Yazıçı Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilmiş “Dolu” filmi Penitensiar Xidmətin 10 saylı İslah Əmək Müəssisəsində məhkumlar üçün nümayiş olunub.
Filmin nümayişində 10 saylı müəssisənin rəisi ədliyyə polkovnik-leytenantı Mirsaleh Seyidov, Penitensiar Xidmətin mətbuat katibi, ədliyyə polkovniki Mehman Sadıqov, yazıçı Aqil Abbas, filmin quruluşçu rejissoru Elxan Cəfərov, rejissoru Əliqulu Səmədov, quruluşçu operatoru Nadir Mehdiyev, Komandir rolunun ifaçısı, əməkdar artist Məmməd Səfa, kaskadyor Əli və başqaları iştirak ediblər.
Dustaqlar qarşısında çıxış edərkən Aqil Abbas bildirib ki, heç kim bura düşməkdən sığortalanmayıb, amma düzgün yaşamaqla hər kəs öz azadlığını sığortalaya bilər.
Aqil Abbas qeyd edib ki, onun ssenarisi əsasında çəkilmiş “Dolu” filmində məhkumların həyatı da əks olunub: “Romanda bu barədə daha geniş yazmışam. O kitabı sizlərə hədiyyə edəcəm, oxuyub görəcəksiz ki, məhkumlar vətən üçün canlarını qurban verirlər. Filmin qəhrəmanı –Komandir də məhkumluq həyatı yaşamış adamdır. Biz bütün bunlarla göstərməyə çalışmışıq ki, hər hansı əməlinizə görə cəzaya məhkum olunmağınız sizi həyat sevgisindən uzaqlaşdırmasın”.
mediaforum.az