Şübhəli qızlardan adres almağım - Günün şeiri...

Səməd Vurğun

Səməd Vurğun

27 may 2022
# 15:40

Bu gün görkəmli şair Səməd Vurğunun anım günüdür. Kulis.az bu münasibətlə şairin “Sevgi” şeirini təqdim edir.

Yenə də ruhumu gəzdi bir duyğu...
Götür albomunu, mən deyim, sən yaz!
Bizim dünyamızda günah deyil bu –
Səninlə üz-üzə danışsaq bir az.
Götür albomunu, mən deyim, sən yaz!

Gecələr yalnızam mən yatağımda,
Bilirəm yalnızsan hələlik sən də.
Xəyalım dağılır yellər əsəndə,
Dalıb düşünürkən öz otağımda,
Gecələr yalnızam mən yatağımda.

Söylə, təbiətə uyğunmu, səncə
Keçdiyim yollarda qalmasın bir iz?..
Özünü anlayıb, duyan bir gəncə
Gülüncdür bu başısoyuqluq şəksiz;
Keçdiyim yollarda qalmasın bir iz?..

Bax, məni incidir, ağrıdır bəzən
Hər axşam bir evdə qonaq qalmağım:
Rəngində ölümün kölgəsi gəzən
Şübhəli qızlardan adres almağım;
Hər axşam bir evdə qonaq qalmağım...

Bağışla, sevgilim, açıq söylədim!
Gizli nöqtələrə əl aparma sən.
Sonra o qızları, sorma neylədim.
Həyatın iç üzü örtünür bəzən.
Gizli nöqtələrə əl aparma sən...

# 2281 dəfə oxunub

Müəllifin son yazıları

# # #