniyyətə müncər edə bildi.

Bunun nəticəsində Azərbaycan sovet epoxasında özünün böyük bəstəkarlarını, rəssamlarını, yazıçılarını yetişdirdi. Bu gün müstəqil Azərbaycanın əsas mədəni bazasını və tarixini sovet dövrünün həmin istedadlı şəxsləri təşkil edir. Hələ ki, vəziyyətimiz belədir...

# 2635 dəfə oxunub

Müəllifin son yazıları

# # #