Kulis.az tanınmış müğənni Akif İslamzadənin illər öncə “Xəzər” jurnalına söylədiklərini təqdim edir.
Qardaş, boğazımda nə isə əmələ gəlmişdi. Moskvaya getdim, orada tanınmış bir həkim baxdı boğazıma, dedi ki boğazınızda bədxassəli şiş var. Ona görə də söhbət yalnız sizin həyatınızı xilas etməkdən gedə bilər. Altı ay dəhşətli günlər yaşadım. Sonra öyrəndim ki, həmin həkimin əsl familiyası Poqosovdur.
Onkoloji Mərkəzdə təkrar-təkrar müayinələrdən sonra Baltikyanı respublikalardan olan bir həkim bildirdi ki, boğazında sadəcə soyuqdəymədən şiş yaranıb, polip əmələ gəlib. Cərrahiyyə əməliyyatından sonra kəsdilər. İndi səsim güclə çıxır, söhbət elədiyim adam yaxınımda dayanmasa nə dediyimi eşitmir. Buna da dözmək olar.
Ancaq boğazımdan nəsə kəsiləndən bir neçə ay sonra Bakı şəhəri Oktyabr rayon maliyyə şöbəsinin işçiləri çökdülər boğazıma ki, şadlıqlarda oxumaq vergisini ödəməsəm evimin müsadirə olunması barədə müvafiq orqanlar qarşısında məsələ qaldıracaqlar. Dedim, ay qardaş, ay bacı, görmürsünüz boğazımı, səsimi, heç səsim gəlir ki, oxuyum? Dedilər ki, xeyri yoxdur, bizə kağız gətir, bəlkə səsini gizlətmisən?
Kağızı gətirmək üçün təzədən Moskvaya getməli, cərrahiyyədən keçdiyim xəstəxanadan arayış alıb gətirməliydim. Gördüm daha əlac yoxdur. Borc-xərc düzəldib verdim tələb etdiklərini.
Dedim bundan sonra necə yaşayım, necə dolanım. Bir adam məndən soruşmadı, Akif necə yaşayırsan? Kimdi özgənin taleyi ilə maraqlanan? Amma maşallah, möcüzə sevən xalqıq. Bütün respublikada bir neçə ay söhbət hansısa danışan pişikdən getdi. Sonra yeni mövzu yarandı. Televiziyada stəkan yeyən adam göstərmişdilər. Bir xeyli də ondan danışdılar. İndi yəqin yenə bir “möcüzə” göstərən tapılacaq.
Bu xalqın dərdi-səri yoxdur? Ziyalılar niyə bir yerə yığılıb hay-küy salmaqdan, ağıl-dərrakəylə dərdlərimizin çarəsi barədə düşünmürlər?