Tofiq Məlikli: “Çingiz Hüseynovun bu addımında bir az təxribat havası var”

Tofiq Məlikli: “Çingiz Hüseynovun bu addımında bir az təxribat havası var”
19 iyun 2014
# 17:58

Yazıçı Çingiz Hüseynovun Azərbaycan Yazıçılar Birliyindən istefa verməsinə münasibət bildirən AYB-nin Moskva bölməsinin sədri, professor Tofiq Məlikli “525”in əməkdaşına açıqlamasında bu hadisə ilə bağlı təəccüb və təəssüfünü ifadə edib: «Təəccüblənməyimin bir neçə səbəbi var. Əvvəla, bundan öncəki qurultayın qərarına və nizamnaməyə görə, bölmələr öz aralarında nümayəndələrini seçirlər.

Azərbaycan Moskva bölməsinin iclasında iki nəfər - mən və İlham Bədəlbəyli nümayəndə seçilib.

Bizim bölmə yarandığı zaman Çingiz Hüseynova müraciət etmişik, bizim bölmənin üzvü olub və sonra imtina edib. 2006-cı ildən bu yana bizim təşkilatın fəaliyyətində bu və ya digər şəkildə iştirak etməyib.

O həmişə özünü Rusiya Yazarlar Birliyinin nümayəndəsi kimi qələmə verib. Hətta bizim təşkil etdiyimiz tədbirlərdə belə Rusiya Yazarlar Birliyinin nümayəndəsi olduğunu bizə çatdırmağa çalışıb. Digər bir məqam ondan ibarətdir ki, Çingiz Hüseynov aylar öncə Moskvadan İsrailə köçüb. Bizimlə də heç bir əlaqəsi yoxdur. Bütün bunları nəzərə alıb sual edirəm: hansı qanunlara və qaydalara görə biz onu namizəd göstərməliydik və nümayəndə seçməliydik? Qəribə burasıdır ki, istefa verməsini AYB-nin
Rusiya bölməsinə, yaxud Yazıçılar Birliyinə ünvanlamır, bu barədə “Azadlıq radiosu”na məlumat verir.

Yəni mən onun bu addımında bir az təxribat və aranı qarışdırmaq havası olduğunu hiss eləyirəm. Mənə elə gəlir ki, istefa bəyanatının verilməsində bu hava öz rolunu oynayıb. Hörmət etdiyim ağsaqqal yazıçımızın bu hərəkətini heç cür başa düşmürəm və təəssüf edirəm. Bunun kiminsə tərəfindən yanlış yönləndirmə olduğunu düşünürəm. Onun çıxışına tam qulaq asmadığımdan mənə verilən məlumata dayanaraq bəzi şeyləri dəyərləndirirəm. Görünür, onun qurultaya dəvət edilməməsi, kitabının latın qrafikası ilə çap olunmaması, başqa istəklərinin həyata keçməməsi bütün narazılıqlarını bir yerə toplayıb. Amma fikrimcə, bu narazılıqlar yersizdir, bu narazılıqların altında nə isə başqa bir cəhət dayanır».

525.az

# 2013 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #