Naxçıvandan AYB rəhbərliyinə SƏRT İRAD: “Mövqeyiniz başa düşülən deyil”

Naxçıvandan AYB rəhbərliyinə SƏRT İRAD: “Mövqeyiniz başa düşülən deyil”
21 iyun 2014
# 14:19

Naxçıvan Yazıçılar Birliyinin bir neçə üzvü Azərbaycan Yazıçılar birliyinə müraciət edib.

Lent.az-a daxil olan müraciətdə bildirilir:

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Naxçıvan Muxtar Respublikasında yaradıcılıq təşkilatlarının birlikləri fəaliyyət göstərir. Digər yaradıcılıq birliklərindən fərqli olaraq Naxçıvan Yazıçılar Birliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında yaradıcılıq əlaqələrinin yaradılması mümkün olmamışdır. Naxçıvan Yazıçılar Birliyi tərəfindən bununla bağlı göstərilən təşəbbüslər də cavabsız qalmışdır. Rəsmi dəvət göndərilməsinə baxmayaraq, Naxçıvan Yazıçılar Birliyinin 2012-ci il oktyabrın 19-da keçirilən konfransında Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri iştirak etməmiş, konfransa müraciət göndərilməmişdir. Nəzərə almaq lazımdır ki, Naxçıvan Muxtar Respublikasında yaradıcı ziyalılar birliyinin fəaliyyət göstərməsi muxtar respublika ədəbi mühitinin inkişafına, ümumilikdə isə Azərbaycan ədəbiyyatının inkişafına öz töhfəsini vermək məqsədinə xidmət edir. Son illər Naxçıvan Yazıçılar Birliyi üzvlərinin 2000-ə yaxın kitabı çap olunmuşdur ki, bunların da 100-dən artığı uşaq ədəbiyyatına aiddir. Naxçıvan Yazıçılar Birliyi üzvlərinin 31 nəfəri Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının orden, medal və fəxri adlarına layiq görülmüşdür. Yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması üçün təsis edilən “Prezident mükafatı”na isə namizədlərin verilməsi proseduru, nədənsə Naxçıvan ədəbi mühitini də əhatə etmir. Bununla bağlı Naxçıvan Yazıçılar Birliyinin verdiyi təkliflər Azərbaycan Yazıçılar Birliyi tərəfindən nəzərə alınmır. 2014-cü il iyunun 17-də Azərbaycan Yazıçılar Birliyinin XII Qurultayı, bir gün sonra isə Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi keçirilmişdir. Qurultaya Naxçıvan Yazıçılar Birliyinin 8 üzvü dəvət olunmuşdur. Naxçıvandan gələn üzvlərə də lazımi münasibət göstərilməmiş, onlar üçün qurultay nümayəndələri sırasında deyil, iştirakçılar sırasında yer ayrılmış, Naxçıvan Yazıçılar Birliyi üzvlərinin qurultayda çıxışı təmin edilməmiş, birliyin seçkili orqanlarına muxtar respublika yaradıcı ziyalılarından bir nəfər də olsun daxil edilməmişdir. Bundan başqa Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubiley tədbirinə də Naxçıvan Yazıçılar Birliyinin üzvləri dəvət edilməmişlər. Naxçıvan Yazıçılar Birliyi bu günə qədər keçirilən müxtəlif səviyyəli tədbirlərdən kənar qalmışdır. Naxçıvan Muxtar Respublikasında ədəbi mühitin inkişafına stimul vermək, burada yaşayıb-yaradan yazıçı və şairlərin fəaliyyətini dəstəkləmək vəzifə və bununla yanaşı, ən azından vətəndaşlıq borcu olmalıdır. Lakin bütün bunların əksinə olaraq Azərbaycan Yazıçılar Birliyinin mövqeyi heç cür başa düşülən deyil. Azərbaycan Yazıçılar Birliyinin sədri öz fəaliyyətini Naxçıvansız təsəvvür edə bilər. Lakin Naxçıvan Yazıçılar Birliyi həmişə olduğu kimi, bundan sonra da Azərbaycan Yazıçılar Birliyi ilə birgə fəaliyyət göstərəcəkdir.

Naxçıvan Yazıçılar Birliyinin Azərbaycan Yazıçılar Birliyinin XII Qurultayında iştirak edən nümayəndələri:

1. Asim Yadigar, Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan MR-in əməkdar mədəniyyət işçisi, Naxçıvan MR-in Ali Məclisinin deputatı

2. Həsənalı Eyvazlı, şair, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan MR-in əməkdar mədəniyyət işçisi,

3. Vaqif Məmmədov, şair, Avrasiya Yazarlar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Naxçıvan MR-in əməkdar mədəniyyət işçisi,

4. Qafar Qərib, şair, AMEA Naxçıvan Bölməsinin “Tusi” Nəşriyyatının direktoru, "Nuh yurdu" qzetinin redaktoru,

5. İbrahim Yusifoğlu, şair, “Şərur qönçələri” ədəbi birliyinin rəhbəri

6. Elbəyi Maqsudov , şair, filologiya elmləri doktoru, professor, Naxçıvan Dövlət Universitetində kafedra müdiri

7. Elxan Məmmədov, şair, AMEA Naxçıvan bölməsinin əməkdaşı

8. Tural Həsənli yazıçı, Naxçıvan Yazıçılar Birliyi Gənclər Təşkilatının rəhbəri

# 2757 dəfə oxunub

Müəllifin son yazıları

# # #