Pantomima Teatrı mövsümə “Adajio” ilə yekun vuracaq

Pantomima Teatrı mövsümə “Adajio” ilə yekun vuracaq
29 iyun 2017
# 13:42

Azərbaycan Dövlət Pantomima Teatrı iyulun 8-də Xalq Artisti Bəxtiyar Xanızadənin ssenarisi əsasında hazırlanan “Adajio” tamaşası ilə mövsümə yekun vuracaq.

Teatrdan bildirilib ki, səhnə əsərində rəsmlərin quruluşu və musiqi tərtibatı Əməkdar Artist Nargilə Qəribovaya məxsusdur. “Adajio” müasir Azərbaycan şairlərinin lirikası üzərində qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır.

“Adajio” poetik düşüncəsi bir şəhər parkında vaqe olur. Parkda altı gənc qız heykəli növbəli şəkildə canlanaraq buradan təsadüfən (bütün təsadüflər zərurətdən doğur prinsipi) keçən və ya bilərəkdən buraya baş çəkən keçmiş sevgililəri ilə birlikdə eşq hekayətlərini danışırlar. Şair tamaşanın əvvəlində öz düşüncələrini bölüşür, sonda isə harmonik müdaxilələrini edir. Bütün bunlar əksəriyyəti Avropa, bir hissəsi Azərbaycan musiqisi olmaqla seçmə kompozisiya və rəqslər ilə müşayiət edilir.

Adajio tempində qurulan tamaşanın finalı alleqro ruhunda vüsalla əlamətdardır. Səhnə əsərində rəqslərin quruluşu Elnur İsmayılova aiddir. /azertag.az/

# 1598 dəfə oxunub

Müəllifin son yazıları

# # #