“Ədəbiyyat” qəzetində ev qalmaqalı

“Ədəbiyyat” qəzetində ev qalmaqalı
14 iyun 2013
# 12:38

Facebook sosial şəbəkəsində və bəzi KİV-lərdə “Ədəbiyyat” qəzetində qalmaqal baş verdiyi barədə məlumat yayılıb. Məlumata görə redaksiyada Mətbuat Şurasına təqdim olunacaq ev siyahısına namizədlərin adamın müəyyənləşdirilməsi üçün iclas keçirilib. Ev almağa iddialıların sayı bir neçə nəfər olsa da qəzetin baş redaktoru Ayaz Vəfalı öz namizədliyinin təsdiqlənməsinə nail olub.

Məsələ ilə bağlı Kulis.Az saytına danışan “Ədəbiyyat” qəzetinin məsul katibi Atababa İsmayıloğlu deyib ki, iclasda 4 nəfərin namizədliyi ilə bağlı müzakirələr olub: “Namizədliyini irəli sürənlərdən biri Aydın Xandır. Facebook sosial şəbəkəsinə, bəzi mətbu orqanlara doğru olmayan məlumatları da o çatdırıb. Bu adam Yazıçılar Birliyinin ev siyahısındadır, ona ordan ev verilib. Amma yenə ev almaq istəyir. Bu, nə dərəcədə doğrudur? Aydın Xan deyir ki, jurnalistlərə veriləcək evlərdən mənə pay düşsə Yazıçılar Birliyindən aldığım evi sizə verəcəm. Bu açıqlamanı ciddi hesab etmirik. Ev almaq istəyənlərdən biri də qəzetin mühasibi Simuzər Nüsrətbəylidir. Onun Tarqovı küçəsində evi var. Sadəcə gəlini ilə yaşamaq istəmir, ona görə də ev iddiasındadır. Biz də ona deyirik ki, Torqovıdakı evi satsan bir neçə ev ala bilərsən. Namizəd olmaq istəyənlərdən biri Elmira Rzayeva ehtiyac üzündən evini satıb. Biz istəyərdik ki, o ev alsın. Amma bu ev jurnalistlərə verilir, onun bizim qəzetdəki vəzifəsi oxucudur (mətni oxumaqda korrektora kömək edən şəxs-red.). Ona görə Elmira xanımın namizədliyi üzərində dayana bilməzdik. Ayaz müəllim də namizədlərdən biri idi. Doğrudur, Ayaz müəllimin evi var, ancaq şəraiti o qədər də yaxşı deyil”.

Atababa İsmayıloğlu deyib ki, Aydın Xanının təklifi ilə gizli səsvermə keçirilib: “Səsverməyə başlamazdan əvvəl Simuzər xanımla Elmira xanım namizədliklərini geri götürdülər. Aydın Xanla Ayaz müəllim qaldı və baş redaktorumuz seçkidə qalib gəldi. Ayaz müəllimin 76 yaşı, 53 il iş stajı var və məncə jurnalistlərə verilən evlərdən biri də onun haqqıdır. Bir məqamı da deyim: Ayaz müəllim Yazıçılar Birliyinin ev siyahısına düşə bilərdi, amma bu məsələdə Aydın Xana güzəştə getmişdi”.

“Ədəbiyyat” qəzetinin şöbə müdiri Aydın Xan isə bildirib ki, ona qarşı böyük haqsızlıq edilib: “1997-ci ildən “Ədəbiyyat” qəzetində çalışıram. Əmək fəaliyyətinə isə 1988-ci ildən başlamışam. Evim yoxdur, hətta aspirantlar üçün olan yataqxanada belə mənə yer verməyiblər. Evim olmadığına görə uşaqlarım ilin əksər hissəsini rayonda keçirməli olurlar. Doğrudur, yazıçılar üçün verilmiş evlərdən mənim də payıma düşür. Ancaq burada real vəziyyətin necə olduğunu özünüz gözəl bilirsiniz, dörd adama bir mənzil verilib. Mən Yazıçılar Birliyinin Mənzil Komissiyasının rəhbəri Rauf Aslanova müraciət etmişəm ki, əgər jurnalistlər üçün verilən evlərdən mənə də versələr, mənim burdakı payımı başqa yazıçıya verin. O ki qaldı “Ədəbiyyat” qəzetindəki iclasa, kənar təsirlərin nəticəsində Ayaz Vəfalıya daha çox səs verilib. Atababa İsmayıloğlu da onun seçilməsi üçün böyük canfəşanlıq edib. Mən Ayaz Vəfalıya səs verənləri qınamıram, heç kim istəməz ki, sonradan təzyiqlərlə üzləşsin. Ayaz Vəfalının 5 otaqlı evi var, adamda bir az insaf olar ”.

Aydın Xan deyib ki, jurnalistlər üçün tikilmiş binadan ev almaq üçün fərdi qaydada prezidentə müraciət edəcək.

“Ədəbiyyat” qəzetinin şöbə müdiri və mühasibi Simuzər Nüsrətbəyli isə Kulis.Az-a veridiyi müsahibədə Atababa İsmayıloğlunun söylədiklərinin doğru olmadığını deyib:

“Gəlinimlə heç bir problemim yoxdur. Bu barədə “Ədəbiyyat” qəzetinin məsul katibi Atababa İsmayıloğlunun dedikləri tamamilə yalandır”.

Simuzər Nüsrətbəyli bildirib ki, Atababa İsmayıloğlu onu mətbuata yanlış təqdim edib: “Deyir ki, Simuzər mühasibdir. Halbuki, mən 20-30 kitabım var, “Ədəbiyyat” qəzetində xaricdə yaradıcılıqla məşğul olan soydaşlarımızla ədəbi əlaqə şöbəsinin müdiriyəm. Mühasib işini isə Ayaz Vəfalının xahişi ilə görürəm”.

Simuzər Nüsrətbəyli deyib ki, hazırda Mərdanov küçəsində yerləşən evdə yaşayırlar, həmin ev yoldaşının adına olsa da darısqaldır: “5 nəfərlə 80 kvadratmetrlik evdə yaşayırıq. Həyat yoldaşım Qarabağ veteranıdır, xəstə adamdır. Təkcə buna görə bizə ev düşür. Uzun illərdir bu qəzetdə işləyirəm, bunu nəzərə almaq istəmirlər”.

O, jurnalistlər üçün tikilən binadan ev almaq üçün fərdi qaydada prezidentə müraciət edəcəyini də sözlərinə əlavə edib.

“Ədəbiyyat” qəzetində oxucu (mətni oxumaqda korrektora kömək edən şəxs-red.) vəzifəsində çalışan Elmira Rzayeva da Atababa İsmayıloğlunun dediklərini təkzib edib: “Ev iddiamdan geri çəkilməyim barədə “Ədəbiyyat” qəzetinin məsul katibi Atababa İsmayıloğlunun dedikləri doğru deyil. Sadəcə olaraq iclasda ara qarışdı, hamı demək olar ki, bir ağızdan evi olmadığını dedi. Mən isə bu biabırçılığa dözməyərək iclası tərk etdim”.

Elmira Rzayeva deyib ki, hazırda kirayədə, çox çətin vəziyyətdə yaşayır: “72 yaşım var, qızım da, oğlum şəkər xəstəsidir. Qızımın ayaqları tutulub. Onların müalicəsi, həm də köhnə borclarımızı qaytarmaq üçün evimi 7 ay qabaq satmışam. Çox çətin vəziyyətdəyəm, amma təəssüf ki, bunu nəzərə almırlar. Haqsızlıq baş alıb gedir, ancaq mən heç kimə güzəşt edən deyiləm, sonacan mübarizə aparacağam”.

Elmira Rzayeva bildirib ki, jurnalistlər üçün tikilmiş binadan ev almaq üçün fərdi qaydada prezidentə müraciət edəcək.

Kulis.Az qalmaqalla bağlı “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalının fikirlərini öyrənib. Ayaz Vəfalı deyib ki, evimin olub-olmamağının heç kəsə aidiyyəti yoxdur. Bu məsələləri ortaya atanlar araqarışdıranlardır, mən onlara cavab vermək istəmirəm”.

Ayaz Vəfalı bildirib ki, hər şey sənədlərlə tənzimlənir və məsul şəxslər bu sənədlər əsasında ədalətli qərar verəcəklər.

Ədəbiyyat” qəzetində narazılıq barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu da Kulis.Az-a danışıb:

“Komissiya var, baxsınlar, versinlər. Ayaz Vəfalı mənə qohumdu, qaynatamdı. Bütün münasibətlər öz yerində, yazar kimi aramızda səmimiyyət var. Onların ev şəraiti o qədər pisdir ki, imkanım olsa özüm onlara ev alıb verərəm. Mənim kimi diribaş adam yana-yana qalmışam ki, onların belə pis şəraiti var. Baxma da, ata əvəzidir. Çətinliklə yaşayırlar. Üç otaqlı evdə üç ailə yaşayır. Yoldaşı da ağır xəstədir. Ona sakitlik lazımdır. Qoy KİVDF komissiya təşkil edib Ayaz Vəfalının ev şəraiti ilə maraqlansın”.

Ədalət Əsgəroğlu Ayaz Vəfalının öz ev növbəsini Aydın Xana verməsi barədə fikrə də münasibət bildirərək deyib ki, həmin vaxt Ayaz Vəfalı Yazıçılar Birliyində növbədə olmayıb.

Mətbuat xidmətinin rəhbəri təşkilatın mətbuat orqanlarının işçilərinin namizədliklərinin Mətbuat Şurasına təqdim edilməsi ilə bağlı AYB-də müzakirələrdən xəbərsiz olduğunu deyib: “Yəqin müzakirə olub ki, onlar da bu qərara gəliblər. Arada qohumluq əlaqələri olduğu üçün nə mən o söhbətlərə qoşuluram, nə də məni dəvət edirlər. “Azərbaycan”, “Ulduz” jurnalı ilə bağlı müzakirələrdən isə xəbərsizəm”.

# 1557 dəfə oxunub

Müəllifin son yazıları

# # #