Azərbaycan “PÜŞUD”a keçir

Azərbaycan “PÜŞUD”a keçir
29 oktyabr 2013
# 11:26

Azərbaycan dilində klaviaturanın yeni düzülüşü “Windows 8.1” əməliyyat sisteminin yeni versiyasına inteqrasiya edilib.

Kulis.Az saytının məlumatına görə, təkmilləşdirilmiş klaviaturanın düzülüşü Azərbaycan Respublikası Elmlər Akademiyası tərəfindən təklif edilib, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni milli standart kimi qəbul edilib.

Yeni düzülüşdə yığım sürəti və barmağa düşən yükün paylaşdırılması kimi nüanslar nəzərə alınıb ki, bu da bilək nahiyəsinin daha çox təsadüf edilən xəstəliklərindən biri olan «Karpal sindromu kanalı»nın inkişafının qarşısını ala bilər.

Klaviaturanın yeni düzülüşü «Microsoft» məhsullarında istifadə ediləcək və vaxt ötdükcə digər əməliyyat sistemləri üçün də həyata keçirilə bilər.

Rahatlıq baxımından yeni düzülüş daha optimaldır və orada Azərbaycan dilinin bütün nüansları əks olunub. Köhnə klaviatura versiyasında buna rast gəlmək mümkün deyil.

Xatırladaq ki, köhnə klaviaturada hərflərin düzülüşü “Q”, “W”, “E”, ”R”, “T”, “Y” hərfləri ilə başladığına görə “Qwerty” adlanırdı. Yeni klaviatura düzümü isə “P”, “Ü”, “Ş”, "U", “D”, hərfləri ilə başlayır.

Köhnə düzülüş ləğv edilməyəcək və ona öyrəşmiş insanlar köhnə klaviaturadan istifadə etməyə davam edəcəklər.

# 3999 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #