Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni
2 fevral 2024
# 09:00

Kulis.az Namiq Hacıheydərlinin itmiş Mu qitəsi haqqında yazısını təqdim edir.

Bir zamanlar Sakit okean­da mövcud olmuş Mu qitəsi 12–14 min il əvvəl yeraltı təkanlar nəticəsində okeanın dərinliklərində qeyb olan sivilizasiyanın adıdır. Fərziyyələrə görə, Mu qitəsi Avstraliya materikindən iki dəfə böyük olub. Bu qitədə 50–70 min il əvvəl sivilizasiya ən yüksək həddə ça­tıb. XX yüzilliyin əvvəllərinə qədər Mu qitəsi ilə bağlı bütün bilgilər folklor müstəvisində idi və onun haq­qında deyilənlər mif və əfsanə hesab olunurdu. İlk dəfə ingilis alimi Ceyms Çörçvard bu qitə haqqın­da elmi araşdırmalara başladı və 50 illik tədqiqatlardan sonra, nəhayət, itmiş qitə və onun qeyb olmuş mədəniyyəti haq­qında elmi dəlillərlə çıxış etdi. Beləliklə, Mu mövzusu ciddi elmi araş­dırmaların obyektinə çevrildi.

Sonralar bu araşdırmaların davamçısı kimi türkiyəli Təhsin Mayatəpək Meksi­kada maraqlı faktlarla qar­şılaşır. O, burada on min illərlə yaşı olan lövhə üzərindəki yazılar və işarələrlə tanış olur. Mayyaların ay-ulduz simvolundan istifadə etdiklərini, mədəniyyətlərində şamanizmin izlərinin oldu­ğunu görür və çox təəccüb­lənir. Meksikada çalışdığı 3 il (1935–1938) ərzində Təhsin Mayatəpək gördüklərini və araşdırmalarını müntəzəm olaraq raport şəklində həm Atatürkə, həm də Türk Dil və Tarix Qurumuna göndə­rir. Onun raport­ları 3 cildlik kitab halında toplanır. Amma gön­dərdiyi 3 cildlik əlyazmanın 3-cü cildinin də taleyi Mu qitəsinin taleyi kimi olur. 1970-ci ildə əlyazmanın 3-cü cildi Türk Dil və Tarix Qurumu­nun arxivindən yoxa çıxır. Bu cilddə əski Mayya inanc­ları, ibadət və etiqadlarının qədim türk inancları ilə ox­şarlığından bəhs olunurdu.

Bununla belə, Meksikada tapılan lövhələr Mu qitəsinin sirrini çözmək üçün Təhsin Mayatəpəkə yardımçı olmuşdu. Amma ame­rikalı geoloq Vilyam Niven 1920-ci illərdən başlayaraq Meksikada axtarışlar aparsa da, uzun illər keçməsinə baxmayaraq löv­hələrin üzərinə yazılanların sirrini çözə bilməmişdi. Qədim mədəniyyətin sirlərini özün­də gizləyən lövhələrin bəzi­lərinin 22 min yaşı vardı.

Qeyd etdiyimiz kimi, bu lövhələri ilk oxuyan Ceyms Çörçvard idi. O bu mənbələrə istinadən qətiyyət­lə söyləyirdi ki, qədim dünyada bizdən daha üstün insanlar və daha yüksək mədəniyyət olub. Bu lövhələr, əslində, bizə məlum olan qədim hind, Babil, Şumer, Misir, Mayya və türk mədəniyyətlə­rinin Mu mədəniyyətinin varisi olduğunu göstərirdi.

Tapıntılar Mu mədəniyyə­tinin bütün mədəniyyətlərin anası, beşiyi olduğunu təsdiq edirdi. Təhsin Mayatəpəkin qarşısında dayanan əsas sual da məhz bu idi: ən qədim mədə­niyyətin – Mu mədəniyyəti­nin qədim türk mədəniyyəti ilə nə kimi əlaqəsi var?

O, Türki­yəyə göndərdiyi raportların birində yazırdı:

“70 min il öncə Munu tərk edib yola çıxan yüksək elm sahibi olan insanlar üç müxtəlif istiqamət seçdilər. Onlar Asiya, Avropa və Af­rika qitələrinə yayıldılar və yüksək mədəniyyətlərini də öz­ləri ilə bu yerlərə daşıdılar. İlk yola çıxanlar Mu qitəsindən Mayya adıyla çıxaraq Asi­yanın şərqində Uyğur adı alan Mu övladları idi”.

Ceyms Çörçvard da mayya­ların və uyğurların kökləri­nin Mu qitəsindən gəlməsi və dünyaya mədəniyyətin ilk dəfə onlar tərəfindən ya­yılması ehtimalı ilə razılaşır.

Təhsin Mayatəpək rapor­tuna davam edərək yazırdı:

“Uyğurlar Asiyanın şərqindən gəmilərlə çı­xaraq oradan Orta Asiya­ya, Balkanlara və nəhayət, Britaniyanın, İspaniyanın şimalına qədər yayılıblar. Beləcə, Asiyadan Avropa­nın qərbinə qədər Mu mədəniyyətini, dəqiq desək, qədim türk mədəniyyə­tini yayıblar”.

Təhsin Mayatəpək öz raportlarında təkcə Ceyms Çörçvardın araşdır­malarına əsaslanmırdı. O, Mayya dilini araşdırır və bu dillə türk dili arasında oxşar və ya eyni olan yüzlərlə sö­zü nümunə gətirirdi.

Türklərin ilk məskəni

Təhsin Mayatəpək Ceyms Çörçvardın araşdırmaları­na, yazdıqlarına və arxeoloji qazıntılar zamanı üzə çıxan lövhələrdən alınan bilgilə­rə əsaslanaraq yazırdı: “Qədim türklərin ilk vətəni və kökü indiyə qə­dər bildiyimizin əksinə olaraq Orta Asiya deyil, Sakit okeanda 200 min il öz möv­cudluğunu qoruyub-saxla­mış və sonra su altında qal­mış Mu qitəsi olub. Mu qitəsinin əhalisi Orta Asiya­ya, Mesopotamiyaya, Misirə köç etmiş və burada yüksək mədəniyyətlərini, dillərini və inanc­larını yaymışlar. Bu insanların bir qismi Hindistanın qərbindən gəmilərlə Bəsrə körfəzinin şimalındakı Fərat çayının mənbəyinə çataraq sonralar bu yerlərdə Akkad və bir qədər şimalda Şumer əhalisi kimi tanındılar”.

Sonralar da Türkiyə alimləri Sinan Meydan, Muazzez İlmiyyə Çığ və başqaları bu yöndə tədqiqatları uğurla davam etdirdilər.

Mayya və Azərbaycan dilində oxşar sözlər

Mayya və türk dilində, deməli, həm də Azərbaycan dilin­də işlənən yüzlərlə oxşar və ya ortaq söz var. Onlardan bəzilərinə diqqət edək:

  1. Axal – axıntı, su axıntısı, göl
  2. Akaan – su axını, sel
  3. Baat – balta
  4. Bal – baldız
  5. Bik – bükülmüş
  6. Çakav – atəş, od, yandır­maq
  7. Əlkaab – barmaq (əl bar­mağı)
  8. Emən – enmək
  9. Qalaan – qalmaq, zindan
  10. Kar – qar
  11. Kin – günəş, gün, çağ
  12. Kabah – qabaq, ön tə­rəf
  13. Kuç – güc, qüvvət; dirəniş
  14. Son – son, sonuc
  15. Sulan – sulanmaq, su­ya batırmaq, yaxalamaq
  16. Tasah – daşımaq, gə­tirmək
  17. Tuy – tük, saç
  18. Yalat – yalamaq, dadına baxmaq və s.

Tapıntılar və dəlillər

Mu mədəniyyətinin mövcudluğunu sübut edən dəlillər deyilənlərin heç də əfsanə olma­dığını sübut etməkdədir. On­lardan bəzilərinə diqqət edək:

– Sakit okeanda – bir zamanlar Mu qitəsinin mövcud olduğu ərazilərdəki bəzi adalarda olan ma­ğaralarda yaşı yüz min illərlə ölçülən rəsmlər tapılıb;

– burada bir zamanlar inanc yeri olduğu ehtimal edilən abidə qalıqlarına rast gəlinib;

– bu ərazidəki suyun altında hün­dürlüyü on metrdən yük­sək olan piramidalar aşkarlanıb;

– Sakit okeanda yerləşən Paskalya adasında ağırlığı tonlarla ölçülən heykəl qa­lıqları tapılıb;

– Barneo adasında yaşı 38 min il olduğu təxmin edilən qumaş parça qalıqları aşkarlanıb və s.

Göründüyü kimi, bu, kifayət qədər cid­di mövzu­dur. Düşünürəm ki, Mu qitəsinin varlığını, Mayya mədəniyyətini, əski Şumer və Akkad, eləcə də digər sivilizasiyaları dərindən öyrənmək, Azərbaycan mə­dəniyyətinin bu qədim mə­dəniyyətlərlə əlaqəsini aşkara çıxar­maq üçün ciddi elmi araşdırma­lara ehtiyac var.

"Aydınyol.aztc.gov.az"

# 4034 dəfə oxunub

Müəllifin son yazıları

# # #