Həmidə xanım Mircəfər Bağırovu ölümdən necə qurtardı? – Tarixin Gizlinləri

Həmidə xanım Mircəfər Bağırovu ölümdən necə qurtardı? – <span style="color:red;">Tarixin Gizlinləri
24 aprel 2019
# 08:58

Kulis.az yazıçı-tədqiqatçı Mehriban Vəzirin rus dilindən çevirib nəşr etdiyi “Həmidə Xanım Cavanşir. Xatirələrim” kitabına yazdığı təqdimat yazısından Mir Cəfər Bağırovla bağlı hissəni təqdim edir.

Mircəfər Bağırovun sifarişi

Otuzuncu illərin əvvəlləriymiş. Günlərin bir günü yazıçı Mirzə İbrahimov Həmidə xanımın arxasınca o vaxtın qeyri-adi olayı olan “M-1” (“Emadin”) markalı qara maşın göndərib onu Yazıçılar İttifaqına dəvət edir. Böyük ehtiramla qarşılayıb bir xeyli kef-hal soruşur, diqqət, nəzakət göstərir, nəhayətdə mətləb üstünə gəlir. Deyir ki, yoldaş Bağırov arzu edir ki, siz öz xatirələrinizi yazasınız, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illərin mühüm bolşevik simaları haqqında bildiklərinizi qələmə alasınız.

Həmidə xanım təklifi məmnuniyyətlə qəbul edir. Elə oradaca ona ərizə yazdırıb bir günün içində Yazıçılar İttifaqına üzv götürürlər. Əsəri yazmaq üçün ona iki il vaxt verilir. Bu iki ildə yüksək maaş, xüsusi xidmət maşını, qıtlıq dövrü olduğundan “kremlyovski payok” deyilən ərzaq payı və başqa bu kimi imtiyazlar verilir.

Vaxt başa çatır və danışıq edildiyi kimi, Həmidə xanım yazdıqlarını götürüb yenə həmin o qara maşına – “M-1”-ə oturub Yazıçılar İttifaqına yollanır. Orada onu intizarla gözləyirdilər: yoldaş Mirzə İbrahimov yoldaş Bağırova hesabat verməli idi.

Yenə yüksək qəbul, yenə diqqət, nəzakət... Həmidə xanım 60-70 dəftərlik əsərini əlyazma şəklində İttifaqın sədrinə təhvil verib geri dönür. Növbədə yalnız kitabın çapı qalırdı. Sonrası da, vəd olunduğuna görə, nəhəng bir tiraj, böyük qonorar, təltiflər, görüşlər, məktəb dərsliklərinə, tədrisə düşmək və s. olacaqdı. Həmidə xanımı isə ən çox kitabın nəşri maraqlandırırdı. O, Qarabağın odövrkü vəziyyəti, atası – böyük maarifçi Əhməd bəy Cavanşir, ömür yoldaşı Mirzə Cəlil Məhəmmədquluzadə, özünün də həyat mübarizəsinə çevrilmiş “Molla Nəsrəddin”, Təbriz həyatı, ətrafındakı böyük insanlar haqqında hekayətləri gələcək nəsillərə ötürmək istəyirdi.

Bir ay sonra Həmidə xanım yenə Yazıçılar İttifaqına dəvət edilir. Mirzə İbrahimov yenə özəl nəzakət (zatən çox nəzakətli insan idi, həmsöhbətim olmuşdu), ancaq gərginlik içində deyir:

– Həmidə xanım, yoldaş Bağırov arzu edirdi ki, Siz bu əsərinizdə yoldaş Bağırovun – o alovlu inqilabçının Qarabağdakı bolşevik fəaliyyətindən də geniş şəkildə yazasınız. Bu əhəmiyyətli hadisəni gözlərinizlə gördüyünüzdən gələcək nəsillərə onun şəxsiyyətinin böyüklüyünü məhz Siz çatdırmalısınız. Bunun ideoloji işimiz üçün çox böyük əhəmiyyəti var. Mircəfər Bağırovun vətən və xalq qarşısında elə xidmətləri var ki, onlar gərək unudulmasın, kommunist gənclərə örnək olsun, gələcək nəsillərə ötürülsün.

Həmidə xanım Mirzə İbrahimova heyrətli bir nəzər salıb xeyli susur və nəhayət, sakit tərzdə və təəssüflə belə cavab verir:

– Mən görmədiklərimi yaza bilmərəm.

Bəs əslində o dövrdə Qarabağda nə baş vermişdi?

...Birinci Cahan savaşı illəri idi. Ağır çağlardı. Nikolay hökuməti inqilablardan və savaşdan sarsılmışdı. Çarizmin yerli nümayəndələri daha da azğınlaşmış, hökumətlə gizli əlaqədə olan qaçaq-quldur dəstələri bir az da quduzlaşmışdılar. Qarabağda bir kənddən o biri kəndə getmək mümkün deyildi; quldur dəstələri günün günorta çağı adam soyurdular.

Belə ağır vəziyyətdə isə hərzamankı kimi zülm xalqın payına düşmüşdü. Qafqazın başqa bölgələrindən, hətta İrandan da talançı, soyğunçu dəstələr Qarabağa axışır, yolları kəsir, gedib-gələnə basqın edir, gecələr kəndlərə soxulub camaatın olan-olmazını, mal-qarasını aparırdılar.

Bu quldur dəstələri çox vaxt öz aralarında nüfuz davası apararaq atışır, ölüb-öldürür, bir-birini basıb ərazidən çıxarmaq üçün savaşır, bölgədəki vəziyyəti daha da ağırlaşdırırdılar. Bu, Qarabağda çar istismarının – məmur talançılığının, yerli rus məmurların dəstək verdiyi erməni iğtişaşlarının baş alıb getdiyi, kasıb xalqın bir yandan aclıq, qıtlıq, epidemiya, bir yandan da qaçaq-quldur dəstələri əlində aciz qaldığı, nəfəsinin təntidiyi olduqca ağır dönəmdi.

Həmin günlərin birində Həmidə xanımın evində hökumət adamları qonaq imiş. Elə bu vaxt bir nəfər gəlib inadla xanım ağanı görmək istəyir.

...Mircəfərin göndərdiyi, saç-saqqal basmış, cır-cındır və çirk içində olan cüssəli adamı Həmidə xanım arxa otaqların birində qəbul edir. O, gözlərini yerə dikib deyir:

- Xanım, Mircəfər dedi ki, sənə çatdırım: göydə Allah, yerdə sən bizi qurtararsan.

Həmidə xanım Mircəfərin adını eşitmişdi. Bu tərəflərdə onun adı uşaqdan-böyüyə hər kəsə bəlliydi. Mircəfər Qarabağda ad çıxarmış bir neçə ünlü quldur dəstəsindən birinə başçılıq edir, yol kəsir, karvan soyurdu. Sözsüz ki, bunlar Həmidə xanıma da bəlliydi, ancaq hər kim olur olsun – üzünü görmədiyi, salam-əleyk kəsmədiyi, dara düşmüş bir Allah bəndəsi ən ağır günündə Həmidə xanıma əl açmışdı və bu əli geri itələmək onun təbiətinə yaddı. Elə Mircəfər də bu xanımın alicənablığını, səxavət və mərdliyini yaxşı bildiyindən külli Qarabağda o qədər pullu-hallı bəy kişiləri bir yana qoyub bu qadına pənah aparmışdı.

Bəlli olur ki, Mircəfərin quldur dəstəsi uzun müddət nüfuz davasında olduğu başqa bir dəstəylə atışmada mühasirəyə düşüb, qırılan qırılıb, qaçan qaçıb, çox az adam qalıb, qalanların da əksəri yaralıdır və bir kahada gizlənirlər, açığa çıxa bilmirlər. Yeyəcəkləri, sursatları, hər şeyləri tükənib. Düşmənləri təqibdən əl çəkmir. Xanım kömək edərsə buradan salamat çıxıb gedə bilərlər, yoxsa hamısı elə o kahadaca qalıb gəbərəcək.

Həmidə xanım onları evinə ala bilməzdi, ancaq Allahın umuduna da qoya bilməzdi. Bir az düşünəndən sonra nökərini həmin adama qoşub Abdal Gülablıdakı inandığı bir qohumunun – Camal bəy Mirzəyevin üstünə göndərir. Beləliklə, Mircəfər və başının qırılıb qalan yaralı, ac, bit basmış beş-altı adamı həmin gecə gizli yollarla Abdal Gülablıya aparılır və məhv olmaqdan xilas edilir. O qalan Mircəfər Camal bəygildə düz bir ay qalır, yaralarına dava-dərman edilir, əyin-başı sahmana salınır, təzələnir, yeyib-içib, əmələ gəlib ayağa qalxır. Axırda da kisəsinə pul, heybəsinə çörək qoyulub yenə gizli yollarla Bakıya yola salınır. Bu da olur Mircəfərin Qarabağdakı “inqilabçılıq” fəaliyyəti.

Yeri gəlmişkən, qeyd edim ki, Camal bəyin oğlu Şirin Mirzəyev Mircəfər Bağırovun vaxtında Ali Məhkəmənin baş hakimi işləyib. Ş.Mirzəyevin qızı Şükufə xanım isə fəlsəfə elmləri doktoru, professor olan görkəmli alim qadınlarımızdandır. Yəqin ki, həmin hadisə o bəy ailəsini çox bəlalardan xilas edib.

Aradan illər ötdü... Bir quldur, yolkəsən gəlib Azərbaycan Sovet Respublikasının başçısı təyin edildi. Əlbəttə, iştah diş altındadır. Həmin quldur hakimiyyət kürsüsündə otura bilirsə niyə də cəmiyyət üçün örnəyə çevrilmək istəməsin? Bir gün də o, ədəbiyyata, romanlara düşmək, qəhrəmanlıq mücəssəməsinə çevrilmək, sonra tarixçi alimlərin araşdırma mövzusuna çevrilmək, daha sonra da heykəlləşmək istər. O, yaşadığı natamamlıq kompleksini ört-basdır etmək üçün özündən milli qəhrəman obrazı uydurar və bu obrazı cəmiyyətə sırımaq üçün şərəfini manata və kürsüyə asanlıqla dəyişdirən şəxsiyyətsiz, yaltaq, zatıqırıq qələm əhlini şirnikləndirər, özünün şəxsiyyətinə pərəstiş yaratmaq işinə cəlb edər. Od püskürən, yaxıb-yandıran rejimin aləti olan Mircəfər də bunu etmək istəyirdi. Özünün saxta inqilabçı-ideoloq tarixçəsini yazdırmaq, çirkli keçmişini unutdurmaq üçün tarixin bütün dönəmlərində dövlət qurmuş, xalq idarə etmiş böyük Türk soylarından birinin övladı, Qarabağın şərəfli bəy kişilərindən birinin qızı, möhtəşəm bir Azərbaycan Xanımına ağız açmışdı.

Zamana diqqət yetirək – otuzuncu illərdi... Göydən od yağırdı... Ədalətsiz hökmlər, “xalq düşməni”, “vətən xaini” damğaları, kütləvi güllələmələr, sürgünlər, həbslər, nələr, nələr... İnsan öldürmək milçək öldürməkdən asandır...

On minlərcə adamın məhvi nə deməkdir, anlaya bilirikmi? Çox vaxt bu rəqəmi dərk edə bilmirəm, bu qədər insan ölümünü, sürgününü, müsibətini heç cür beynimə sığışdıra bilmirəm. On minləri sayıram-sayıram, bitmir, bir araya gətirirəm, gəlmir... Bu qədər adamı: körpəni, uşağı, gənci, qocanı, qadını, qızı... xəyalımda bir arada canlandırmaq istəyirəm, olmur. Çoxdur, çox! Hədsiz çox!..

Moskvadakı Böyük Cəlladın ən sədaqətli nökəri, “Azərbaycan” adlı torpaqdakı bu qanların müəllifi qara keçmişinə ağ boyaq vurmaq, özünü gələcək nəsillərə ideya savaşçısı, inqilab hərəkatçısı, xalq fədaisi kimi təqdim etmək üçün hədəfini əslində düz seşmişdi – o Böyük Xanımın sözünə və şahidliyinə cəmiyyətdə böyük inam vardı və yazdıqları onun yalan danışmadığına əmin olan insanlarda heç bir şübhə doğurmayacaqdı. Deməli, əlli il, yüz il sonra da qələmlərini pula batırıb sıradan bir qatili milli qəhrəman etmək həvəsinə düşənlərin işi asanlaşacaqdı – onların əlində danılması müşkül olan etibarlı qaynaq olacaqdı. Bununla həmin qatil növbəti bir ölümə də səbəb olmaq niyyətindəydi – Həmidə xanımın aydan arı təmiz adını məhv etmək istəyirdi. Ancaq o, ağlına belə gətirmədiyi gözlənilməz bir cavab aldı:

“Mən görmədiklərimi yaza bilmərəm!”.

# 6983 dəfə oxunub

Müəllifin son yazıları

# # #