Bu gün tarixçi-alim, etnoqraf, türk xalqlarının tarixini dərindən araşdıran Lev Qumilyovun anım gündür.
Daxilində türklərə böyük rəğbət və sevgi olan Lev Qumilyov türk xalqlarının tarixinə yeni inqilabi baxışlarına və sovet ideologiyasına arxa çevirdiyinə görə Stalin və ətrafındakı türk düşmənləri tərəfindən etibarsız və təhlükəli adam hesab edilərək, həbsxanalara atıldı.
Amma 14 illik həbsxana həyatı onu yolundan döndərə, iradəsini qıra bilmədi və sonda o, əleyhdarlarına özünü görkəmli tarixçi alim kimi qəbul etdirə, onları özü ilə hesablaşmağa məcbur edə bildi. Bu böyük insan türk xalqları tarixinin öyrənilməsində önəmli rol oynayan və özündən sonra yeni düşüncəli tarixçilər nəsli yetişdirən tanınmış tarixçi alim Lev Nikolayeviç Qumilyov idi.
Onun haqqında sovet dövründə çox az-az və olduqca ehtiyatla danışırdılar. Buna səbəb onun imperiya ərazisinin yarıdan çoxunu əhatə edən keçmiş türk xalqları və tarixi barədə əsl həqiqətləri bütün aydınlığı ilə ortaya qoyaraq türklərin dünya sivilizasiyasına verdikləri əvəzsiz töhfələri qorxmadan dilə gətirməsi idi. Bu isə türk düşmənçiliyi üzərində qurulan və türkləri tarix boyu köçəri, mədəniyyətdən uzaq xalq kimi qələmə verməyə cəhd edən sovet tarix elminə qarşı, belə demək mümkünsə, üsyan, onların iç üzünü ifşa etmək anlamına gəlirdi. Ona görə də hara gedirdisə, qapılar üzünə bağlanırdı.
Amma o, ruhdan düşmür və sonda türk xalqları tarixi barəsində yazdıqlarını təkzibedilməz faktlarla sübuta yetirərək, əleyhdarlarını susdura, onlarda az da olsa özünə rəğbət oyada bilirdi. Bəlkə də bu, onun damarlarında axan türk qanından, zadəganlıq qürurundan irəli gəlirdi. Çünki o, ötən əsr rus və dünya ədəbiyyatının görkəmli simalarından olan tatar əsilli şair Anna Axmatovanın və Nikolay Qumilyovun ailəsində dünyaya gəlmişdi.
Valideynlərinin hər ikisi çar Rusiyasının apardığı işğalçılıq və assimilyasiya siyasəti nəticəsində məcburən xristianlığı qəbul edən tatar zadəganları nəslindən idi. Bəlkə də bunun nəticəsi idi ki, daxilində türklərə böyük rəğbət və sevgi olan Lev Qumilyov türk xalqlarının tarixinə yeni inqilabi baxışlarına və sovet ideologiyasına arxa çevirdiyinə görə Stalin və ətrafındakı türk düşmənləri tərəfindən etibarsız və təhlükəli adam hesab edilərək, həbsxanalara atıldı.
Təsadüfi deyil ki, filologiya elmləri doktoru A.Karimullin onun barəsində: “Stalinizmin tüğyan etdiyi ağır illərdə onun tədqiqatlarını yaxına buraxmırdılar, nəşr etdirə bildiyi əsərləri isə “tarix elmi senzuralarının” süzgəcindən keçirilirdi. Yazdığı əsərlər dərhal satılırdı və minlərlə elm adamı onları oxumaq istəyirdi. Çünki əsərləri az tirajla buraxılırdı. Elm adamlarının belə böyük marağına səbəb isə onun üzərində işlədiyi tədqiqat işinə yeni müstəvidən yanaşması idi. Onun “Etnogenez və yerin biosferi”, “Qədim türklər”, “Xəzər ətrafında minillik”, “Son və yenidən başlanğıc”, “Birinci türk xaqanlığının müfəssəl siyasi tarixi” əsərləri və digər kitabları bütün dünyada məşhurdur. O, türk, monqol, slavyan və Avrasiyanın digər xalqlarının həyatına dair çoxsaylı elmi əsərlər yazmasına baxmayaraq, daha çox türkoloq alim kimi tanınır”, - deyir.
Bu böyük insan türk xalqları tarixinin öyrənilməsində önəmli rol oynayan və özündən sonra yeni düşüncəli tarixçilər nəsli yetişdirən tanınmış tarixçi alim Lev Nikolayeviç Qumilyov idi.
Onun uşaqlıq, gənclik illəri ağır bir dövrə düşüb.
Lev Qumilyov 1912-ci il oktyabr ayının 1-də Çarskoye kəndində dünyaya göz açıb. Müəyyən səbəblər üzündən uşaqlığı Tver quberniyasının Bejetsk uyezdindəki Slepnevo malikanəsində keçib. Onun tərbiyəsi ilə də burada nənəsi məşğul olub. Bolşeviklər tərəfindən həyata keçirilən dövlət çevrilişindən sonra Qumilyovlar ailəsi kənddəki evlərini tərk edərək, Bejetsk şəhərinə köçməyə məcbur olub. Lev Qumilyov ilk təhslini də Bejetskdə alıb və orta məktəbi 1929-cu ildə başa vurub. Amma onun uşaqlıq illəri ağır bir dövrə düşüb. Bolşeviklər tərəfindən daim təhdid altında saxlanan ailə faktiki olaraq hər an ölümlə üz-üzə idi.
Bolşeviklər Anna və Nikolayın hər addımını izləyir və onların şeirlərində rejimə qarşı düşmənçilik motivləri axtarırdılar. Xüsusilə, Nikolay rejim düşməni kimi bolşeviklər tərəfindən qara siyahıya salınmışdı. Yeri gəlmişkən, Levin atası Nikolay dövrünün tanınmış şairlərindən biri hesab edilirdi. 1905-ci ildə Nikolayın seçilmiş şeirləri “Konkvistadorun yolu” adı altında nəşr edilib və bu, ona yeni bir şöhrət gətirib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra xaricə getməkdən imtina edən Nikolay bir müddət Petroqrad Şairlər Birliyinə rəhbərlik edib.
Şeirlərində ad çəkilməsə də, dolayısı ilə mövcud bolşevik rejiminə nifrət hiss edilirdi. Bunu həzm edə bilməyən bolşeviklər 1921-ci ildə Nikolayı əksinqilabi çevriliş cəhdində iştirak etməsi adı altında bəhanə ilə həbs edərək güllələyiblər.
Bu hadisə o vaxt 9 yaşı olan balaca Levdə ağır izlər buraxıb. O, bu dərdi ömrünün sonuna kimi unuda bilməyib.
Ailə həyatlarında baş verən digər hadisələr də balaca Levə psixoloji cəhətdən ağır təsir edib. Anası atası ilə yola getmirdi və bu da ailə daxilində tez-tez başağrıdıcı qalmaqallarla müşayiət olunurdu.
1918-ci ildə anası atasından ayrılaraq şair Vladimir Şileykoya ərə gedib. Anasının atasından ayrılması balaca Levin xeyli üzülməsinə səbəb olub. O, həyatdan küskün bir uşağa çevrilmişdi. Amma bu da hələ son deyildi.
1922-ci ildə anası Şileykodan da ayrılaraq bu dəfə sənətşünas N. Puninlə ailə həyatı qurdu. Atasının heç bir əsas olmadan saxta ittihamlarla güllələnməsindən sonra anasının yenidən ərə getməsi balaca Levə vurulan daha bir psixoloji zərbə oldu. O, ailədən kənarda oxuduğu məktəbdə də mənəvi sarsıntılara məruz qalmaqda idi.
İş orasındadır ki, orta məktəbdə oxuduğu illərdə Lev rejim düşməninin oğlu kimi həm sinif yoldaşları, həm də müəllimləri tərəfindən tez-tez təhqirlərə məruz qalırdı. Məktəbdə xüsusi istedadı, kitablara böyük maraq göstərməsi, əzmkarlığı, verilən tapşırıqları dərhal yerinə yetirməsi, çalışqanlığı ilə həmyaşıdlarından çox seçilirdi. Buna görə onun paxıllığını çəkənlər də çox idi.
Orta məktəbi bitirdikdən sonra Lev sənədlərini universitetə verdi. Lakin zadəgan nəslindən olmasını bəhanə gətirərək, onun sənədlərini qəbul etmədilər. Bunu görən Lev şəhər tramvay idarəsində qara fəhlə kimi işə düzəldi. Eyni zamanda o, əmək birjasında iş axtaran kimi növbəyə dayandı. Bundan bir il sonra 1931-ci ildə Levi Geoloji-Kəşfiyyat İnstitutunun ( o vaxt bu institut Faydalı Qeyri-metallar İnstitutu adlanırdı) ekspedisiya korpusunun tərkibində Sayana göndərdilər. Bir müddət işləyəndən sonra onu bu dəfə Pamirə göndərdilər.
Gənc Lev işdən azad vaxtlarında yerli əhali ilə tez-tez təmasa girir və onların yaşayış həyatı ilə yaxından maraqlanırdı. Bu isə ekspedisiya rəhbərliyinin xoşuna gəlmirdi. Lakin Levdə yerli əhali ilə əlaqəyə girmək hissi olduqca güclü idi və o, yerli əhali ilə isti təmaslarını davam etdirməkdə idi. Bunu görən ekspedisiya rəhbərliyi Levi işdən azad etdi. İşdən azad olması və üstəlik, geriyə qayıtmağa yol pulunun olmaması Levi Pamir ətrafındakı Doqarı sovxozunda malyariya xəstəlikləri stansiyasında sıravi əməkdaş (malyariya xəstəlikləri törədiciləri olan bataqlıqları dərmanlayan sanitar) kimi işə düzəlməyə məcbur etdi.
Doqarıda işə düzəlməsi onun gələcək həyatının müəyyən edilməsində mühüm rol olynadı. Yerli əhali ilə sıx təmaslara girməsi nəticəsində Lev qısa müddətdə tacik (fars) dilini və ərəb əlifbası ilə yazmağı öyrəndi. Zadəgan nəslindən olan və kifayət qədər imkanlı ailədə böyüyən bir ailədən çıxan bu gəncin zəhmətkeşliyi və işinə vicdanla yanaşması və yerli kasıb ailələrlə qaynayıb-qarışması, üstəlik, kifayət qədər siyasətdən uzaq durmağa çalışması ekspedisiya rəhbərliyində xoş təəssürat oyatdı.
Ona görə də Lev ekspedisiya rəhbərliyi tərəfindən yenidən işə götürülərək, bu dəfə onlarla Krıma yollandı. O, burada elmi-texniki arxeologiya ekspedisiyasının əməkdaşı kimi işləməyə başladı. Həmin ekspedisiyaya əslən Litva tatarı olan Q.A.Bonç-Osmolovski rəhbərlik edirdi. O, Lev Qumilyovda tarixə olan böyük marağı görərək, ona bəzi dəyərli məsləhətlərini verdi və onlar birlikdə paleolit dövrünə aid edilən “Acı Kaba” adlı qədim məskəndə aparılan qazıntı işlərində iştirak etdilər.
1933-cü ilin payızında Lev Qumilyov Leninqrada qayıdaraq, Elmi-Texniki Geologiya İnstitutunda işləməyə başlayır.
1934-cü ildə o, işinə vicdanla yanaşan və bütün tapşırıqları əsl zəhmətkeş kimi yerinə yetirən əməkdaş kimi müsbət xasiyyətnamə alır. Bu xasiyyətnamə ali məktəbin qapılarını onun üzünə açır.
Zaman