Anar Yusifoğlu debata gəlməyən yazarların adlarını açıqladı

Anar Yusifoğlu debata gəlməyən yazarların adlarını açıqladı
8 fevral 2013
# 18:30

“İctimai Televiziya Əkrəm Əylislinin əsəri ilə bağlı debatı cəmiyyətin diqqətini, tamaşaçı marağını nəzərə alaraq təşkil edib. Biz bu debatda bütün tərəflərin marağını nəzərə almışıq. Mən verilişə hazırlaşarkən Əkrəm Əylislini tənqid edənlərlə yanaşı, onu müdafiə edənlərin də fikirləri ilə tanış olmuş, əsəri internet vasitəsilə oxumuşdum. Onu müdafiə edənlərdən Seyran Səxavət, Şərif Ağayar, Səfər Alışarlı və Etibar Əliyevi tapa bildik. İlk üç nəfərin hər biri öz arqumentlərini söyləyib, iştirak etmək istəmədiklərini bildirdilər, yalnız Etibar Əliyev müzakirədə iştirak etməyə razılıq verdi. Lakin 20 dəqiqə qalmış onun telefonu zənglərə cavab vermədi, özü də çəkilişə gəlmədi”.

Bunu Lent.az-a açıqlamasında İctimai Televiziyanın Analitik Proqramlar Departamentinin direktoru, yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı keçirilmiş debatın aparıcısı Anar Yusifoğlu deyib.

A. Yusifoğlu bildirib ki, Əkrəm Əylisli özü də proqramın formatı barədə əvvəlcədən məlumatlandırılıb: “Əkrəm Əylisliyə proqramda kimlərin iştirak edəcəyi barədə əvvəlcədən məlumat verildi. Ona verilişə dəvət edilmiş tərəfdarları və onların gəlməməsi ilə bağlı da söylənildi. Özü bunu normal qarşıladı, əsərin müzakirəsinin dəvət edilənlərlə aparılmasına etiraz etmədi. Əgər Əkrəm Əylisli etiraz etsəydi, o proqram çəkilməyəcəkdi”.

Aparıcı bildirib ki, verilişdə qarşı tərəf kimi iştirak edənlər də yazıçı ilə uzun illər dostluq, həmkarlıq münasibətində olan şəxslər olublar: “Hamı razılaşar ki, Əkrəm Əylislini özündən yaxşı kimsə müdafiə edə bilməzdi. O da proqramda kifayət qədər fikirlərini söylədi, proqramın sonunda yazıçı Əkrəm Əylisli əsərinin müzakirəsinin konstruktiv keçdiyini də dedi”.

A. Yusifoğlu deyib ki, o, özünün moderator kimi tərəfsiz olmaması ilə bağlı ittihamları da qəbul etmir: “Mən moderator kimi balansı qorumağa çalışdım. Məncə, buna nail oldum da. Subyektiv fikirlərin hər birinə ayrıca cavab vermək fikrim yoxdur. Əksinə, tənqid və ya təqdir etməsindən asılı olmayaraq, İctimai Televiziyanın efirini izləyən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, fevralın 7-də İctimai Televiziyada yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə balı debat keçirilib. Debatda müəlliflə yanaşı, millət vəkilləri Fərəc Quliyev, Musa Quliyev, Zahid Oruc, yazıçı Akif Əli, aktyor Nurəddin Mehdixanlı, tarixçi Boran Əzizli və şair-jurnalist Elçin Mirzəbəyli iştirak ediblər. Debat mediada geniş rezonans doğurub.

# 4247 dəfə oxunub

Müəllifin son yazıları

# # #