DİQQƏT: “Ən qısa hekayə” müsabiqəsinin Təşkilat Komitəsinin BƏYANATI

DİQQƏT: “Ən qısa hekayə” müsabiqəsinin Təşkilat Komitəsinin  BƏYANATI
17 dekabr 2013
# 16:29

Kulis.Az-ın elan etdiyi “Ən qısa hekayə” müsabiqəsi qısa müddətdə böyük diqqət qazandı. Müsabiqəyə təqdim olunan hekayələrin sayı Təşkilat Komitəsinin gümanlarından dəfələrlə artıq oldu, nəticədə müsabiqənin gedişində və Təşkilat Komitəsinin işində fövqəladə vəziyyət yarandı.

Bu saat etibarı ilə müsabiqənin ünvanına 400-ə qədər hekayə daxil olub və müsabiqənin bitdiyi vaxta qədər bu rəqəmin dəfələrlə artacağını gözləyirik.

Bu qədər hekayənin Təşkilat Komitəsi tərəfindən elan olunan tarixə - 23 dekabra qədər emal edilərək sayta yerləşdirilməsi həm texniki, həm də zaman baxımından mümkünsüzdür.

Bundan başqa, səsvermə müsabiqəyə hekayə təqdim edən müəlliflər arasında keçiriləcəyi üçün onların da bu qədər hekayəni oxuyaraq qiymətləndirməsi çoxlu vaxt istəyir və son dərəcə zəhmətli bir işə çevrilir.

Bu baxımdan, hekayələrin qəbulu prosesi təyin olunmuş son tarixə qədər davam etsə, say absurd həddə çata, müsabiqənin gedişində böhranlı vəziyyət yarana bilər.

Bütün bunları nəzərə alaraq, müsabiqəyə əsərlərin təqdimatının son tarixi bu gün – 17 dekabr saat 24.00-a qədər geri çəkilir.

Saytda hekayələrin normal ritmdə (hər gün 20-30 hekayə olmaqla) yayınlanması üçün təyin olunmuş son tarix (23 dekabr) daha 4 gün uzadılaraq, dekabrın 27-də başa çatacaq.

Bundan sonra iştirakçılara səsvermə anketinin göndərilməsi qərara alınıb.

Qalibin elan edilməsi mərasimi isə yeni ilin ilk günlərində keçiriləcək.

Kulis.az dərgisi və müsabiqənin Təşkilat Komitəsi ondan asılı olmayan yaranan bu vəziyyətin oxucular və müsabiqə iştirakçıları tərəfindən anlayışla qarşılanacağına ümid edir.

# 7309 dəfə oxunub

Müəllifin son yazıları

# # #