Martın 31-də Moskvada 28-ci Nika Milli Kino mükafatı təqdim olunub.
Mərhum rejissor Aleksey Germanın “Allah olmaq çətindir” filmi ən çox mükafat qazanan film olub. Ən yaxşı rejissor (ölümündən sonra), ən yaxşı kişi rolu, ən yaxşı film, ən yaxşı operator işi, ən yaxşı rəssam, ən yaxşı səs rejissoru və ən yaxşı geyim üzrə rəssam nominasiyalarında “Allah olmaq çətindir” 7 mükafat qazanıb.
“Leviafan” filmi isə ikinci planda ən yaxşı kişi rolu və ən yaxşı qadın rolu nominasilayarında iki mükafat qazanıb.
“Ən yaxşı ssenari” nominasiyasında Yuri Bıxovun “Axmaq” filmi mükafat qazanıb. Bu filmdə oynayan aktrisa Darya Moroz ikinci planda ən yaxşı qadın roluna görə mükafatlandırılıb. Ən yaxşı animasiya filmi Leonid Şmelkovun “Mənim şəxsi sığırım” filmi hesab olunub. Ən yaxşı musiqi nominasiyasında Aleksey Ayqi “Sınaq” filminə görə mükafatlandırılıb.
MDB və Baltikyanı ölkələr üzrə ən yaxşı film nominasiyasında mükafat Ukrayna filmi “Qəbilə”yə görə Miroslav Slaboşpitsiyə təqdim olunub.
Kinematoqrafiyaya verdiyi töhfələrə görə, bir zamanlar Konçalovski ilə işləmiş Yuriy Klepikov mükafatlandırılıb.
Xatırladaq ki, Azərbaycan filmləri də “MDB və Baltikyanı ölkələr” kateqoriyasında müsabiqədə iştirak edirdi.