Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov ölümündən 1 ay sonra Parisdəki Passi qəbiristanlığında dəfn edilib. Bunu Lent.az-a açıqlamasında xalq rəssamının qızı Əsmər Nərimanbəyova bildirib.
O qeyd edib ki, dəfn mərasimində Azərbaycanın Fransadakı səfiri və səfirliyin işçiləri, Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 2-də 83 yaşında vəfat edib. Mərhumun ikinci həyat yoldaşı Sevil Nərimanbəyova onun Fransada dəfn edilməsini istəyib.
Lakin T. Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunması tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb. Məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxarıb. Qərardan verilən apellyasiya şikayəti isə təmin olunmayıb.