Tatyana Tolstayanın hekayəsi - Rafiq Tağının tərcüməsində

Tatyana Tolstayanın hekayəsi -  Rafiq Tağının tərcüməsində
14 mart 2016
# 13:15

Kulis Rafiq Tağının tərcüməsində Tatyana Tolstayanın “Peters” hekayəsini təqdim edir.

Uşaqlıqdan Petersin ayaqları yastı, qarnı arvadlarınki sayaq iriydi. Allah necə veribsə, rəhmətlik nənəsi onu eləcə də sevər, öz noğul-nabatına yaxşı rəftar qaydalarını öyrədərdi – ağzına nə aparsa, axıracan çeynəməyi, dəsmalı yaxalığa nəcib taxmağı, böyüklər danışanda ağzına su almağı. Nənəsinin cici-bacıları onu əzizləyərdilər. Özüylə apardığı qonaqlıqlarda nənə qorxub-çəkinmədən əlinə qiymətli şəkilli kitablar dürtəcək –cıran deyil. Stol arxasında süfrə saçaqlarını dartışdırmaz, peçenyeni ovub-tökməz – çox ədəbli uşaqdı. Həm də bu cəhəti xoşagələndi ki, içəri girən saat yumşaq gödəkçəsinin ora-burasını təmkinlə dartışdırar, bantını, ya krujevalı, hinduşka boyunlu, nənəsinin yanaqlarından da sarı qalstukunu düzəldər, toppuş ayaqlarını bir-birinə çırpıb qarılara özünü təqdim edərdi: “Peter-s!” Görürdü ki, bununla hamını şənləndirir, ürəkləri ələ alır.

- Ah, Petruşa, çiçək bala! ...Siz bəyəm onu Peter çağırırsınız?

- Hə... elə... İndi biz ona alman dili öyrədirik, - nənə özünü saymazyana göstərərdi. Peters də tutqun güzgülərdə görünə-görünə, dəhlizdəki qədim sandıqların, əski qoxuların yanından nəzakətlə ötə-ötə otaqlara girib-çıxardı; o otaqlara ki, künclərində əsgi kuklalar oturub, mizləri üstündə yaşıl pendirlər yatır, ev peçenyeləri vanil qoxuyur. Ev sahibəsi sanki böyürləri dişlənmiş bapbalaca gümüş qaşıqları düzənəcən Peters otağı dolaşar, kamod üstündəki kuklalara, ciddi bığları uzun millər sayağı yanlara çıxan incik qocanın portretinə, divar kağızlarındakı naxışlara baxar, ya da pəncərəyə yan alıb əzvay cəngəlliyi arasından çöldəki günəşli şaxtaya, orda uçan göyümtraq göyərçinlərə, təpəciklərin kəlləsindən üzü aşağı sürüşən almayanaq uşaqlara gözünü dikərdi. Onu eşiyə buraxmazdılar.

Peters – bu gic ləqəb ömrü boyu ondan qopmadı.

Petersin anacığazı – bu gülməşəkər nənəsinin gül balası – alçağın birinə qoşulub isti diyarlara qaçmışdı. Papacığazısa vaxtını yüngül qadınlarla keçirdiyindən, ta onunla nə işi. Böyüklərin söhbətləri əsasında Peters o alçaq adamı banan ağacı altında zənci şəklində xəyalına gətirirdi, papacığazının arvadlarınısa mavi, əllətutulmaz yaz buludları kimi yüngül. Ancaq nənəsindən yaxşı tərbiyə gördüyündən ləbbeyk susardı. Nənəsindən başqa onun bir babası da vardı; əvvəllər o, küncdəki kresloda key kimi uzanıb qalar, ağzını açmadan parıldayan şüşə gözlərini Petersə zilləyərdi. Nədənsə, sonra onu yemək otağındakı stolun üstünə köçürdülər; iki gün orda saxlayıb, harasa apardılar. Həmin gün hamı düyü sıyığı yeyirdi.

Nənəsi Petersə deyərdi ki, əgər indidən özünü yaxşı aparsa, böyüyəndə gözəl yaşayar. Peters kirimişcə durardı. Axşamlar o, məxmər dovşanı qucağına götürər, ona öz gələcək həyatından danışardı – necə və nə vaxt istəsə gəzməyə çıxacağından, bütün uşaqlarla dostlaşacağından, anasıyla o alçaq adamın necə qonaq gələcəkləri, ona dadlı meyvələr gətirəcəklərindən, bir də atasının yüpyüngül arvadlarının onunla birgə havada eynən yuxudakı kimi uçacaqlarından. Dovşan inanırdı.

Nənəsi Petersə alman dilini güc-bəla öyrədirdi. Onlar qədim “Qara Peter” oyunu oynayar, şəkilli kartları bir-birindən almaqla, cüt-cüt düzərdilər – bu, erkək qaz, bu, dişi qaz, xoruz və toyuq, lovğa sifətli itlər. Təkcə pişiyə - Qara Peterə heç nə çatmır, o həmişə tək qalırdı – özü də qaşqabaqlı, tükləri pırpız. Oyunda Qara Peteri axırıncı kim çəkirdisə, o da uduzur, “axmaq” yerində qalırdı.

Onların həm də rəngli poçt kartoçkaları olurdu – üstləri də yazılı: Visbaden, Karlsrue. Hələ şəffaf taxma oyuncaqları – üstlərində xırda pəncərələr; bu pəncərəciklərdən baxanda, səndən çox-çox uzaq bapbalaca atlı bir kimsənəni görərdin. Hə, bir də onun baş-başa verib nənəsiylə birgə oxumalarından olmaz: “Ah, tannenbaum, ah, tannenbaum!” Bütün bunlar alman dili sayılırdı.

Nənəsi Petersi altı yaşının tamamında özü ilə yolka bayramına apardı. Ordakılar hərtərəfli yoxlanmış saytal uşaqlardı; onlardan bir azar-bezara yoluxmazdın. Peters qarda bacardıqca yeyin gedir, nənəsi daldan ona güclə çatırdı. Boğazı ağ şərflə bərk-bərk dolanmışdı; gözləri qaranlıqda pişik gözləri kimi işıldayırdı. O, rastına kim düşsə, birinci onunla dostlaşmağa tələsirdi. Budur, gözəl həyat başlanır. İri və isti otaqdan küknar ətri gəlir, orda oyuncaqlar, ulduzlar işıldaşır, yad-yad analar piroq və krendellərlə ora-bura yüyürüşür, çevik-həlməşik uşaqlar ciyildəşir, qaçışırdılar. Peters otağın tən ortasında lal durur, onları özləri gəlib onunla dostlaşacaqlarını gözləyirdi. “Qaç, tut, kömbəqarın!” – birdən ona sarı qışqırışdılar. Peters qarasına harasa qaçıb dayandı. Onun üstünə çarpırdılar; o da hacıyatmaz kimi gah yıxılır, gah dururdu. Qəfil sərt əllər onu divarın dibinə çəkdilər. O, yemək vaxtınacan elə durduğu yerdəcə durdu.

Süfrə arxasında Petersdən başqa bütün qalan uşaqlar özlərini nalayiq aparırdılar. O öz payını yeyib, ağzını da silib nəsə bir hadisə gözləməyə başladı. Ancaq elə bir şey heç cür baş vermirdi. Təkcə böcək kimi qara bir qız ondan ziyili olub-olmadığını soruşdu və ona özününküləri göstərdi.

Peters o saat ziyilli qızı sevdi və düşdü onun ləpirinə. Ona divanda birgə oturmaq təklif etdi və dedi istəmir buralarda ondan başqasıyla gəzib-dolansın. Qızın da ona təklifi qulaqlarını tərpətmək, dilini boru kimi qatlamaq oldu. Əfsus, Peters bunları bacarmadığından, qız darıxıb onu atdı. Onda o bilmədi canını hara qoysun. Sonra bir yerdəcə fırlanmaq, qurd kimi ulamaq istədi. Elə fırlandı da, uladı da. Nənəsi göy-göy qar təpəciklərini ötə-ötə onu çəkib evə aparanda, hiddətlə deyirdi ki, heç ondan belə şey gözləməzdi, bax, özü də tərləyib və bir də tirrənə - ölə ha, ondan uşaq-muşaq yanına getməyi görməz. Elə doğrudan-doğruya bir də heç vaxt heç yerə getmədilər.

Yaşının on beşinəcən Peters nənəsiylə qol-qola gəzdi. Əvvəllər nənəsi onun qolundan tuturdu, sonralar – o, nənəsinin. Evdə domino oynayar, pasyans düzüb fala baxardılar. Peters naxışlar kəsərdi. Onunku oxumaq sarıdan gətirməmişdi. Ölməmişdən qabaq nənəsi Petersi kitabxanaçılıq texnikumuna düzəltdi, vəsiyyət də elədi ki, boyun-boğazını soyuqdan gözləsin, əlini yuyanda təmiz yusun.

Arvadın dəfni Nevada buzların əriyib axdığı günə düşdü.

Petersin qulluq elədiyi kitabxanada gözəgəlimli, qəşəng bircə qadın da yoxdu. Ona isə ancaq qəşəngləri xoş gəlirdi. Yaxşı, görən, elə birisi rastına düşsə, onun hüzuruna nələrlə çıxar? Çəhrayı qarın, ya mərci gözlərləmi? Barı danışığıyla can ala, alman dilinisə mərifətli bilə. Yox ki yox. “Karlsrue”dən savayı uşaqlıqdan yadında heç nə qalmamışdı. Bax, tutalım, o, bəzəkli-təmtəraqlı bir qadınla sevgi macərasına qurşanıb. Qadın nəfəs dərməmiş, bu ona Şilleri ucadan oxuyur: öz dilindəcə. Ya Helderlini. Əlbəttə, qadın hələ bir şey anlamağa qadir deyil, ancaq axı nə fərqi. Burada əsas cəhət onun nə cür oxumağıdır – coşa-coşa, sanki zəngulə vura-vura... Kitabı tutur koruş gözlərinin qabağına... Yox, bu cür yaramaz, o özünə kontakt linzası sifariş verməlidir. Hərçənd, deyirlər, onun da sıxıntısı olur. Hə, oxuyur. “Kitabı bir qırağa tullasanız”, - birdən qadın bomba kimi partlayır. Onda ay budu-ha, öpüşlər göz yaşlarına qarışır; ta sübhün gözü açılanacan. Yox, bu linza həqiqətən sıxıntı verir. O, kiprik çalacaq, üzünü qırışdıracaq, barmağı ilə gözlərini eşəcək... Qadın da çox gözləyib-gözləyib axır dözməyəcək: “Bir bu şüşəcikləri qoparıb atsanız, Allah rizasına!” Duracaq ayağa, qapını çırpıb gedəcək.

Yox, bəlkə belə yaxşıdı... Sevimli, yol-yolaq bilən sarışın bir xanım. Özü də başını bunun çiyninə söykəyib. Bu ona Helderlini ucadan oxuyur. Ya elə Şilleri. Qaranlıq palıdlıqlar, su pəriləri... Oxuyur, hey oxuyur, dil-dodağı quruyanacan. Axır qadın əsnəyib deyəsən: “Ay Allah, bu üzüntüyə nə qədər qulaq asarlar!”

Xeyr, bu da yaramır.

Bəlkə alman dili olmasın? Götürək belə: adamın ağlını yerindən oynadan bir qadın, özü də nə - hazır bəbir. Onun üzü – hazır pələng. Divanda dəvəquşu lələkləri, qıvraq bir siluet. Divan balışları yumbalanıb yerə düşür. Yenə hər şey sübhəcən çəkir. Ola bilsin ona evləndi də. Bə nə? Peters güzgüdə əksinə baxdı – iri burnuna, ehtirasdan dombalan gözlərinə, yumşaq və yastı ayaqlarına. Hə, ona nə olub ki? Bir az ağ ayıya oxşayırsa da, neynək, bu qadınlara xoş gəlməlidir. Onları məmnunluq gətirəsi tərzdə qorxutmalıdır. Peters hələ güzgüdə üzünə üfürdü də ki, bir az soyusun. Ancaq nə tanışlıqlar, nə də sədaqətsizliklər baş tuturdu.

Bir gün Peters bəxtini sınamaq üçün rəqsə gedib, nəfəsini çiynindən ala-ala təpik döydü, qızların ayaqlarını basdaladı; gülənlərə, əngə verənlərə yan alıb, əlləri belində, boynu yana əyili, söhbətlərə qulaq verdi. Şər qarışırdı. Avqust çiçək kolları arasından sərinlik yayır, axırıncı şəfəqlərinin qırmızı tozunu qara otların üstünə, parkın yollarına səpirdi. Çaxır və ət dükanlarının, köşklərin işıqları yandırılmışdı. Peters əlində “bumajnik”, yan-yörəsinə baxmadan ötürdüsə də, aclığa tablaşmayanda, yarım düjün pirojna alıb qırağa çəkildi və alaqaranlıqda parıldayan metal boşqabı birnəfəsə boşaltdı. Kipriklərini qırpa-qırpa, dodaqlarını yalaya-yalaya, çənəsində ağ krem, qaranlıqdan çıxanda, cürət toplayıb ağına-bozuna baxmadan, daha heç nəyə məhəl qoymadan, özü də dabanlarını bir-birinə vurub salam verə-verə gah ona, gah buna yanaşır, hamıyla tanış olurdu – qadınlar ondan qaçır, kişilərsə, lənət şeytana, əvvəl kərəzlənir, lakin bir az göz qoyub, bu boş fikirdən vaz keçirdilər.

Onunla heç kəs oynamaq istəmirdi.

Peters evdə yumurta çalıb içdi, sonra stəkanı yuyub sildi, nəleyinlərini gecə fərşinin üstünə səliqəylə qoyub yerinə uzandı. Əllərini ədyaldan çıxarıb uzanmışdı və yuxu onun dalınca gələnəcən, qımıldanmadan, toranlı, nəbz kimi atan tavana baxdı.

Yuxu, axır, gəldi, onu öz bacalarına, dəhlizlərinə çağırdı, gizli nərdivanlarda ona görüş təyin elədi, qapıları qıfılladı, tanış evləri söküb təzədən quraşdırdı, onu dar anbarlar, küpəgirən qarılarla, taun bubonları və qara təbillərlə qorxudaraq, tez də qaranlıq keçidlərdən keçirdi, boğanaq otaqlara itələdi, o otaqlara ki, miz arxasında pırtlaşıq saçlı, zəhərli-zəhərli gülümsəyən və hey barmaqlarını oynadan pis-pis şeylər bilicisi oturmuşdu.

Peters mələfələr arasında çırpınır, ilahidən budəfəliyə bağışlanmasını diləyib, sehrli teatrın əyri güzgülərindəki əkslərdə azaraq, yuxunun dibinə enirdi.

***

Kitabxanada qarabəniz və ətirli, əyni mərsin rəngli təzə işçi peyda olanda, Petersin ürəyi əsim-əsim əsdi. O, bərbərxana deyibən qaçdı, rəngsiz saçlarını gödək vurdurdu, evdə səbəbini bilmədən tərtəmiz otaqlara bir də əl gəzdirdi, kamodu kreslonun yerinə itələdi, kreslonu – kamodun.

Fainanın bu tezlikdə ona qonaq gələcəyinə güman yoxdusa da, hər ehtimala buna hazır olmalı idi.

İşdə Təzə il bayramıydı. Peters vurnuxurdu. Kağızdan nəlbəki boyda qar dənələri kəsib kitabxananın pəncərələrinə yapışdırır, ordan çəhrayı güləbətinlər asır, metal yağışlar içində dolaşır, arzular, istəklər arasında başını itirirdi. Balaca yolka lampaları onun dombalan gözlərinə əks edir, burnuna küknar və qıtıqotu qoxusu gəlir, açıq nəfəsliyə qar dənələri çırpılırdı. Onu yenə xəyal aparır: tutalım, qızın nişanlısı var. Hə, oğlana yanaşıb yavaşca əlindən tutmaq, adam balası kimi, dava-şavasız ondan xahiş eləmək: Fainadan əl çəkin, qoyun o mənə qalsın, axı sizin üçün nə çətin işdi, siz özünüzə başqasını da taparsınız, axı bunu bacarırsınız. Amma mən bacarmıram. Mənim anam alçağın birisiylə qaçıb gedib, atam masmavi qadınlarla göylərdə uçur, nənəm babamı düyü sıyığıyla yedi, o mənim uşaqlığımı da yedi, mənim bircə uşaqlığımı. Hətta ziyilli qızlar da divanda mənimlə oturmaq istəmədilər. Barı mənəsə də bir şey verin!

Hər yanda döşəcən açıq alma rəni içirdilmiş, xeyir-bərəkət və dinclik vəd edən şamlar yanır, çəhrayı, sarı alovlar başlarını yellədilər, gözlər odlanır, şampan köpüklənir, Faina gitara üstündə oxuyur. Dostoyevski divardakı portretində gözlərini yana çevirirdi. Sonra qarasına Puşkini açmaqla fal açmağa başladılar. Petersə bu düşdü: “Sev mənim neyimi, Adel”. Hamı güldü, dedilər qoy o bizi Adellə tanış eləsin; sonra da öz aralarında qarğabazarı salıb onu unutdular. İndi də bir küncə çəkilib tortdan dişləyə-dişləyə fikrində plan qururdu ki, nə etsin, Fainanı evlərinə necə ötürsün. Məclis dağılışanda, o, qızın dalısınca asılqana cumdu, kürkünü əlindən alıb elə ona sarı da uzadaraq, hələlik ayaqqabılarını dəyişməyinə, alabəzək corablı ayaqlarını içi xəzli rahat çəkmələrə necə keçirməyinə, ağ şərfi boynuna dolamağına, axır, kürkü əyninə taxıb, çantasını çiyninə cəld atmağına baxır, baxdıqca da hər şey onu vəcdə gətirirdi. Qapı çırpılanda nə görsə yaxşıdır: qız əlcəklərdə ona əl eləyir, tez də trolleybusa atılıb ağ boranda yox olur. Ancaq elə bu da vədə oxşayırdı.

Onun qulaqlarına təntənəli zəng səsləri gəlir, gözlərinə indiyəcən görmədiyi şeylər görsənirdi. Bütün yollar onu Fainaya sarı çəkirdi, bütün küləklər onun şəninə ötür, onun tutqun adını qışqırır, dik qrifel damları, bürc və qüllələr üstündə əsir, qardan ilanvari bağa dönüb, onun ayaqları altına atılırdılar və bütün şəhər, bütün adamlar – sular və sahillər, heykəllər və bağlar, körpülər və hasarlar, çuğun qızılgüllər və atlar – hər şey üzük kimi bir yerə dövrələnir, onun istəklisinə zınqırov səsli qış çələngi hörürdülər.

Tərslikdən, onunla birgə qalmaq da heç cür qismət olmurdu. O, güdüb onu elə küçədəcə tutmaq istəyir. Di gəl, zalım qızı yanından yel kimi ötür, ya bir top kimi, fəndgir əlin atdığı qar topası kimi. Üstəlik, onun hər axşam kitabxanaya baş çəkən məşuqu da çox dəhşətli və ağrıyan diş kimi dözülməzdi. Bu diribaş jurnalist büsbütün cır-cır cırıldayan dəri geyimdə, uzunqıç, uzunsaç, dünyəvi lətifələr danışandı, o cümlədən bir rus, alman və polyakın öz arvadlarının en-uzununu necə ölçmələrindən, rusun necə qalib çıxmağından. Jurnalist qəzetdə qısa bir xəbər yazıb yalan fırıldatmışdı ki, guya “sərginin çuğundurçuluğa dair kitablar olan yerindən heç vaxt adam əskik olmur” və guya “sərgiyə gələnlər kitabxanaçı Faina A.-nə kitab dənizinin losmanı adlandırırlar”. Faina adının qəzetə düşməyindən razı halda gülürdüsə də, Peters üzüntü çəkir, ancaq susurdu. Cürət toplayırdı ki, nəhayət, onun əlindən tutub öz evinə aparsın, bir şəhvət seansından sonra gələcək birgə həyatlarını götür-qoy eləsinlər.

Qışın son nəfəsi idi. Nəmiş və canüzən axşamların birində Peters kişi ayaqyolusundakı mexaniki quruducunun verdiyi istidə əllərini qurudarkən, Fainanın koridordakı telefon söhbətini qulağı çaldı. Quruducu silkələnərək susanda, sevimli səsin gülüşü səssizlikdə apaydın eşidildi: “Əşi, yo-ox, bizim kollektiv qadın bazarıdır... Kim? Onumu deyirsən? O, kişi deyil - kökədir, endokrinoloji balqabaq”.

Sev mənim neyimi, Adel. Petersin dünyası birdən elə alt-üst oldu ki, elə bil onu tramvay əzdi. O, vecsiz, saralmış kaşıya, gümüşü çibanlardan şişən köhnə güzgüyə, pas damcılayan krana göz gəzdirdi – həyat axırıncı həqarət üçün düzgün yer seçmişdi. O, cidd-cəhdlə şərfini boynuna doladı ki, boğaz vəzilərini soyuqlatmasın; özünü güclə evə çatdırdı, əlilə nəleyinlərini tapıb geydi, pəncərəyə yanaşdı ki, özünü ordan atsın, bunun üçün hətta bir layı dartışdırdı da. Pəncərə qışa yaxşı tutulmuşdu, kağızlarısa özü yapışdırmışdı deyə, zəhmətinə hayıfı gəldi. Onda gəlib duxovkanı qoşdu, başını çörək qırıntılarıyla bəzəkli tava üstünə qoyub uzandı. Görən, kimsə düyü sıyığı yeməklə onun da xatirəsini yad edəcəkmi? Yadına düşəndə ki, səhərdən qaz yoxdur, xətdə qəza baş verib, Peters itə döndü, barmaqları əsə-əsə dispetçerin nömrəsini yığdı, qorxunc, həm də rabitəsiz tərzdə məişət xidmətindəki yaramazlıqlardan döşədi, sonra babasının kreslosuna çöküb səhərəcən orda bir üzü üstə hərəkətsiz qaldı.

Obaşdan pəncərənin o tayında sakit-sakit quşbaşı qar yağırdı. Peters qara, kirimiş göyə, təzə qar təpəciklərinə baxa-baxa ürəyində sevinirdi ki, nə yaxşı, bir də cavanlıq sürməyəcək.

***

Ancaq aralıq həyətlərdən keçə-keçə yeni bahar gəldi, qarlar ölüb getdi, torpaqdan xoş çürüntü iyi qalxdı, nohurlarda göyümtül ləpələr göründü, Leninqradın cır albalı ağacları ağ-ağ çiçəklərini kibrit çöplərindən düzəldilmiş yelkən gəmilərinin, qəzet gəmiciklərin üzərinə səpdi – axı, onsuz təzə üzüşə arxda başladın, ya okeanda, nə fərqi, əgər bahar çağırırsa, əgər külək hər yerdə eynidirsə? Petersin qaloşları qəpqəşəngdilər,içləri də gülləmiş küpəçiçəyi lətiylə örtülü; hamar rezin lak kimi parıldayır, ona bu dünyadakı torpaq yollarını vafli naxışlarıyla bəzəməyi vəd edirdi – qoy o, xoşbəxtlik dalınca öz yolunu hara salır-salsın. Bu da tələsmədən, əlləri belində daş küçələrlə gəzir, qapılar altından həyətlərin içinə baxır, kanal və çayların havasını qoxulayır, bihəya “gecə-quşları” onu uzun-uzun, heç bir yaxşı şey vəd eləməyən baxışlarla süzür, özlüklərində fikirləşirdilər: eh, bu ki ətəcər-südəcərin, xəstə-avaranın birisidir, qoy rədd olsun.

Ancaq heç onlar da ona gərək deyildilər. Onun təkcə Valentinanı gözü tutmuşdu, bu balaca, qəddarcasına gözəl məxluqu – o, günəşli sahildə durub yaz açıqcaları alanda, xoşbəxt külək ilhamlanıb onun qısa, qara saçlarını gah bir yana yığır, gah dağıdır, gah yenə yığırdı. Peters Valentinanı qarabaqara izləyirdisə də, uğursuzluqdan qorxub yaxınlaşmağa cürət eləmirdi. Qayışbaldır oğlanlar o gözəlçəni gözaltı eləyibmişlər; birdən gülüşə-gülüşə onun yanına qaçdılar, o da atıla-atıla onlarla getdi. Peters öz gözləriyləcə gördü ki, onlar bu dir-dir dingildəyən qıza necə tünd bənövşələr alıb bağışladılar, öz qulaqlarıyla eşitdi ki, onu adıylaca çağırdılar, - o da yerindən qopub küləklə bir uçub getdi. Gülüşənlər tini burulub gözdən itəndə tosqun, bənizi kağız kimi ağ, bir kəs tərəfindən sevilməyən Petersin əli boşda qaldı. Axı, bu ona nə deyə bilərdi – o cür təzə-tər qıza, o cür... əlində də bənövşə? Ölgün ayaqlarla ona yanaşa bilər, pambıq kimi yumşaq əlini ona uzadar: “Peter-s...” – “Əcəb qəribə addır...” – “Məni nənəm belə...” – “Niyə axı nənən...” –“Bir az almancadır...” – “Siz almanca bilirsiniz?” – “Yox, ancaq nənəm...”

Ah, əgər o vaxt almancanı öyrənsəydi! Bax, onda yəqin ki... Onda, əlbəttə... Elə də çətin dildir – sözlər fışıldayır, şaqqıldayır, ağızda sanki bir şey dəbərir, ah, tannenbaum, onu yəqin heç kim bilmir... Amma bax, Pters girişib öyrənəcək, o gözəli heyran qoyacaq...

O, milisionerlərdən çəkinə-çəkinə dirəklərə elanlar yapışdırırdı: “Alman dilini öyrənmək istəyirəm”. Onlar dirəklərdə bütün yayı gündən qarala-qarala, yalançı ayaqcıqlarını tərpəşdirə-tərpəşdirə asılı qaldılar. Peters hərdən o doğma dirəklərə baş çəkir, yağışların pozduğu hərfləri təzədən yazır, qopan yerləri yapışdırırdı. Bay, payızın ortalarında ona zəng çaldılar, bu, bir möcüzəyə oxşayırdı – insan dənizindən iki nəfər peyda oldu, onun sakit, zəif, ağ üstündə bənövşəyi, köndələn səsinə səs verdilər. Ey, çağırmısan? Çağırmışam, çağırmışam! İnadkar-yoğun səslisinə qəti yox dedi və o təzədən heçliyə qərq oldu. Lakin səsi cingiltili xanımdan, Vasilyev adasından olan Yelizaveta Fransyevnadan yerli-yataqlı soruşası ki, hara və necə gəlsin, bir dərs neçəyədir, orda it var, ya yox, çünki o, itdən qorxur.

Hər şeyi əməllicə danışıb-bitirdilər. Yelizaveta Fransyevna bu axşam onu gözləyəcəkdi. Peters hələlik gedib xoşladığı tində Valentinanı güdməyə başladı – o, göz-qulaqdaydı, yaxşı da bilirdi ki, həmişəki qaydada, idman çantasını yellədə-yellədə dördə iyirmi dəqiqə qalmış ordan keçəsidir; qaçıb girəcək böyük qırmızı binaya, başlayacaq orda özü kimi cinquş cavanlarla batutda hoppanmağa. O gəlib burdan sovuşanda heç ağlına da gətirməyəcək ki, dünyada Peters adlı bir kimsənə mövcuddur və o, çox möhtəşəm bir şey düşünüb. Axı həyat yaşamalı həyatdır. Axır bu qərara gəldi ki, yaxşısı budu, gül dəstəsi alsın, böyük, sarı bir gül dəstəsi və yek kəlmə kəsmədən (məhz belə), eləcə baş endirməklə, tanış tində onu Valentinaya uzatsın. “Bu nədir belə? Ah!..” – bax, bu minvalla.

O, sahilə çıxanda külək vıyıldayır, qabağına nə gəlirdisə, aşırırdı; yağış tut ucundan göyə çıxdı. Yağış pərdəsi arxasında nəmli qalanın kiçik qırmızı divarı dururdu; onun donuq qalay mili sirli-dumanlı tərzdə şəhadət barmağı kimi göyə tuşlanmışdı. Yağış axşamdan şoruldayırdı; göylərdə səxavət və qayğıyla su ehtiyatı görülübmüş. İsveçlər bu çürük sahillərdən ayaqlarını çəkəndə, göyü özləri ilə götürməyi unutmuşdular və indi yəqin öz tərtəmiz yarımadalarında oturub – orda mavi və aydın şaxta, qara küknarlar, ağ dovşanlar var – kam alırdılar ki, Peters burada qranitlər arasında, kiflər içində öskürək vurur.

Payızlarda Peters öz doğma şəhərinə ləzzətlə nifrət eləyərdi; şəhər də ona hakəza. Gumbuldayan damlarından buzlu şırnaqlarıyla onun üstünə tüpürər, gözlərini bitib-tükənməz qaranlıq yağışlarla tutar, ayaqları altına ən sulu və ən dərin gölməçələri çıxarar, yağış şapalaqlarını onun koruş gözlərinə, fetr şlyapasına, domba qarnına çəkərdi. Petersin rastına çıxan nəmiş evlər də sanki acıqca zərif, ağımtıl-muncuqvari göbələklərlə, zəhərli mamır məxmərlərlə örtülü olurdu və böyük quldur yollarından uçub gəlmiş küləklər onun islaq ayaqları arasında səkkizvari öldürücü vərəm çöpləri sayaq dolaşırdı.

O durduğu yerdəcə durmuşdu, əlində də gül dəməti. Oktyabr isə sökülüb göylərdən yerə gəlməkdə idi. Qaloşları vannaya bənzəyirdi. Sarı güllərə əziz-əziz üç dəfə doladığı qəzet üzüldü-süzüldü, axıb getdi. Vaxt gəlib yetişdi də, ötüb keçdi də. Ancaq Valentina nə gəldi, nə də gələcəkdi, o eləcə saçdan dırnağa, alt paltaracan, ağ və tüksüz, özü də incə və qırmızı ziyillərlə örtülü bədəninəcən cürünbül halda dayanmışdı.

Saat dördü vurdu. Peters gül dəstəsini zibil qutusuna tulladı. Axı gözlədiyi nədir? Onsuz da artıq anlamışdı ki, almancanı öyrənmək sarsaq bir işdir. Həm də gecdi, gec. Çünki canı buz baltası kimi möhkəm, daş əzələli cavanlar arasında bəslənmiş gözəl Valentina ona yalnız gülə bilər; onu, o yoğun, beli qayışçatmaz adamı basdalayıb keçər də; insanı yandırıb külə döndərən ehtiraslar, şux yeriş, cəld rəqslər, batutda hoppanmaq onun adına yazılmayıb; nə saymazyanalıqla hələ tam açmamış aprel bənövşələri almaq, nə boz Neva sularından əsən günəşli külək, nə cingiltili gülüş, nə cavanlıq onun üçündü; o gərək vaxtında öz nənəsinə evlənəydi, isticə otaqda saat çıqqıltısı altında zəif-zəif közərə və sönəydi, özü də şirin kökələrdən yeyə-yeyə, rahatlıq və əyləncə xatirinə nimçəsinin yanında məxmər dovşanlar oturtmaqla.

Könlündən yemək keçəndə, elə bəxtəbəxt, işıqları adama gəl-gəl deyən balaca bir yeməkxanaya girdi, orda sup götürüb iki dünya gözəlinin böyründə özünə yer elədi; onlar içi soğanlı piroq yeyir və get-gedə soyuyan kakaonun üstündəki tutqun pərdəni püfləyirdilər.

Qızlar, əlbəttə, sevgi barəsində civildəşirdilər və Petersin qulağı İroçka adlı birisinin tarixçəsini çaldı. Guya o, qardaş Yəməndən, ya Küveytdən olan bir yoldaşla uzun müddət eşq yapmışdı ki, bəlkə onunla evlənə. İroçka eşidibmiş ki, onlar tərəfdə, Ərəbistan torpaqlarında qumlu çöllərin hər qarışı neftdir, orda özünə hörmət qoyan hər kişi milyonerdir və ayaqyolusunun oturacağı belə qızıldan olan məxsusi təyyarədə uçur. Bax, o qızıl ayaqyolu oturacağı İroçkanın ağlını sərdən eləmişdi. İroçka Yaroslavl vilayətində boya-başa çatmışdı, o yerdə ki, rahatlıq deyilən şey üç divardan ibarətdir və dördüncü əvəzinə noxudluq mənzərəsi açılır, hərçənd ona baxıb “necə də əngindir” deməmək olmur; deyirsən əlbət İ. Y. Repinin tablosudur. Di gəl, evlənmək bu ərəbin heç qulağına girmirdi. İroçka məsələni qəti qoyanda, sərt cavab alıbmış: “Ah, belə? Başqa şey istəmirsən? Xoş gəldin!” və sair və ilaxır. Sonra da İroçkanın miskin əski-üsküsünü qoltuğuna verib yola saldı. Peters qızlar üçün sanki yerli-dibli yoxdu. O, qulaq asdıqca bu naməlum İroçkanın halına yanırdı, gah üfüqlərdəki qaranlıq, canavar dolu meşələrlə dövrələnmiş, şimal günəşinin mavi parıltısı altındakı xoşbəxt sakitlikdə əriyən geniş Yaroslavl noxudluqlarını, gah milyon-milyon qum dənələrinin quru, qəmgin fitləşməsini, səhra tufanlarının sərt gücünü, buraların tezçökən qaranlığındakı qəhvəyi Günəşi, ölüm küləklərinin gətirdiyi və ya çoxdan ölüb getmiş cadugərlərin ovsunladığı unudulmuş ağ imarətləri gözləri qabağına gətirirdi.

Qızlar Olya və Valerinin aralarındakı çəkişmələrə, Anyutanın həyasızlıqlarına keçəndə, bulyonunu içib qurtarmış Peters də ağzını ayırıb lal-dinməz həmin söhbətlərə adladı. O kimlərinsə sirlərinə yaxındanca bələd olur, həmin sirlərin qapısı ağzında nəfəsini qısıb dayanırdı. O, möcüzəli kinodakı kimi hər şeyi uzaqdan-uzağa qavrayır, qoxuyla, təmasla bilirdi. Tanınmaz üzlərin səyriyib ötməsi, incik gözlərdəki yaş, təbəssüm alovlanmaları, saçlardan çəhrayı və yaşıl qığılcımlar qoparan Günəş, şəfəqdəki toz, yaxınlıqda cırıldayan parketin hərarəti – bu yad, xoşbəxt və canlı həyat necə də yaxındı, lap əl uzatsan çatar.

- Qarnımızı bərkitdik, di durun əkilək burdan! – gözəlçənin biri o birinə göz elədi. Onlar şəffaf çətirlərini tamam özgə, ali-məqam bir mövcudluğun nişanəsi kimi açıb yağışa üzdülər və göylərdə, buludlar dalındakı, gözdən uzaq maviliklərdə qərq oldular.

Peters plasmas stəkandakı üstü diyirt kağızdan götürüb ağzını sildi. İti sel üst-üstə qalanmış ağır daşları ötüb keçdiyi kimi, həyat da səs-küy sala-sala onu adlayıb keçdi və haralardasa qeyb oldu.

Xadimə stolların üstündən səmum yeli təki əsdi, iyirmi bulaşıq nimçəni cəld qapıb, əsgisini az qala Petersin üzünə çırpa-çırpa yağ qoxulu havada əriyib itdi.

- Məndə nə günah, - indi Peters sanki kiməsə məlumat verirdi. – Qətiyyən günahım yoxdur. Mən də istəyərəm bir işin qulpundan yapışım. Qoymurlar! Bir kimsə mənimlə oynamaq istəmir. Axı nəyə görə? Mən hər zəhmətə qatlaşar, qələbə də çalaram.

O, çölə - buzlu sıçrantıların, üzə çarpan şaxtalı suların altına çıxdı. Qələbə çalaram. Qalib gələrəm. Qalib çıxaram... Dişimi-dişimə sıxıb maneələri büsbütün dəf edərəm. Allah haqqı, öyrənərəm, o lənətə gəlmiş dildə bülbül kimi ötərəm. Orda, Vasilyev adasındakı Leninqrad nəmişliyində Yelizaveta Fransyevna qatış-bulaş alman ləhcəsində, dili topuq çalmadan öz-özünə danışır, suiti, ya su pəriləri sayağı üzə-üzə onu gözləyir. İndi o gələcək və birgə qır-qır edəcəklər. Ah, tannenbaum! Təkrar edirəm: ah, tannenbaum! Hə, dalı necə gəlir?.. Gələrəm, bilərəm.

Neyləmək olar, əlvida, Valentina və onun diribaş cici-bacıları, indi qarşıda təkcə alman qarısı durur. Üz qoydu getməyə... Peters öz yolunu islaq bir şəhərdə dolambac iz kimi təsəvvür eləyirdi; uğursuzluq bu izlə dabanların vafli möhürünü qoxulaya-qoxulaya qaçırdı. Yolun qurtaracağında qarı dayanmışdı. O, taksi saxlayıb taleyi çaş-baş salmaq üçün yağışın içiylə ona sarı üzdü. Onun ayaqlarından buğ qalxırdı. Şofer qaş-qabaqlıydı və adam heç minməmiş ordan düşmək istəyirdi. Çaq-çaq-çaq-çaq – sayğac dil boğaza qoymadan pul yazmağa başladı.

- Burda saxlayın.

Qapıçı yağlı bir yerin keşiyini çəkirdi. Yarımzirzəmidən boğuq musiqi sədaları qalxır. Oradakı lampalar pəncərələrdən içi zəhərlə dolu uzun qablar şəklində görsənirdilər. Bayırdakı yağış burulğanlarında cavanların dişləri dişlərinə dəyir – onların hamısı Valentinanın əlini əlinə almaq iddiasında bulunanlardı, - əlvida, Valentina. İçəridə qətiyyən yer yoxdusa da, qapıçı, mötəbər cüssəsinə aldanıb, Petersi içəri buraxdı və o keçəndə, yanlardan bir cüt başqası da özünü ora dürtdü. Yox, balam, yaxşı yerdir. Peters kamali-ədəblə şlyapası və plaşını çıxartdı, baxışıyla kiməsə ovcuna bir şey basacağını vəd edib, gur-gur guruldayan zala keçdi və burnuyla cib dəsmalını şeypurlamaqla öz gəlişini içəridəkilərə xəbər verdi. Əntiqədi buralar! Bacardıqca özünə kokteylin ən çəhrayısını götürdü, Budda məbədi şəklində pirojna seçdi, qarnı şişənəcən içdi; bir dişdəm götürürdüsə, ondan beşqatını içir, hey içirdi. Yaxşı yerdir, çox yaxşı. Birdən dirsəyi altında bir kəpənək-qız peyda oldu. O hardansa havadan, rəngli siqaret tüstüsündən düyünlənib düşmüşdü. Üstendə işıqlar yanıb-söndüyündən qırmızıya, yaşıla çalan geyimi səhləb çiçəyi kimi açmışdı və kirpikləri qanad kimi çalır, nazik biləklərində bilərziklər cingildəşirdi – o, axır nəfəsinəcən Petersə sədaqətli olacaq. Peters əl elədi: həmin çəhrayı spirtdən birini də. Sözlə deməyə qorxurdu ki, qızı, o ecazkar pərini, uçağan çiçəyi ürküdər. Onlar lal-dinməz oturub, bir-birinə heyrətlə baxırdılar; yalnız keçi və mələk rastlaşanda bir-birinə elə heyrətlə baxar.

O yenə əl elədi – bu dəfə ət gətirsinlər.

- G-he, - Peters göylərə yalvarırdı ki, öz elçisini tez-tələsik geri çağırmasın. – Uşaqlıqda mənim məxmər dovşanım vardı, o, əsl dost idi. Mən ona nə qədər şeylər vəd eləmişdim! İndisə “alman dili”nə gedirəm, k-he.

- Mən məxmər dovşanları sevirəm, onlar gülməlidən gülməlidilər, - pəri soyuq-soyuq qeyd elədi.

Peters onun sarsaqlığına mat qaldı: dovşan gülməli ola bilməz, o ya dostdur, ya da bir heç – içinə taxta kəpəyi doldurulmuş torbacıq.

- Biz kart da oynayardıq, mənə həmişə pişik düşərdi, - Peters xatırladı.

- Elə pişik də gülməlidən gülməlidir, - qız gözlərini zalda səyirdə-səyirdə sözləri yaxşı bildiyi dərs kimi əzbərdən deyirdi.

- E, yox! Elə niyə? – Peters hirslənib etirazını bildirdi. – İş onda deyil. Mən o mənada demədim. Mən həyatı deyirəm, daim şirnikləndirir: göstərir, alır, göstərir, alır. Bilirsiniz, bu nəyə oxşayır – vitrinə: par-par parıldayır, ancaq ağzı qıfıllıdır. Ondan heç nə götürmək olmaz. Ancaq soruşan gərək – niyə axı?

- Siz də gülməlidən gülməlisiniz, - bu laqeyd qız tərs damarı tutubmuş kimi, heç onu dinləmədən, öz sözünü deməyindəydi. – Bay, sizin nəyinizsə yerə düşdü.

Peters stolun altına girib, axır ki, ordan çıxanda, gördü mələk qeyb olub, onunla da bahəm – özünün içi dolu pul kisəciyi. Məsələ gün kimi aydındı. Deyir, olacağa nə çarə. Ayrı cür ola bilməzdi də. Yemək qalığı qənşərində, Peters çamadan kimi hərəkətsiz oturmuşdu. Kimlərəsə hər şeyi necə açıb söyləyəcəyini, barmenə nə cür yalvaracağını fərz eləyəndə, ayıldı, - üstəlik də, qarderobçunun nifrəti və istehzalı təbəssümləri, - plaşının batlaq ciblərindəki nəm manatların quyruğundan tutacaq, balıq kimi astar altına üzüb getmiş xırda pulları çırpacaq... Musiqi maşınları – tappıldayır, təbillər çırpılmaqla kiminsə ehtirasının cuşa gəldiyini xəbər verirdi; kokteyl eləcə onun qulaqlarından uçub getdi. Quqquluqu! Bax, belə.

Sən nəsən, həyat? Səssiz Çin kölgələri teatrısanmı, zəncirvari yuxu, ya lotu dükanısanmı? Yoxsa qismətsiz sevgi payısan – mənim alnıma yazılan elə budurmu? Bəs xoşbəxtlik? Xoşbəxtlik nə olan şeydir? Ey qədirbilməz, sən sappasağsan, ağlayır –gülür, sevirsən, nəyəsə can atır, yıxılıb-durursan, bunlar sənə azdırmı? Necə-necə?.. Azdır?! Eləmi? Budey, onda heç nə görməzsən.

- ...Gözləyirəm! Gözləyirəm! – Yelizaveta Fransyevna – bu cingöz və burmasaç nənəcan cəftələri, kilidləri aça-aça qışqırdı, soyulub talanmış, naməlum, qorxulu, boğazacan, tarım bağlanmış üst düyməyəcən bədbəxtliklə dolu Petersi içəri buraxdı.

- Bura gəlin, buraya! Vaxtı fövtə vermədən başlayaq! Bir bu divandaca əyləşin. Demək, əvvəl loto, sonra çay. Elədimi? Tezcənə kart götürün. Hə, keçi kimdədir? Məndədir keçi! Bə firəngtoyuğu?

İndicə onu gəbərdəcəyəm, - Peters özlüyündə qət etdi. Yelizaveta Fransyevna, bir o yana baxın, indi sizi öldürəcəyəm. Sizi və rəhmətlik nənəmi, o ziyilli qızı, Valentinanı, qəlp mələyi, hamını, hamını – kim vəd verib aldadıb, əvvəl gəl-gəl deyib, sonra atıbsa, bütün tosqun və tövşüyənlər, pəltək və fərsizlər adından, bütün qaranlıq anbarlara salınmışlar, şənliklərə aparılmayanlar adından öldürəcəyəm. Yelizaveta Fransyevna, hazırlaşın, mən indi o üstü tikməli balışla sizi boğacağam. Bunu heç kəs bilməyəcək də.

- Fransyevna-a! – birdən qapını yumruqla döyəclədilər. – Üç manat ver, sənin əvəzinə dəhlizi yuyum!

Köpü yatanda, Peters balışı bir kənara qoydu. Könlündən yatmaq keçirdi. Gözünü “Ev heyvanları” kartına zillədi. Qarı pulları xışıldadırdı.

- Nə fikrə getdiniz? Pişik kimdədir?

- Pişik məndə, - Peters candərdi dedi. – Kimdə ola bilər axı? – o, karton pişiyi ovcunda sıxıb yanpörtü ordan çıxdı.

Eh, qoy bu həyat deyilən şey cəhənnəm olsun! Yuxulamaq və yatmaq. Yatmaq, bir də heç vaxt ayılmamaq.

Bahar gəlir, sonra gedirdi, sonra yenə gəlir, mavi çiçəklərini çəmənlərə sərir, əl eləyib adamı yuxunun içindəncə çağırırdı. “Peters! Peters!” – ancaq hardasan-burdasan, o, daş kimi yatır, heç nə eşitmirdi.

Yay gah öz xışıltılarıyla bağlarda ağayana gəzir, skamyalarda oturur, gah da çılpaq ayaqlarla tozda veyillənir, Petersi qızmış küçələrə, isti körpülərə çağırırdı; cökələrin səsində, qovaqların əsimində pıçıldayır, bərq vururdu. Çağırdı, çağırdı, çağırdı, lakin səsinə səs verən olmadı: onda ətəyini əlinə alıb üfüqün işıqlı səmtinə üz tutdu.

Həyat barmaqları ucunda təəccüblə pəncərəyə boylanırdı: Peters niyə yatıb, görən, niyə onunla sərt oyunlar oynamağa çıxmır?

Ancaq Peters hey yatır, yatır, yuxu içində yaşayırdı; gah ağzını səliqəylə silə-silə göyərtili yeməklər yeyir, südlü aşlar içir, gah ölgün üzünü qırxırdı – kip qapalı ağzının dövrəsini, yumru gözlərinin altını. Günlərin bir günü babam mənə kor dedi, bir növ şəbbədənxeyir, soyuqqanlı, iri qılçalı, adı yaddaqalmaz sumbatlı bir qadına evləndi. Bu qadın adamlara ciddi nəzərlərlə baxırdı, çünki yaxşı bilirdi: hamı bir nəfər kimi fırıldaqçıdır – heç kəsə etibar yoxdur. Onun pul kisəsindən də kifsimiş çörək qoxusu gələrdi.

O, Petersin əlindən, bir vaxt onun nənəsi kimi, bərk-bərk yapışıb, özüylə hər yerə aparırdı. Bazar günləri heyvanat muzeyinə yollanar, uğultulu, ancaq nəzakətli salonlarda donub qalmış yunlu siçanlara, balinanın ağ sümüklərinə baxardılar. Adi günlərdə mağazalara girər, sarı rəngli ölü vermişellər, qocafəndi qəhvəyi sabunlar alar və qüssə kimi qatı, Ərəbistan səhralarının qumu kimi sonsuz və yapışqan, özlü bitki yağının qıfın boğazından necə süzülməsini seyr edərdilər.

- Ey, bura gəl, - qadın satıcını imtahana çəkərdi. – Bu çolpalar necə şeydilər – buzlanmışlardan deyil? Bir bax, onu ver.

Sonra həmin “bax o” girirdi onun kif qoxuyan çantasına. Yatmış Peters də sopsoyuq – nə sevgi və sərbəstlik, nə yaşıl çəmən dadmış, nə də rəfiqəsinin yumru və şən gözlərindən kam almış beçəni evə aparırdı. Evdə Peters bu sərt qadının qırğı baxışları altında, bıçaq-baltayla o yazığın döşünü yarmalı, ordan sürüşkən buz ürəyi, ağ ciyər qızılgüllərini, mavi nəfəs saplağını çıxarmalıydı: qoy onun doğulub ümid bəsləməyi, təzə-tər qanadlarını tərpətməyi, yaşıl şahanə quyruq, inci dən, qızılı şəfəqlərin oyanan dünyanın üstünə tökülməsi arzuları yaddaşlardan həmişəlik silinib getsin.

Ancaq yaylar və qışlar axıb gedir, əriyib sönür, gözdən itir, uzaq-uzaq evlərin üstündə qövsi-qüzehlərin ilmələri asılır, şimal meşələrindən cavan və acgöz boranlar basqn edir, vaxtı qabağa itələyirdilər və axır elə gün gəlib çatdı ki, iri qılçalı qadın Petersi atıb getdi, qapını astaca örtüb çıxdı ki, gedib bir başqasına sabun alsın, qazan assın. Onda Peters gözlərini ehtiyatla açıb ayıldı.

Saat çaqqıldayır, şüşə dəstidəki kompotda bişmiş meyvə qırıqları üzürdü; nəleyinlər gecə ərzində soyumuşdular. Peters özü-özünü əlləşdirib, barmaqları və saçlarını bir-bir saydı. Təəssüf hissi tez görünüb, tez də yox oldu. Onun bədəni hələ də ötüb keçmiş illərin tənhalığını, təqvimin qatı yuxusunu xatırlayırdısa da, könül lətinin dərinliklərində çoxdan unudulmuş, nəsə hələ cavan, hamıya tez inanan bir şey canlanır, ocaq səkisindən qalxır, silkinib gülümsəyirdi.

Qoca Peters pəncərə çərçivəsini itələyəndə, göy şüşə cingildədi, ətrafa min cür sapsarı quş uçdu, çılpaq qızıl bahar gülə-gülə onun üstünə qışqırdı: qaç, çat, qaç çat! Təzə uşaqlar gölməçələrdə vedrəciklərlə əlləşirdilər. Peters artıq heç nə arzulamadan, heç nəyə də təəssüflənmədən, həyata minnətdarlıqla gülümsəyirdi – bir yanını qaçaq qoyan, laqeyd, nankor, yalan, masqaraçı, biməna və yad, bununla belə gözəl, gözəl, gözəl həyata.

# 1317 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #