Mirzə Cəlillə Üzeyir Hacıbəylinin uğursuz bozbaş əhvalatı

Mirzə Cəlillə Üzeyir Hacıbəylinin uğursuz bozbaş əhvalatı
4 sentyabr 2019
# 08:45

Kulis.az Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabından (tərc: Mehriban Vəzir) maraqlı bir hissəni təqdim edir.

Bakurianinin gözəl təbiəti vardı. Havadan şam ağaclarının ətri gəlirdi. Adam çox yüngül nəfəs alırdı. Cəlil burada özünü çox yaxşı hiss edirdi. Çox şən idi və mütəmadi olaraq uşaqlarla zarafatlaşırdı. O, şehli çəmənlikdə ayaqyalın gəzməyi xoşlayırdı. Bir dəfə bağımızın yaxınlığından şırıltı ilə axan arxın sahilində gəzişirdi. Onun 3 yaşlı balaca oğlu Eddya özü stolun üstünə dırmaşıb qrammofonu işə saldı və valda türk milli rəqsini çaldırmağa başladı.

Mirzə Cəlil musiqinin şən səslərini eşidən kimi oynamağa başladı. Uşaqlar coşqunluqla bu nəşəli atanı alqışlamağa başladılar. Həmin vaxtda Bakurianidə bəstəkar Üzeyir Hacıbəyov ailəsi və qardaşı ilə birgə istirahət edirdi. Onlarla sözləşdik ki, bir yerdə meşəyə seyrə çıxaq. Gün üçün lazım olan bütün ərzaqı alıb səhərdən böyük dəstəmizlə meşəyə yola düşdük.

Image result for Bakuriani

Məni qolumdan tutub gətirmişdilər. Bir ağacın altında oturtdular. Cəlil Üzeyiri çox sevirdi. Onlar bir-biri ilə zarafatlaşır, uşaqlarla qaçıb oynayırdılar. Cəlillə Üzeyir ikisi günortaya bizim ən sevimli yeməyimiz olan bozbaş bişirməyi qərara aldılar. Bundan ötrü meşəyə odun dalınca getdilər. Odunu yığıb ocaq qaladılar, 3 dənə daş qoyub üstünə qoyun əti doğranmış qazan qoydular.

Onlar qazanın başına dolanırdılar, gah ocağa odun qoyur, gah bozbaşın dadına baxırdılar. Cəlil bişirdiyi bozbaşın tərifini göylərə qaldırmışdı, deyirdi, bu ləzzətdə bozbaşa hələ heç kəs heç yerdə rast gəlməyib.

Nəhayət, bişmiş hazır oldu. Qadınlar şam ağaclarının altında, çəmənliyin üstündə süfrə qurmuş, süfrəyə müxtəlif xuruşlar düzmüşdülər və uşaqları yeməyə çağırırdılar. Hamı möhkəm acmışdı və həsrətlə yeməyi gözləyirdi. Birdən kimsə bilmədən ocağın altındakı kösövlərin birinə bir dürtmə vurdu və ətirli bozbaş qazanı böyrü üstə çevrildi...

# 2494 dəfə oxunub

Müəllifin son yazıları

# # #