BSU Bolqarıstanda mərkəz açdı - FOTOLENT

BSU Bolqarıstanda mərkəz açdı  - FOTOLENT
26 sentyabr 2013
# 12:05

25 sentyabr 2013-cü il tarixində Bolqarıstan Respublikasının bu günlərdə 125-illiyini qeyd edən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Bakı Slavyan Universiteti tərəfindən yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.

Açılışda Sofiya Universitetinin rektoru prof. İ.İlçev, Bakı Slavyan Universitetinin nümayəndə heyəti, Bolqarıstan Respublikası Parlamentinin üzvü Q.Svilenski, Azərbaycan Respublikasının Bolqarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri E.Kərimov, səfirlik əməkdaşları, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan və Gürcüstanın Bolqarıstan Respublikasındakı səfirləri və səfirlik nümayəndələri, ölkənin dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Mərkəzin açılış mərasimini açıq elan edən Şərq Dilləri və Mədəniyyəti Mərkəzinin müdiri prof. A.Fedotov tədbirin qədim tarixə və zəngin ənənələrə malik Sofiya Universitetinin həyatında mühüm hadisə olduğunu qeyd etdi. Universitetin rektoru prof. İ.İlçev BSU tərəfindən yaradılan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təkcə iki ali məktəb arasında əməkdaşlıq əlaqələrinin deyil, həm də xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacağına əmin olduğunu bildirdi. Rektor Mərkəzin BSU tərəfindən qısa bir müddətdə tərtib edilərək Azərbaycana maraq göstərəcək bolqar tələbələrinin istifadəsinə verilməsini yüksək qiymətləndirdi.

BSU-nun tədris işləri üzrə prorektoru prof. A.Hacıyev tədbir iştirakçılarını Bakı Slavyan Universitetinin rektoru prof. K.M.Abdullayevin adından salamlayaraq onun təbriklərini Sofiya Universitetinin rəhbərliyinə və mərasimə dəvət olunmuş qonaqlara çatdırdı. Qeyd edildi ki, Bakı Slavyan Universiteti Sofiya Universitetində fəaliyyətə başlayan Mərkəzə xüsusi diqqətlə yanaşacaq, onu dərslik və lüğətlər, tədris vəsaitləri və elmi ədəbiyyatla mütəmadi olaraq təmin edəcək, universitetlər arasında müəllim və tələbə mübadiləsinə xüsusi önəm verəcəkdir.

Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri E.Kərimov, MDB Xalqları ilə Dostluq Federasiyasının sədri prof. Z.Zaxariyev, Mərkəzin müdiri S.Şiqayeva və başqaları çıxış etdilər və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə uğurlar arzuladılar.

# 1874 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #