İllərdir müzakirə olunan “Kiçik dünya nəzəriyyəsi” təsdiq olunub. Dünyanın fərqli bölgələrində yaşayan və bir-birini tanımayan iki insanın ortaq tanışlar yolu ilə 7 mərhələdə əlaqə yarada bilməsi artıq öz təsdiqini tapıb. Alimlər bu araşdırma üçün MSN-dən (Messenger) istifadə ediblər.
Yeni tanış olan iki insan təsadüfən ortaq dostlarının olduğunu kəşf edəndə “dünya balacadır” deyib keçərlər. Elm də bu cür hadisələrə uzun müddət təsadüf kimi baxıb. Ancaq 1960-cı illərdən bu günə qədər elm dünyasında müzakirə olunan “Kiçik dünya nəzəriyyəsi” inkişaf edən texnologiyalar sayəsində təsdiq olundu. Bu nəzəriyyəyə görə, bir insanın heç tanımadığı başqa bir insana təxminən altı mərhələdə çata biləcəyi düşünülür. Yəni bütün dünya əslində tanışlardan ibarətdir.
Microsoft tədqiqatçısı Erik Horvitz ilə məsləkdaşı Jure Leskovec ilk dəfə məsələni qlobal səviyyəyə qaldırdılar. İki il çəkən araşdırmalarını yeni tamamlayan amerikalı elm adamları Microsoftun internet söhbət proqramı Messengerə aid qeydlərindən istifadə ediblər. Dünyanın yarısının mesajlaşdığı söhbət proqramının 2006-cı ildən bu günə qədər araşdıran iki elm adamı 180 milyon insanın 30 milyard yazışmasını gözdən keçirib. İstifadəçilərin kimlərlə yazışdıqları, harda olduqları ilə bağlı məlumatlar qeyd edilib. Şəxsi məlumatlardan isə istifadə olunmayıb.
Hamını bağlayan şəbəkə
Bir-birinə mesaj göndərən hər kəsi “tanış” kimi qəbul edən tədqiqatçılar 180 milyon insanı bir-birinə bağlayan “ən qısa zənciri” riyazi hesablama sayəsində təsbit edib. Bu hesablamaya görə, insanların 78 faizi ortalama 6.6 mərhələdə bir-biri ilə təmas qura bilər. 29 mərhələdə bir-birinə ulaşa biləcək cütlüklər də tapılıb, ancaq nəticə nəzəriyyəni təsdiq etməyə yetərli olub. Bir insanın “tanıdığının tanıdığının tanıdığının tanıdığının tanıdığının tanıdığının tanıdığı" vasitəsi ilə dünyadakı hər kəsə ulaşa biləcəyi təsdiqini tapıb.
Bu araşdırmadan çıxan nəticə bir çox mövzuda önəmlidir. Araşdırma dünyanın bir “şəbəkə” (network) şəklində olduğunu və inkişaf edən texnologiyanın bu görünüşü daha da diqqətə çarpan hala gətirdiyini göstərir. Həm yoluxucu xəstəliklərin, həm də internet viruslarının necə bu qədər geniş yayıla bilməsi artıq anlaşılacaq. Qloballaşmadan marketinqədək bir çox sahədə “kiçik dünya” təsirini yaxşı qavramaq işləri asanlaşdıracaq.
Altı mərhələlik Kevin Beykon oyunu
İlk dəfə 1960-cı ildə ortaya atılan nəzəriyyəyə görə, ortalama 6.2 tanış sayəsində dünyadakı hər kəsə çatmaq mümkündür. ABŞ-ın iki əyalətindəki 296 adam üzərində aparılan təcrübə ilə bu nəticə əldə olunub.
Təcrübədə iştirak edən adamlara heç tanımadıqları birinin ad və ünvanı verilmiş və onlara belə deyilmişdi: “Bu adamı tanıya biləcəyini düşündüyünüz bir yaxınınıza məktub yollayın”.
Eyni məktublaşma təcrübəsi 2003-cü ildə Kolumbiya Universiteti tərəfindən reallaşdırılıb və dünyadakı hər kəsə 6 mərhələdə çata biləcəyimiz təsdiq olunub.
“Kiçik dünya nəzəriyyə”sini populyarlaşdıran isə 1990-cı illərin əvvəllərində Amerika tələbələrinin oynadığı “Kevin Beykonun 6 dərəcəsi” adlı oyunu oldu. Oyunun məqsədi hər hansı bir aktyorun filmlərdə rol aldığı aktyor dostları vasitəsi ilə Hollivudun məşhur aktyoru Beykon ilə əlaqələndirilməsidir.
1) ABŞ-lı həkim Lavrens Einhorn
2) Einhorn Lans Armstrongu müalicə edib.
3) Armstrong “DodgeBall” filmində Vince Vaugnla birlikdə rol alıb.
4) Vaugn “Manyak” filmində Anne Heche ilə rol alıb.
5) Anne Heche “Volcano” filmində Lee Joneslə rol alıb.
6) Jones “JFK” filmində Kevin Beykonla rol alıb.