Abid Tahirli
Vaxt haqqında ballada
Yumoru sevən Xalq yazıçısı Elçinlə xəyali söhbət, yaxud bütün yollar Romaya, bütün sualların cavabı “yazıram”a aparır
- Salam, Elçin müəllim, necəsiniz?
- Sağ olun, yaxşıyam, imkan düşəndə yazıram.
- Çoxdandır, görünmürsünüz?
- Yazı-pozu işləri ilə bağlı bir az bağda, bir az İstanbulda oldum, vaxt tapanda da yazıram.
- Uşaqlarınız, nəvələriniz necədir?
- Hamısı yaxşıdır. Onlarla vaxt tez keçir, ancaq vaxt tapanda yazıram.
- Bekar vaxtınızda darıxmırsınız?
- Darıxmağa vaxt var ki?! Vaxt olan kimi yazıram.
- Sizin yazmadığınız vaxt olurmu?
- Düzünü desəm, vaxt var ki, yazmayasan? Haradadır o vaxt! Bax, səninlə danışa-danışa da yazıram, yol gedəndə, məclisdə, təyyarədə, gəmidə, hətta yuxuda da, yazıram. Yayın cırhacırında, qışın sazağında, yazın leysanında, payızın ruzgarında - fərq etməz, ilin hər fəslində yazıram.
- Yeni bir əsəriniz varmı?
- Elə bir şey yoxdur. Təzə bir romanım var. Yenicə bir komediyanı bitirdim. İki təzə faciəm, 7-8 hekayəm bar, 3-4 məqalədir, cəmi bir dənə də elmi monoqrafiyam var. Vəssalam.
- Vaxtınızı çox almayım. Sağ olun, Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.
- Təşəkkürlər. Ancaq əsas vaxt arzulayın!