Flora Kərimova: “Qızımın dünyaya gəlməsini istəmirdim” - SÖHBƏT

Flora Kərimova: “Qızımın dünyaya gəlməsini istəmirdim” - <span style="color:red;">SÖHBƏT
23 iyul 2017
# 10:00

Bu gün böyük müğənnimiz Flora Kərimovanın doğum günüdür. Kulis.az bu münasibətlə Flora xanımı təbrik edir və onun APA.TV-yə verdiyi müsahibəni diqqətinizə çatdırır.

“Hərdən adım çəkiləndə təəccüblənirəm. Elə bilirəm ki, o, mən deyiləm. Ekranda özümü görəndə, adım səslənəndə elə bilirəm ki, başqasını çağırırlar”. Bu sözləri APA TV-nin efirində yayımlanan “Kimsən sən” verilişinin qonağı, xalq artisti Flora Kərimova qızı Zümrüd xanımın suallarını cavablandıran zaman deyib.

Flora xanım bildirib ki, qızı dünyaya gələnə qədər onun doğulmasını istəməyib: “Bəli, o zamanlar istəmirdim. Amma qızım doğulandan sonra onun şirinliyini gördüm və fikrimi dəyişdim. Qızım dünyaya gələnə qədər gözəl ifalarıma görə həm Emin Sabitoğluna, həm də qızıma borcluyam. İndiyə qədər də qızımın dünyaya gəlməyini istəmədiyimə görə peşmanam”.

Flora Kərimova ilk dəfə musiqi festivalında iştirakını və görkəmli bəstəkar Səid Rüstəmovla tanışlığını xatırlayıb: “1957-ci ildə ilk dəfə musiqi festivalında mərhum Səid Rüstəmov adımı eşidib etiraz etdi. Dedi ki, yox, bu adı dəyişmək lazımdır. Mən o saat təlaşa düşüb, hay-küy saldım, dedim, axı bu adı mənə anam qoyub, necə dəyişə bilərəm? Sonra Səid müəllim başımı sığallayıb dedi ki, zarafat edirmiş. O zaman səhnəni bəhanə edib, adımı dəyişəcəklərindən qorxmuşdum”.

Müğənni çətin şəraitdə sənəti ilə özünü təsdiq etdiyini deyib: “Məni sənətimə qiymət verən millətim təsdiq etdi. O zaman çətin həyatım var idi, övladlarım da bunun şahididirlər. Həm millətimin, həm də övladlarımın gözündə öz qiymətimi vermək, millətimin verdiyi dəyərin səviyyəsində qalmaq mənim borcum idi. Əgər bunu edə bilməsəydim, indiki hörməti də görməzdim”.

Flora Kərimova həyatının ən çətin dövründə belə özünün və qızının cəmiyyətdə hörmətsizlik görmədiyini deyib: “Mən heç vaxt sürünən, yaltaq, zəif, özünü müdafiə etməyi bacarmayan ana olmamışam. Hətta ən çətin günlərimdə, qəzetlərdə, efirlərdə təhqir olunanda belə qızım məktəbdə hörmətlə qarşılanırdı. Həmişə mənə sataşanların cavabını vermişəm. Artıq eyni sözləri deməkdən yorulmuşam. Lap tutaq ki, cavab vermədim, yaltaqlandım və bununla da nəyəsə sahib oldum, bəs sonra? Bu günə qədər köhnə maşında gəzirəm. Mən təzə maşında oturmaqdan belə utanıram”.

Xalq artisti bir zamanlar dost olub, sonradan düşmənə çevrilən sənət yoldaşlarından da söz açıb: “Mən insanların üzünə gülə bilərəm. Amma heç vaxt dostum olmayıb. Taleyimin mürəkkəb qismətində dost yoxdur. Sadəcə, ocağıma gəlib, burada isinmək istəyən, can yandıran insanlar olub. Ancaq tale mənə elə dərs verib ki, heç kimə inanmamışam. Qeyri-səmimiliyi sevmirəm. Axı satqınlıq görəndə nə etməli idim? Necə yalan danışım? Özümə bir cür münasibət bəsləyib arxamdan bıçaq zərbəsi vururlar. O vaxtlar millətimdən başqa arxa-dayağım yox idi. O qədər yazıq, tənha, kimsəsiz günlərim olub ki... Amma hər zaman özümdə mübarizəyə güc tapmışam. Atası dünyadan köçəndə qızımın 6 yaşı var idi. Bir gecə gözünü açıb məndən atasını xəbər aldı. Dedim ki, artıq atan yoxdur. Ömür boyu narahatçılıqla yaşamışam. Çünki düşmənli idim”.

Bütün bu çətinliklərə baxmayaraq, Flora xanım heç vaxt həyatdan küsmədiyini deyib: “Heç vaxt dünyaya gəldiyimə peşman olmamışam. Bəzən səhərin açılmamasını istəmədiyim vaxtlar olub. Amma heç nəyə baxmayaraq, doğulduğum gündən nəvaziş görmüşəm. Əgər mən olmasaydım, bu səsin sahibi kim olardı?”

Xalq artisti səsi ilə qürur duysa da, özünü dinləməyi sevmədiyini etiraf edib: “Haradasa öz səsimi eşidəndə xoşuma gəlmir. Əgər kobud çıxmasa, ətrafdakılara deyirəm ki, kəsin bunun səsini. Mən öz səsimi dinləməyi sevmirəm”.

Sənətkar məşhurluğunun ona mane olmadığını deyib: “Həyatda mənə məşhurluğum yox, prinsipiallığım, bəlli mövqelərim mane olub”.

11.29.2013

# 2051 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #