Kulis.az Əsəd Qaraqaplanın yeni şeirlərini təqdim edir.
Günəşə sevgi demişdik
Allah kəssin ayrılığı
Bunu mənlə barış və get
Səni hər kəsdən çox sevdim
Di hər kəsə qarış və get.
Günəşə sevgi demişdik
Buludu kölgə göndərdi.
Biz bir dünya azad ikən
Bir kölə ölkə göndərdi.
Saçın da qaldı keşmişdə
Əllərin də ölüb getdi.
Məni yuvadan çıxaran
Dillərin də ölüb getdi.
Necə, nə cür kədərlidir
Bunu da indi bilmirəm
Birdən o sən adlı pərdəm
Nəyimə endi, bilmirəm.
Özünü də götür, çıx get
Sənin bu halın sən deyil.
Sən tanrıya bənzəməzkən
mən məndə məndə mən deyil...
Azadlıq roku
Burax, külək olum, burax, od olum
Burax, günəş olum, ya torpaq olum.
Burax, Tanrı olum - burax, sevgini
və o azadlığı taparaq ölüm...
Zalımıq həyatın sevgi qatında
bu min cür ağrının bir bədəli var.
Mənzərə belədir: baxıb görməyə
axırda deməyə: belə dəli var.
Onlar burda bizə ikrahla baxır
biz başqa dünyadan onlara yazıq.
Toplaşıb sevgisiz dünya qurublar
burda ona görə belə yalqızıq.
Bir az kənara çıx, ya da bir az sev
səni öldürərlər, uff da deməzlər.
Sən yenə doğulub, yenə sevərsən
yenə də sevməzlər, sev də deməzlər.
Bir aşiq ordusu toplasan belə
bir sevgi savaşı başlayar ancaq.
Hərə bir dərəyə, bir dağa qaçar
hamısı özünü daşlayar ancaq.
Burda orduların qan tökməsi var
burda savaşlarda can almaq şərəf.
Burda sevən əfəl, öldürən cəsur.
Səni buraxmazlar bizlərə tərəf.
Min il, milyon ildir təklənmişik biz
Ölmüşük, yenə də doğub sevmişik
Bir az külək olub sərinlətmişik
bir az yağış olub, yağıb sevmişik.
Bir az günəş olub bu qaranlıqda
doğmuşuq, insanlar yolun azmasın.
Bir az torpaq olub doyuzdurmuşuq
onlar acgözlükdən göyü qazmasın.
Bir az od olmuşuq, donub ölməsin
bizlərdən birini doğacaq ana.
Bir az Tanrı olub yaxınlaşmışıq
insan Tanrı kimi doğacaq ana.
Dünyanı nə qədər üstündə götür
həmişə dünyanın altı sənindir.
Mənim yarım göydə, yarımsa yerdə
səni sevmək üçün neyləyim indi?!..
Burax, külək olum, burax, od olum
Burax, günəş olum, ya torpaq olum.
Burax, Tanrı olum - burax, sevgini
və o azadlığı taparaq ölüm...
Azad olmalısan
Qapıldım küləyin musiqisinə
Ay da özü üçün dəlidir - təkdir.
Suyunuz gəlmirsə, işığı söndür
Aydan yerə qədər dəlilik çəkdir.
Gecə uzun-uzun, ağır-ağırdır
Gündüzdən keçibən yıxılır insan.
Yatmaq sevginin də məğlubiyyəti
Azad olmadıqca boğulur insan...
Mənə əl yetirnə, özüm yıxıldım
Özüm əllərimi yerə söykədim.
Dağ kimi dikəldim vulkan püskürüb
Sevgimin adına dəlilik dedim.
Rahatdır çözülmək torpaqda, daşda
Ağacda bar olmaq, çəməndə çiçək.
Bilərək yox olub yenidən doğmaq
Yenidən başlamaq - gecə və külək...
Nə fərqi nə dedim, nə yazdım indi,
Sənin dəliliyin üstündə yoxsa...
Yaşamaq - ya bir gün, ya bircə saat
Azad olmalısan, canın da çıxsa...
15 il sonra xəstəxanada qarşılaşarkən
İndi hansı şeirsən?
İndi hansı kitabsan?
Hər ikisini elədim -
bu qədərmi xarabsan?
Xəstəxana, gözəl yer
Sən saflıq, mən sarılıq...
Görürsən, bu dünyaya
Ölüm necə sarılıb?!
O deyiləm, deyirsən
Bacısıyam, nə gözəl
Adam belə doğmanı
Nə unudar, nə görər...
Adını da dəyişib
hələ Vəfa qoymusan
Tək yalqızlığı deyil,
bacını da soymusan
Mən unutmuşam daha
zamanı da, səni də.
Daha burda deyiləm,
görməmişəm yənidən...
Nömrəmi də götürdün
Nəyə lazımdı, bacı?!
Çoxdan bu yalqızlığın
Sona dirənib ucu...
Mən burda olduğum vaxt
Sən yox idin, O vardı
O da öz sevgisini
götürdü və apardı.
Bəlkə, təkcə anam var
bəlkə də, odur qızım
Qızlar çıxıb gedirlər
analar yox, ay quzum...
O dostumuz da öldü -
yox, özünü öldürdü.
Məni keç, o da səndə
sevgi o qədər gördü.
Rəssamlıq sənin işin,
rəssamlıq onun işi...
Ölüm şəkli çəkərək
yaratdın bu vərdişi.
Onun ruhu şad olsun
Sənin də canın elə.
Bura da bir şeirlik -
cəhənnəm, canım, elə...
İndi hansı şeirsən?
İndi hansı kitabsan?
Hər ikisini elədim -
bu qədərmi xarabsan?..