Səhər-səhər bir durna köçünə əl eyləsən – Allahşükürün şeirləri

Səhər-səhər bir durna köçünə əl eyləsən – Allahşükürün şeirləri
27 iyun 2019
# 17:42

Kulis.az gənc şair Allahşükür Ağanın yeni şeirlərini təqdim edir.

Məni kövrəldə bilməz

Məni kövrəldə bilməz

daha güllər,

Güllərin üstündə şehlər,

Ayrılıq dolu şeirlər,

Şeir dolu ayrılıqlar...

Məni kövrəldə bilməz

şəhid evləri,

İslanmış yaylıqlar,

Enmiş bayraqlar,

Rənglənmiş divarlar,

Şəhidin üçünə gətirilən

Düyülər,

Qəndlər, çaylar,

Ağlayan əmilər və dayılar...

Zəncirində dartınan itlər,

İtə yal bişirməyi unudan qadınlar.

Ailədə şəhidin tək oğul olmağı belə

Məni kövrəldə bilməz.

Məni kövrəldə bilməz

qolumun kəsilməyi belə,

Ayağımın itkin düşməyi

Məni düşündürməz,

Mən nədən belə

Yox oldum, ilahi...

Qapı

Açılan səhərlərin atəş üzünə and olsun,

Mən öləndən sonra yazıram şeirlərimi.

Məsələn, bir saatlıq ölürəm.

Gedib şeir gətirirəm bir saatlığa,

Çiçək dəstələri kimi

Sonra dirilirəm,

Mənim şeirlərim bu dünyada olmur,

Ölürəm, açılır başqa bir sabah,

Başqa bir pəncərə…

Ölməklə sağ olmağın arasında

Nazik bir qapı var.

Nə kilidi var, nə açarı.

Gedirəm açılır,

Gəlirəm

Bağlanır.

Dayanın, bir dəqiqə,

Yenə gedirəm

Sizə şeir gətirməyə.

Burda olun,

Bir saata qayıdıram.

Oxu, şairim

Şair, səhər-səhər bir durna köçünə əl eyləsən,

Vaqifin ruhuna vaqif olarsan.

Dizlərini yerə qoyub bir çiçək ləçəyinə əyilsən,

Bir roman oxumuş kimi ayağa durarsan.

Yoxsa sənin oxuduğun xarici romanlar

Kimi şair eylədi deynən?

Səhər-səhər dur bax, gör çay necə tələsir,

Onu kim, çağırır,

Bir məna ver, öyrən,

Bir çay romanı oxumuşam de, dostlara.

Get bazara bax, adamların üzlərinə, gözlərinə

Gör nə qədər yorğundular.

Elə bil min dəfə oxunmuş romandılar.

Köhnə, cildləri cırılmış bir kitabdılar.

Dünya ilə çəkilmiş haqq - hesabdılar.

Oxu şairim, bu adamlar xaricdən gəlməyiblər,

Sənin qonşularındı.

Oxu, o saat biləcəksən

Birinci hansı intihar edəcək?

Ölüm

Güllələr nəğmə kimi səslənir bəzən,

Adamlar qaçırlar o nəğməni oxumağa.

Adamları nəğməylə aldadırlar... nahaq.

Məsələn, bilməsə,

Uşaq yerə düşüb

közərən bir mərmiyə tərəf qaçar

Və əlinə götürər ölümü.

Uşaqlar həmişə

oyuncaq gəzdiyindən yenə aldanarlar.

Ən zəhərli göbələk belə

o qədər şirindi ki, adam doymur.

Gör ölümü harda gizlədiblər?

Biz qaçırıq ölümlərdən,

Sən demə biz ona tərəf qaçırıqmış əslində.

Sürətli maşınların əlindən qaçıb

Bir at arabasının təkəri altında da

Ölmək təsadüfü varmış...

Amma çox nahaq,

Gərək bizi nəğməylə,

Göbələklə,

At arabasının nəğməli təkəri ilə

Aldatmayaydılar...

Məsələn

Məsələn deyirəm,

Biz ölsək, yəni ayrılsaq,

Harda görüşə bilərik

Bir - birimizi nədən tanıyarıq?

Məsələn, bizim adımız

Nə olar onda.

Sən məni tanımazsan

Mən səni tanıyanda.

Məsələn, sən dayanmazsan

Mən dayananda.

Məsələn, sən doğulmazsan,

Mən doğulanda.

Ayrılıq nə güclüdür,

Uzaqda dayanma,

Məsələn hələ yatma,

Hələ oyanma.

Görüntünün olası içeriği: Allahşükür Ağa, gözlük

# 3036 dəfə oxunub

Müəllifin son yazıları

# # #