“Çılpaq qadınlara pis gözlə baxmırıq”

“Çılpaq qadınlara pis gözlə baxmırıq”
4 aprel 2013
# 14:12

Onlar özlərini hamıdan gizlətməyə çalışırlar. Onları tapmaq və söhbətləşmək üçün mənə günlər lazım oldu... Naturaçılar işlərinə Azərbaycanda «pis baxıldığını» deyib müsahibə verməyə meyl göstərmirdilər.

Naturaçı – rəssama, heykəltəraşa, fotoqrafa və digər sənətçilərə poza verən modeldir. Onlar geyimli və ya çılpaq olur. İncəsənət məktəblərində tələbələri naturayla təmin edən ayrıca şöbə də fəaliyyət göstərir.

Natura sənətinə qeyri-ciddi yanaşırlar

Rəssamlıq Akademiyasında naturaçıların iş cədvəlində daha çox rus qadınlarının adları gözə dəyirdi. Art-menecer Fəridə Allahverdiyeva deyir ki, Azərbaycanda natura sənətinə qeyri-ciddi yanaşma var, buna görə də hazırda azərbaycanlı qadınların sayı azdır: «Əksər qadınlar milliyyətcə azərbaycanlı deyil. Ruslar və yəhudi qadınlar üstünlük təşkil edir. Azərbaycanlı qadınlar çox azdırlar və onlar gizliliyə meyllidirlər. Rus qadınlar arasında Sovet dövründən naturaçılıq edənlər var, onlar buna sənət kimi yanaşırlar».

Həqarətdən qaçmağın yolu

Rəssamlıq Akademiyasında fiqur kimi dayanmağa gələn qadınların əksəriyyəti özlərini buranın tələbəsi kimi qələmə verirlər. Bunu əlavə suallardan, həqarətli baxışlardan və xüsusi təkliflərdən qaçmağın ən asan yolu hesab edirlər.

Rəna Xudatzadə Opera və Balet Teatrının aktrisasıdır, Rəssamlıq Akademiyasında geyimli naturaçı işləyir. Bəzən fərdi naturaçılıq da edir. O, öz işini ailəsindən gizlətmək ehtiyacı görmədiyini deyir: «Mən halal pul qazanıram, burda nə var ki? Bilirsiz, mən kimə deyirəmsə natura işləyirəm, o dəqiqə soruşurlar: Çılpaq? Mən bunu gizlətmirəm, bu mənim üçün çox böyük şərəfdir. Mən özümü orda çox gözəl insan hiss edirəm. Model kimi hiss edirəm özümü. Bəlkə də həyatda belə hiss etmirəm».

«Bizə nə qadın, nə də kişi kimi baxırlar”

Rəna Xudatzadə deyir ki, rəssam, heykəltəraş iş başındaykən naturaçını qadın kimi yox, iş materialı kimi görür: «Kim çılpaq dayanır, bizdə pis baxırlar. Əslində rəssamlar buna pis baxmırlar. Onlar naturalara model kimi baxırlar, nə qadın kimi, nə də kişi kimi baxırlar. Nə müəllimlər, nə də tələbələr naturalara pis gözlə baxmırlar. Çünki bu, onların özlərinə lazımdır».

Çılpaq natura defisitindən əziyyət çəkənlər daha çox heykəltəraşlardır. İnsan anatomiyasından ayrıca dərs alan tələbələr əyani vəsaitsiz öz sənətlərinə dərindən yiyələnə bilmədiklərini bildirirlər. Naturaçı Rəna Xudatzadə buna görə heykəltəraşların halına acıdığını deyir: «Bu, bizim mentalitetlə bağlıdır. Çünki orda mövzular daha çox çılpaq tələb edir. Xüsusən heykəltəraşlar üçün yalnız çılpaq lazımdır. Ona görə də tapılmır. Məsələn, məndən istəyirlər, deyirlər, sən arıqsan, gəl dayan, hökumətdən başqa özümüz sənə ödəyərik. Razılaşmıram. Çünki bizim mentalitet icazə vermir».

Heykəltəraş Elvin Nəbizadə Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsidir. Deyir ki, Azərbaycanda naturaçılarda çəkingənlik var:

«Çılpaq naturalar bir az çəkinirlər dayanmağa. Amma Akademiya tapır. Bəlkə, dini tərəfdən baxanda günah sayıldığına görə gizlənirlər. Biz onlara material kimi baxırıq. Bizim naturalar da bunu hiss edirlər, ona görə də hər hansı konflikt, qeyri-ixtiyari hərəkətlər görünmür iş prosesində. Çəkinməyə heç bir əsas yoxdur».

Həkimdən utanmadığı kimi rəssamdan da utanmır

Sürrealist rəssam Əli Davudov 8 ildir Rəssamlıq Akademiyasının tələbəsidir, hazırda aspirantdır. Onun fikrincə, proporsiyaları gözəl olan qadın, atletik bədən quruluşu olan kişiləri çəkmək daha uyğundur. Amma Azərbaycan cəmiyyətini nəzərə alaraq, rəssamların tələbini ödəyən gözəl qadınlar naturaçılar arasında azlıqdadır: «Çoxu utanır, heç bəlkə də, demirlər harada işlədiklərini. Bir az milli mentalitet də öz təsirini göstərir. Elə adamlar var ki, hətta təklif edəndə ki, siz çılpaq dayana bilərsizmi, yox-yox deyirlər, sanki onu nəyə dəvət edirsən... Çevrəyə girəndə isə həkimlərdən necə utanmırlarsa, rəssamlardan da utanmırlar. Çünki emalatxanaya girdin, fırçanı əlinə aldın, natura artıq qadın obyekti kimi olmur. Sırf ona yaradıcı yanaşırsan, şəhvət hissi ilə baxmırsan».

Art-menecer Fəridə Allahverdiyeva deyir ki, naturaçılıq Azərbaycanda ciddi peşə kimi qəbul edilə bilər. O hesab edir ki, bunun üçün birinci dəyişikliyi rəssamlar özlərindən başlamalıdır: «Əsas problem ondadır ki, hətta rəssamların özləri arasında elələri var ki, naturaçılara zaldan çıxandan sonra «bax, bu naturaçıdır» deyir, haradasa lağ edirlər, gülürlər. Problem naturaçılara olan baxış açısıdır, xüsusən də qadınlara. Rəssamların, heykəltəraşların özləri bu qadınlara mənfi münasibət göstərirlərsə, zaldan sonra həmin insanları «naturaçıdır» deyib aşağılayırlarsa, sözsüz ki, əksər insanlar bu münasibətlə qarşılaşmaq istəmirlər. Ona görə də bu işə getmirlər».

Naturaçı Rəna Xudatzadə 4 ildir naturaçıdır. Onun öz işindən yeganə narazılığı az maaşıdır: saatına 2 manat ödəniş alır. Bəzən 4 saat tərpənmədən eyni pozada dayanmaqdan əzələləri keyiyir, amma işindən bezmədiyini deyir. Bir də onu deyir ki, kaş ki Azərbaycanda naturaçılara bu münasibət dəyişə...

azadliq.org

# 2417 dəfə oxunub

Müəllifin son yazıları

# # #