Təzad - Pərvanə Əliqızının hekayəsi

Təzad - Pərvanə Əliqızının hekayəsi
4 iyul 2025
# 15:11

Kulis.az Pərvanə Əliqızının "Təzad" hekayəsini təqdim edir.

Aynadan baxan qızı tanıya bilmirdi. Özündən razı görkəmindən əsər-əlamət qalmamışdı. Ənlik-kirşanı güzgünün qabağına yığıb baxırdı. Nə edəcəyini bilmirdi. Başqa vaxt səhər yuxudan durar-durmaz, qısaqol köynəyini və cins şalvarı əyninə keçirib, qarson stilində kəsilmiş saçlarını darayıb işə tələsərdi. Anasının təkidi olmasaydı, çay da içməzdi.

– Ay bala, çay soyuyur, gəl də. Güzgülənmək də təzə çıxdı.

Əvvəlki dəlisov qız deyildi. Gah saçında, gah xarici görkəmində, gah da əllərində qüsur axtarırdı.

Oğul övladları olmayınca, atası onu oğlan kimi böyütməyi arzulamışdı. Heç vaxt başqa qızlar kimi don geyinməmiş, ənlik, kirşan istifadə etməmişdi. İstifadə etdiyi ətirlər də xasiyyəti kimi çılğınlıq aurası yaradan qoxular idi. Dəyişmək istəyirdi. Zərifliyi diqqət çəksin istəyirdi. Bacarmırdı... Anasından kömək istəsinmi? Axı qapını aramsız döyən anası da onun gözəl olmaq, güzgülənmək həvəsinə qəribə baxırdı. Ona elə gəlirdi, gənc qız olduğunu hamı unudub. Gizlətdiyi qadınlıq duyğusunun nə vaxtsa üzə çıxacağını gözləmir, ya da bu duyğuların üzə çıxmasını tamamilə istəmirdilər.

Bir neçə qohuma məxsus, ümumi həyət deyilən həyətdə əmisioğlanları ilə birlikdə böyümüşdü. Futbol oynamaqdan qıçları bir az əyri, sümüyü kobud idi. Yeriyəndə qollarını yana ataraq addımlayırdı. Bəyəndiyi yeganə xüsusiyyəti qaməti idi.

Nə etsəydi, daha gözəl görünərdi, görəsən? Kosmetikalardan əlini üzdü. Onlardan istifadə edə bilmir. Balaca bacısı bəzənməyi ondan yaxşı bacarırdı. Anasından kömək istəsə, “Bu nə həvəsdi?” – deyərdi. Dünən baş verənlərdən sonra, gizli hisslər bəslədiyi ona məhəl qoyacaqdımı? Qapı təkrar döyüləndə səbri daşdı.

Qız elə bil ağlamaq üçün himə bənd imiş. Kandarda görünməklə ağlamaq səsi evi götürdü:

– Nə istəyirsiniz?! Kişilər belə evdən çıxanda səliqə-səhmanına fikir verir. Öyrənmisiniz, şalvarı əynimə keçirib qaçmağıma.

Anası qızındakı dəyişikliyi artıq sezmişdi. Tez-tez kövrəlməyi səbəbsiz deyildi. Həmişə nigaran idi... Onu başqa qızlar kimi gəlinlikdə, yaxud qucağında körpəsi təsəvvür edə bilmirdi. İndi həm sevinir, həm də qorxurdu. Görəsən, qızın qəlbini yerindən oynadan adam kim idi? Necə adam idi?

16 yaşından müxtəlif restoranlarda, kafelərdə işləmişdi. İlk vaxtlar qohumlar atanı qınayırdılar:

– Qızını oxut, sənət sahibi et, – deyirdilər.

Gəncliyindən zərərli vərdişlərə qurşanmış, hansı qaranlıq işlərlə məşğul olduğu bilinməyən ata:

– O, mənim oğlumdur. Harada istəsə işləyər. Vəssalam! – demişdi.

Bir müddətdən sonra hamı susub, kənara çəkilmişdi.

Hər axşam qapıdan içəri girəndə: “Oğul belə olar!” – tərifindən sonra aldığı gündəlik 15-20 manat zəhmət haqqını atanın ovcuna sayır, sonra səhər işə getmək üçün yolpulu almaqdan ötrü gözünü onun əlinə dikirdi. Ala bilməyəndə, “ayaqla gəzə-gəzə gedərəm” – deyib, razılaşırdı.

Əlinə pul keçirdən ata isə dostlarının yanında özünü öyürdü:

– Bilirsiniz, mən heç vaxt kiminsə kölgəsinə sığınmamışam. Hər gün yeyib-içəcək qədər pulum var, – deyirdi.

Yeni işə başladığı restoran əvvəlki yerlərə bənzəmirdi. Ailəvi, sakit bir məkan idi. Kollektiv gənc oğlanlar və qızlardan ibarət idi. Qızların hər biri bacısı Lalə kimi baxımlı və gözəliydilər. Administratorları Rüfət adlı gülərüz, hər kəslə dil tapmağı bacaran gənc oğlan idi. Kollektivin ona olan xoş rəftarından hörmətə layiq insan olduğu hiss olunurdu. İşə gəldiyi gündən diqqətini öz üzərində hiss etmişdi. Əvvəl təzə işçi olmasıyla əlaqələndirirdi. Sonra zarafatlardan anlamışdı: ona xüsusi marağı var.

Dünən restoranda ad günü keçirən ailənin məclisi gec bitmişdi. Narahat deyildi. Bilirdi, tək getməyinə razı olmayacaq. Təxminən atasının evə gəldiyi saatlarda gəlmişdilər. Onu ötürüb geri dönmək istəyəndə küçədə atasıyla qarşılaşmışdı. Dostlarının məclisindən başı dumanlı ayrılmış ata yaxasından tutub:

– Sən kimsən mənim qızımı evə ötürürsən?! – deyə bağırdı.

Sevdiyi qızı nəinki başqalarının, hətta içki düşkünü atanın belə yanında müdafiə etməyə cəsarəti çatardı.

“Atam mənə ‘oğlusan’ deyir...” – sözləri qulağında təkrar səsləndi. İki əli ilə biləyindən tutub:

– “Oğulun” oğlan dostunun olmasına niyə təəccüblənirsiniz?! – deyərək, sərt hərəkətlə əllərini yaxasından qopardı.

Geriyə səndələyib, divara yapışmağına məhəl qoymadan yoluna davam etdi.

Səhər yuxudan oyananda ağırlaşıb daşa dönmüş başını o tərəf-bu tərəfə çevirib, axşam baş verənləri xatırlamağa çalışdı. Yuxu idimi, yoxsa gerçəkdən baş vermişdi? Ayağa qalxıb bir neçə addım səndələdikdən sonra özünü toplayıb mətbəxə keçdi.

Yanaşı tikilmiş iki otağı birləşdirən uzun, ensiz bir otaq idi mətbəx. Bir tərəfində mətbəx dolabları, bir tərəfində köhnə, çökmüş yumşaq mebel qoyulmuşdu. Tavanı alçaq evin bütün pəncərələri qapalı həyətə açıldığından və evdə həmişə siqaret çəkildiyindən, rütubətlə tütünün qarışıq qoxusu evdə ağır hava yaradırdı. Həyat yoldaşı pəncərəni açıb həm evin havasını dəyişir, həm də yır-yığış edirdi.

Yuxu ilə oyaqlıq arasında qadına xəbərdarlıq etməyi özünə borc bildi:

– Sən qızına nəzarət et! Hər adamla yoldaşlıq etməsin!

– Kimi deyirsən?

– Necə yəni kimi deyirəm?! Jaləni!

– Bəs “oğlumdu” deyirdin?

Deyəsən, yenə yuxuda eşidirdi. “Qaya ağırlıqda” başını qaşıdı, tüklərini tutub dartışdırdı. Yox, yuxudan oyanıb, ayıqdır, ağrını hiss edir – özünə təskinlik verdi. Axşam, gördükləri yuxu imiş. Onu kənara itələyən yuxuda gördüyü adammış. Dirsəyi sıyrılmışdı. Bu necə olmuşdu? Çox fikirləşib özünü yormaq istəmədi. Ən yaxşısı, arvada acıqlanmaqdır.

– Ay qız, mənimlə söz güləşdirmə! Nə deyirəm, onu da qızlarının hər ikisinə çatdır!

Qızının son günlərdəki dalğın vəziyyəti gözlərinin önünə gəldi. Sərxoşluqdan tam ayılmamış atanın xəbərdarlığını ona çatdırıb, qanını qaraltmaq fikri yox idi. Mövzunu dəyişmək üçün:

– Çay içirsən? – deyib, cavab gözləmədən çay fincanını qabağına qoydu. Başını ev işləri ilə qatmağa çalışdı.

Təkrar səhər baş verənləri düşünməyə başladı.

Anasına göstərdiyi kiçik üsyanından sonra heç nə yemədən evdən çıxdı. Metroya qədər piyada getdi. Nə edəcəyini götür-qoy etməliydi.

Axşam küçədən gələn səsləri eşidib, atasının içkili vəziyyətdə etdiyi hərəkətlərdən utanmışdı.

Daha gözəl görünmək cəhdləri mənasız idi. Dəyişmək istəməklə deyildi. Xəcalət çəkdiyi səbəblər imkan verməyəcəkdi. Yolun başındaca özünü məğlub saydı. Həyatına sırınmış təzaddan qaça bilməyəcəyini düşündü. İşdən çıxmaq – onu tərəddüdlərlə üz-üzə qoyan oğlandan uzaqlaşmaq qərarına gəldi.

Restorana çatanda, hamı ilə qaşqabaqlı görüşdü. Gəldiyi gündən xoş davrandığı iş yoldaşlarının üzünə baxmaq istəmirdi. Həmişə cəld hərəkət edən, bir göz qırpımında masaları səliqəyə salan qız indi yad qonaq kimi ətrafa baxırdı.

Səhərdən onun gərgin olduğuna göz qoyan administrator yaxınlaşıb nədən işə başlamadığını soruşdu.

– İşdən çıxmaq istəyirəm.

Gözləmədiyi halda eşitdiyi sözlər onu narahat etdi. Lakin vəziyyəti yumşaltmaq üçün zarafata keçdi:

– İşdən çıxmaq nədir? Sənin sayəndə vaxtlı-vaxtında nahar etməyi öyrənmişik. Getsən, bizi kim zorla yedizdirəcək? Səni heç yana buraxan deyilik!

Qız onun dediklərinə məhəl qoymadan, mətbəxdəki əşyalarını götürməyə getdi.

Birinci dəfə idi ki, ondan belə saymaz hərəkət görürdü. Arxasınca gəlib, israrla nə baş verdiyini soruşmağa davam etdi.

Ürəyinə şübhə düşmüşdü. “Atası ilə aramızda baş verən mübahisəni eşidib – nədir?” – deyə fikirləşdi. Yoxsa niyə belə etsin ki?

– Axşam evə gedəndə əhvalın yaxşı idi. Birdən-birə nə baş verdi? Niyə bu qərara gəldin?

Qarşısında onu dinləməyə hazır adam vardı. Bu ürəyincə idi. Lakin özünün diqqətə, qayğıya layiq olmadığını düşünürdü. Bacarsaydı, “Sən daha yaxşısını sevməyə layiqsən” – deyərdi. Fəqət indi getmək üçün bəhanə tapmalı idi.

– Hamınızdan bezmişəm! Nə sizi, nə də evdəkiləri görmək istəmirəm! Elə indi işdən çıxıb gedəcəyəm!

– İşdən getməyinə səbəb yoxdur. Evdə problem varsa, danış. Bəlkə, kömək edə bilərəm?

Onsuz da yalan danışmağı bacarmırdı. Onun göstərdiyi diqqətin qarşısında yalan uydurmağı özünə yaraşdırmazdı. Sanki belə davranmaqla rəncidə olmuş qızın bütün zəif tərəflərini üzə çıxarmağa çalışırdı. Atası ilə yad oğlanın arasındakı fərqi açıq-aşkar görürdü.

Çatan kimi əlindəki pulları alıb dostlarının yanına qaçırdı. İşləməyə başladığı gündən onların görüşü elə bu kiçik epizodlardan ibarət olurdu. Evə gəlməyini gözləyir, pulları ovcuna basan kimi “oğulsan” deyib aradan çıxır, bir də gecənin hansı yarısındasa qayıdırdı. Səhər işə gedəndə xorultusundan evdə olduğunu anlayırdı. Anasının ondan çox çəkindiyini bilirdi. Kiçik vaxtlarında uşaq fəndiylə özünü “ağıllı” göstərib atasının qəzəbindən qorunurdu. İşləməyə başlayandan səhər gedir, axşam gəlirdi. Anası ilə bacısı həmişə ondan şikayətçi idilər.

İndi qarşısında yad bir adam dayanıb onu anlamağa çalışırdı. Həm də heç bir təmənna güdmədən. Gözünü üzünə zilləyib, cavab gözləyirdi. Kürəyini pəncərənin tilinə söykəyib, yandakı aşbazlara məxsus stula çökdü. Səhər güzgünün qabağında oturduğu kimi əllərini dizlərinin üstünə qoyub, gövdəsinə dayaq verdi. Haçandan-haçana yavaş-yavaş danışmağa başladı:

– Utanıram! Buradakı qızlar kimi ola bilmirəm. Kişi kimi olmaqdan utanıram...

Yaşadığı və işlədiyi mühitə baxmayaraq, insanpərvərliyini, dürüstlüyünü, saflığını qoruyub saxlamışdı. İş yoldaşları ilə birlikdə nahar edəndə hamının qayğısına qalması oğlanın gözündə mehriban ailə mənzərəsi yaratmış və onu gələcəkdə yaxşı ana olacağına inandırmışdı.

– Kişi kimi olduğunu kim deyir?! Bunu sən istəməmisən ki! Başqasının səhvlərinə görə sən utanmalı deyilsən – öz atan olsa belə! Bəlkə də bizim aramızda baş vermiş mübahisədən xəbər tutmusan. Lakin bu mənim sənə qarşı düşüncələrimi dəyişməz.

Dünəndən ürəyini dara çəkən sualın cavabını onun dilindən eşitmişdi.

Vurulduğu oğlan atasının yaxşı adam olmadığını gördüyü halda onu qınamırdı.

Üzündəki ifadədən sözlərinin təsir etdiyini anladı. Bir az da ürəkləndi:

– Kobud saydığın hərəkətlərinin arxasında necə incə, həssas qadın jestləri olduğunu görmürsən. Mənim gördüklərimi görmürsən!.. O səbəbdən, atanın günahını üzərinə götürürsən.

Bilmədiyi tərəflərini gizli hisslər bəslədiyi adamın dilindən eşitmək onu çox kövrəltmişdi. Görəsən, bilsəydi, onun “dəlisov” sevgisinə gülməzdi ki?.. Yoxsa anasının gəlin kimi xəyal edə bilmədiyini o, artıq gəlinlikdə təsəvvür edirdi?

Uşaq kimi kövrəlib sığınmağa yer axtarırdı. Onun ürkəkliyini görüb mehribanlıqla:

– Səni qoruyacaq adam yanındadır. Onu başqa yerdə axtarma! – deyərək mətbəxdən çıxdı.

“Mənim gördüklərimi görmürsən!..” – sözü beynində təkrarlanırdı. Onda nə görmüşdü, görəsən? Mətbəxdəki iri metal tavada öz əksinə diqqətlə baxdı. İlk dəfə idi ki, öz əksini bəyənirdi.

# 96 dəfə oxunub

Oxşar xəbərlər

Ünvansız oğlan - Dərya Qılıcın hekayəsi

Ünvansız oğlan - Dərya Qılıcın hekayəsi

12:58 4 iyul 2025
Kənkan Abbas - Tağı Türkün hekayəsi

Kənkan Abbas - Tağı Türkün hekayəsi

16:00 2 iyul 2025
Ağ at -  Yasunari Kavabatanın hekayəsi - Azərbaycan dilində ilk dəfə

Ağ at - Yasunari Kavabatanın hekayəsi - Azərbaycan dilində ilk dəfə

12:34 2 iyul 2025
Uşaq - Sabir Etibarlının hekayəsi

Uşaq - Sabir Etibarlının hekayəsi

12:00 28 iyun 2025
"İnsanı səhnədən uzaqlaşdırın!.." - Oruellin ən qalmaqallı əsəri

"İnsanı səhnədən uzaqlaşdırın!.." - Oruellin ən qalmaqallı əsəri

12:00 25 iyun 2025
Üç adamın qırmızı günü - Vaqif Nəsibin yeni hekayəsi

Üç adamın qırmızı günü - Vaqif Nəsibin yeni hekayəsi

10:01 24 iyun 2025
# # #