Yazıçılar Birliyində ürəyini partlatdılar, ölümündə Süleyman Rəhimovu günahlandırdılar – “Qazaxşina”da ittiham olunan Xalq yazıçısı

Yazıçılar Birliyində ürəyini partlatdılar, ölümündə Süleyman Rəhimovu günahlandırdılar – “Qazaxşina”da ittiham olunan Xalq yazıçısı
10 mart 2021
# 15:02

Bu gün Xalq yazıçısı Mehdi Hüseynin anım günüdür. Kulis.az yazıçı haqqında maraqlı faktları təqdim edir.

Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olub. Yaradıcılıq fəaliyyətinə hekayə ilə başlayıb, ilk hekayəsi 1927-ci ildə nəşr edilib. Sonrakı illərdə yazıçının “Kin” povesti və siyasi motivli “Daşqın” romanı çap olunub.

***

“Tərlan", "Fəryad", "Tunel", "Qan intiqamı", "Kin", "Daşqın", "Səhər", "Vətən çiçəkləri", "Moskva", "Ürək", "Abşeron", "Qara daşlar", "Yeraltı çaylar dənizə axır" romanlarının, "Alov", "İntizar", "Şamil", "Qardaşlar" pyeslərinin müəllifidir.

Bir gün Mehdi Hüseyn Türkiyəyə gedibmiş. Qayıdanda özü ilə xeyli kitab-dəftər, qəzet-jurnal gətirir. Türkiyədən gətirdiyi kitab-dəftəri səhmana salan zaman hardansa Nazim Hikmət peyda olur. Türkiyədən gələn kitabları, jurnalları görəndə özünü itirir, birini götürüb o birini qoyur. Hər götürdüyü kitabı, jurnalı Mehdi Hüseynə göstərib, “Bunu mənə verərsənmi” deyir. Səfər eyforiyasından ayılmayan, başı səliqə-səhman işlərinə qarışdığından “vəziyyəti dəyərləndirə bilməyən” Mehdi müəllim dilinin zəhərli yerinə salıb deyir: “Nazim, indi gəlmişəm, qoy bir gətirdiklərimi yerbəyer eləyim, sonra nə istəyirsən götürərsən. Qaçhaqaçdı?! ” Birdən Mehdi Hüseyn fərqinə varır ki, Nazim Hikmət yoxdur. Necə peyda olmuşdusa, eləcə də qeybə çəkilib. “Bu necə oldu?” – Mehdi müəllimin dalağı sancıb. Görür ki, böyük şair gün eynəyini otaqdakı pianonun üstündə unudub!

Mehdi Hüseynin yanında olan Çingiz Hüseynov eynəyi götürüb Nazimin ardınca qaçır, ancaq Nazimi tapa bilmir.

***

Elçin Şıxlı müsahibələrinin birində deyir:
Atam danışırdı ki, 1960-cı illərin əvvəllərində Mehdi Hüseyn Türkiyədə səfərdə olur və həmin səfərdən qayıdandan sonra belə bir əsər yazır – “Bir ay və bir gün”. O, atama Əliağa Şıxlinskiyə görə, paşam deyirdi. Mehdi əmi siqareti müştüklə çəkərdi. Səfərdən həmən sonra görüşəndə atam onun yaman dalğın və həyəcanlı olduğunu görəndə soruşub ki, Mehdi müəllim, nə olub? O da cavabında papirosunu tüstüləndirib, paşam, mən həyatımı, deyəsən, səhv yaşamışam, deyib…

Mehdi Hüseyn 1958-ci ildən 60-cı illərə qədər Yazıçılar Birliyinin sədri olub. Həmin dövrlər isə İttifaqda amansız konfliktlər baş verir. Bunların ən dəhşətlisi isə 1960-cı illərin əvvəlində daha da şiddətli hal alan Mehdi Hüseyn və Süleyman Rəhimov ixtilafı idi. Mehdi Hüseynlə Süleyman Rəhimovun qovğası bu intriqabazlığın kulminasiya nöqtəsi hesab olunur.

***

Münasibətlərdə vəziyyət o həddə çatır ki, Azərbaycan SSR-nin o vaxtkı rəhbəri Vəli Axundov tərəfləri Mərkəzi Komitəyə çağırır. Mərkəzi Komitədəkilər münaqişənin səbəbini bilmək, daha doğrusu, iki qrupun öz ağzından eşitmək istəmişdilər. Cavablardan belə görünür ki, intriqanın kökündə ədəbiyyat məsələləri dayanır. Lakin yazıçı Sabir Əhmədli həmin dövrü xatırlayarkən deyir:
“Bunlarınkı sənət, məslək, ideya davasından artıq, şöhrət və qazanc üstündə idi…”

***

Deyilənlərə görə Süleyman Rəhimov adətən başına çalpapaq qoyduğundan onun tərəfdarlarını “çalpapaqlılar” adlandırırlar. Çalpapaqların başçısı Mərkəzi Komitədəki iclasda Vəli Axundova deyir: “Vəli Yusifoviç, təsəvvür edin ki, biz bir maşında gedirik. Bu maşının da sürücüsü Mehdi Hüseyndir. O, maşını yaxşı sürmür, çala-çökəyə salır, bizi də atıb-tutur, içimiz tökülür”.
Vəli Axundov cavabında dillənir:
“O, yaxşı sürə bilmir, siz də bir yandan onun başını qatır, sürməyə qoymursunuz”.

Süleyman Rəhimovla Mehdi Hüseyn arasında gedən intriqa 1965-ci il martın 10-da faciəli sonluqla nəticələnir. Qurumun Rəyasət Heyətinin gərgin keçən iclasında Mehdi Hüseynin ürəyində şiddətli ağrılar başlayır və o, elə iclas zamanı vəfat edir.

***

Həmin vaxt SSRİ Yazıçılar İttifaqı yanında Sovet xalqları ədəbiyyatı komissiyasında Azərbaycan üzrə məsləhətçi işləyən yazıçı Çingiz Hüseynov xatirələrində yazır:
“1965-ci il mart ayının 10-da günün axırında Markov məni təcili olaraq yanına çağırtdırdı. Onun kabinetinə daxil oluram. Markov qıpqırmızıdır, başdan-ayağa pörtmüş halda telefonda Bakı ilə danışır. Bir şey anlamadan “Necə öldürüblər?!” deyir və telefonun dəstəyini mənə uzadır. “Öyrən orda, Bakıda nə baş verib?” Dəstəyin digər ucundakı Yazıçılar İttifaqının katibi Nəbi Xəzridir. O, həyəcanla qışqırır: “Mehdi Hüseyni öldürdülər, birbaşa iclasda…”. Sonra isə qatillərin adını çəkir: “Süleyman Rəhimov!… Məmməd Rahim!…” Mən soruşuram, bu nə cəfəngiyyatdır? Nəbi Xəzri isə təsdiq edir ki, onu öldürdülər!

***

Hadisə baş verən gün isə iclas iştirakçılarının bir çoxunun imzası ilə akt hazırlanır. Aktda deyilirdi: “Bu gün, yəni mart ayının 10-da saat 3.40-da Rəyasət Heyətinin iclasında Süleyman Rüstəm, Süleyman Rəhimov və Məmməd Rahimlə Mehdi Hüseyn arasında mübahisə baş verdi. Süleyman Rəhimov və Məmməd Rahim Mehdi Hüseyni dəfələrlə təhqir etdilər. Bunun nəticəsində Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəfat etdi…” Sənədi imzlayanlar arasında Nəbi Xəzri, İmran Qasımov, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, İsmayıl Şıxlı, Əli Vəliyev, Əhməd Cəmil, Osman Sarıvəlli, Hüseyn Abbaszadə vardı.

Mehdi Hüseynin ölümü ilə nəticələnən hadisə barədə məlumat tezliklə SSRİ-nin hər tərəfinə yayılır və böyük müzakirələrə səbəb olur. Bir çoxları hadisənin araşdırılması üçün ittifaqın o zamankı Baş prokuroru Rudenkoya müraciət göndərməyi təklif edirlər: onların fikrincə, baş verən hadisəyə cinayət faktı kimi yanaşmaq lazımdır. Lakin Sovet rəhbərliyi məsələnin həllini Azərbaycan SSR KP MK-ya həvalə etməyi üstün tutur…

***

Yazıçı Cəlal Bərgüşad “Dünyada nələr gördüm” kitabındakı “Vəzifə və şöhrət davası” məqaləsində Mehdi Hüseynlə Süleyman Rəhimovun münasibətlərinə toxunur:
“İtifaqın birinci katibi məşhur tənqidçi və ədəbiyyatşünas Mehdi Hüseyn idi. O, çox prinsipial şəxs idi. Lakin həm qaraqabaq, həm də diliacı olduğundan çoxlarının ondan xoşu gəlmirdi. Ağa qara, qaraya ağ demək onun təbiətinə yad idi. Di gəl ki, Mehdi müəllimin də özünün çox böyük nöqsanı vardı. Qazaxlı səsi eşidəndə elə bil nəzən-billah Allahın səsini eşidirdi. Qazax-Tovuz zonasında iki-üç misra şeir qoşan və saz çalan aşıqların hamısını ucdantutma ittifaqa qəbul etmək istəyirdi. Məqsəd də o idi ki, seçki zamanı səsvermədə üstünlük əldə etsin. Mehdi Hüseyninin o vaxtlar Süleyman Rəhimovla arası möhkəm dəymişdi. Hərəsi özünü dahi sayırdı, hətta bir-birini inkar edirdilər. Kim böyük yazıçıdır? Kimi xalq daha çox sevir? Kimi xalq daha çox oxuyur? Bu, təbii ki, yazıçı qısqanclığı idi; keçmişdə də olub, gələcəkdə də olacaq. Mehdi müəllimin tərəfdarları mətbuatda Süleyman müəllimin əsərlərini, Süleyman müəllimin tərəfdarları isə Mehdi müəllimin əsərlərini möhkəm tənqid edirdilər”.

Mehdi Hüseynin qızı, rəhmətlik Zivər Hüseynova “Dəryadan damlalar” adlı xatirələr kitabında atası ilə Süleyman Rəhimovun münasibətləri haqqında yazır ki, onsuz da ürəyi xəstə olan, 51 yaşında infarkt keçirən Mehdi Hüseyni məhz bu iclasda əsəbiləşdirərək son həddə çatdırırlar.

# 6270 dəfə oxunub

Müəllifin son yazıları

# # #