Təbrizli aktyor Musiqili teatrda

Təbrizli aktyor Musiqili teatrda
29 iyun 2017
# 17:46

Təbrizin tanınmış və sevilən kino və teatr aktyoru Camal Saqinejad Azərbaycan Dövlət Musiqili Teatrının tamaşasında çıxış edəcək.

Dövlət Musiqili Teatrından Kulis.az-a verilən xəbərə görə, aktyor cari repertuardan bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasında Şah rolunda çıxış edəcək. Artıq məşqlərə başlayan aktyor ona göstərilən etimaddan məmnun olduğunu və yaradılan şəraitdən razı qaldığını söyləyib.

“Bu mənim Azərbaycan teatrında ilk işim olmayacaq. Novruz bayramı günlərində Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasını tamaşaçılara təqdim etdik. “Bəxtəvər” sizin izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də böyük çoşqu və alqışlarla qarşılandı”, - deyə Camal Saqinejad bildirib.

Qeyd edək ki, “999-cu gecə” tamaşası Camal Sadiqinejadın iştirakı ilə sentyabr ayının sonunda - Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümündə təqdim olunacaq.

Tamaşanın quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşov, konsertmesteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır. Rolları Camal Saqinejadla yanaşı, teatrın gənc və istedadlı aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa edəcəklər.

# 1304 dəfə oxunub

Müəllifin son yazıları

# # #